Türkiyəyə 34 milyard ziyan dəyib

“İlkin qiymətləndirmələrə görə, yanğınlar Türkiyə iqtisadiyyatına 300 milyard lira (34 milyard 800 milyon dollar) ziyan vurub. Bu haqda qardaş ölkədə yerli mətbuat xəbər yayıb. Daha konkret rəqəm isə yanğınlar tam başa çatdıqdan sonra rəsmi ekspert qiymətləndirmələri nəticəsində bəlli olacaq. Amma bütün hallarda dəymiş ziyanın məbləği böyükdür və bu, Türkiyənin mövcud valyuta ehtiyatlarının yarısından çoxunu təşkil edəcək”.
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclis deputatı Vüqar Bayramov deyib. İqtisadçı diqqətə çatdırıb ki, qardaş ölkə bu ziyanı da kompensasiya etmək və sınaqdan çıxmaq gücünə malikdir:
“Bununla yanaşı, belə gözlənilməyən ziyanlar istənilən ölkədə dövlət yığımlarını azaldır və potensial investisiya layihələrinin sayına təsir edir.
Əslində, pandemiya təsirlərinə baxmayaraq, Türkiyə 2021-ci ilə pozitiv tendensiya ilə başlamışdı. Bu ilin ilk 5 ayının yekunlarında qardaş ölkədə sənaye istehsalı indeksi illik 40.7, aylıq isə 1.3 faiz artmışdı. Ümumi Daxili Məhsul isə bu ilin birinci yarısında rekord səviyyədə 7.0 faiz böyümüşdü. Həmin müddətdə informasiya və kommunikasiya sektoru isə 18.1 faiz artaraq Türkiyə iqtisadiyyatında ən çox böyümə ilə yadda qalmışdı. 
Aqrar, meşə və balıqçılıq sektorunda isə 7.5 faiz böyümə qeydə alınmışdı. Bu isə ondan xəbər verirdi ki, 2020-ci ildə iqtisadi artım tempini qoruyub saxlaya bilən Türkiyədə bu ildə də iqtisadi hədəflər kifayət qədər böyük idi”.
Millət vəkili bildirib ki, yanğınların neqativ təsirlərinə rəğmən Türkiyənin daha qısa zamanda iqtisadi ziyanları aradan qaldıra biləcəyi gözlənilir:
“Amma bütün hallarda qardaş ölkəyə dəyən belə ziyanlar Türkiyənin iqtisadiyyatı üçün uzun müddətli dövrdə də arzuolunan deyil”.


Oxşar Xəbərlər

Xəbər lenti