Yeni ilə qədər II Qarabağ müharibəsinin iştirakçılarına veteran statusu veriləcək

“Həm I, həm də II Qarabağ Müharibəsində iştirak edib şəhid, qazi, veteran olan hər kəs eyni status daşıyır”.
Sozcu.info xəbər verir ki, bu fikirləri Sozcu.info-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Deputat qeyd edib ki, I Qarabağ müharibəsi veteranlarının aldıqları aylıq 80 manat müavinət II Qarabağ müharibəsi qazilərinə də veriləcək:
“Sadəcə, siyahıda dəqiqləşmə gedir. İlkin mərhələdə onlara da 80 manatın verilməsi planlaşdırılır. Gələcəkdə artırılıb-artırılmamasına baxılacaq. Nə qazilərin, nə şəhidlərin, nə veteranların - heç birinin statusunda fərq yoxdur. Qanun hamı üçündür”.
II Qarabağ müharibəsi iştirakçılarına veteran statusunun hələ də verilməmə səbəbinə aydınlıq gətirən komitə sədri deyib ki, bu, bəzi iştirakçıların müalicələrinin tam bitməməsi, əlilik dərəcəsinin müəyyən edilməməsi və dəqiqləşmə işlərinin aparılması ilə bağlıdır.
“Çünki əliliyi müəyyən edilənlər veteran olmur. Veteran statusu ancaq müharibədə iştirak edib, hansısa xəsarət alan, amma əliliyi olmayanlara verilir. Yəqin ki, yaxın günlərdə, yeni ilə qədər artıq bununla bağlı qərar veriləcək”.


Oxşar Xəbərlər

Xəbər lenti