Müəllimə hörmət cəmiyyətin işıqlı gələcəyinin təminatı kimi… -Əflatun Məmmədov yazır

“Müəllim görünməyən əllə cəmiyyətin gələcəyini yazan sehirli bir qələm misalıdır. Onu idrak edib anlayanlar yalnız sabahın insanlarıdır.”


Hər bir cəmiyyətin gücü, onun mədəni-mənəvi səviyyəsi, təhsilə, xüsusilə də öz müəlliminə verdiyi dəyər qədər ölçülür desək yanılmarıq. Çünki müəllim yalnız dərs demir, o gələcəyin insanını yoğurur. Bəli, bu günün uşağı sabahın həkimi, gələcəyin mühəndisi, alimi, vətəndaşı olacaqsa, onun arxasında müəllimin birbaşa alın təri, zəhməti və əzmkarlığı durur.


Müəllim əməyi, bu qəbildən yanan bir şam kimidir, başqalarına işıq saçarkən özü yavaş-yavaş əriyir. Verdiyi bilik, qazandırdığı dəyər ilə örnəkmisal davranışları cəmiyyətin mənəvi mayasını təşkil edir. Müəllim əməyi, eləcə də əkinçi misalı kimidir, onun toxumu münbit şəraitdə cücərər - gələcəyin əsas insan kapitalına dönüşər.


Əgər bir xalq, öz müəllimini hörmətli tutub, onun əməyini layiqincə qiymətləndirərsə, belə bir cəmiyyətin gələcəyi aydın, yolu işıqlı olar. Şübhəsiz ki, müəllimi ucadan danışan cəmiyyətlərin inkişafı qaçılmazdır.


Bu gün inkişaf etmiş ölkələrdə müəllim cəmiyyətin bel sütunu sayılır. Onlara yalnız yüksək maaş deyil, ən əsası, onlara layiq - yüksək mədəni-mənəvi status verilir. Fikirləri dinlənilir, sözlərinə dəyər verilir. Çünki ağlın yolu birdir- müəllimi dəyər görən cəmiyyətlər, gələcək nəslə öyrənib-öyrətmək ruhu aşılamış olur.


Həmçinin müəllimin zəhmətinə layiqli qiymət verən bir cəmiyyət, öz kökünü dərinləşdirən bir ağac kimidir. Meyvəsi cəmiyyətin layiqli insan kapitalı ilə qurulan bilik iqtisadiyyatıdır. Unutmayaq ki, elm başa tacdır, onu ancaq layiqli başlar üstündə gəzdirər. Bu isə o deməkdir ki, yalnız müəllimi dəyərli tutulan cəmiyyətlərin yüksəlişi mümkündür.


Beləliklə, bir millətin böyüklüyünü bilmək istəyiriksə, müəllimin cəmiyyətdə tutduğu statusa, layiq görüldüyü yerə baxmalıyıq. Bəli, o millətin böyüklüyü də, öz müəlliminin əməyinə verdiyi dəyər ilə ölçülür. Əslində isə, müəllim əməyinə verilən o dəyər, cəmiyyətin, elə özü-özünə verdiyi dəyərdir.


Sonsöz:

Müəllimini ucaldan xalq, öz gələcəyini ucaltmış olur. Əgər biz övladlarımızın işıqlı gələcəyini, parlaq sabahını istəyiriksə, bu gün müəllimlərimizi başa tac etməli, onları maddi-mənəvi dəstəkləməli, haqq və hüquqlarını hər yerdə qorumalı, bu istiqamətdə praktik və adekvat addımlar atmalıyıq. Unutmayaq ki, cəmiyyətin gələcəyi, müəllimin birbaşa qələmi ilə yazılır…


“Qüvvət elmdədir, başqa cür heç kəs, 

  Heç kəsə üstünlük eyləyə bilməz.” 

  Nizami Gəncəvi



Oxşar Xəbərlər

Xəbər lenti