8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Görkəmli Azərbaycan şairi, qırmızı bolşevik terrorunun qurbanı olmuş Mikayıl Müşfiqin dağıdılmış heykəli bərpa olunub.
Qeyd edək ki, qırmızı terrorun qurbanı olan şairin Bakıdakı abidəsi "Azəravtoyol” ASC tərəfindən Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan fevral ayının 27-də dağıdılmışdı. Abidənin sökülməsindən hiddətlənən əksər ziyalılar, memarlar, ictimai xadimlər bunu vandalizm aktı və şairin ruhuna hörmətsizlik kimi qiymətləndirmişdilər. Məsələyə qarışan Azərbaycan prezidenti İlham Əliyev bunun hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyatı orqanlara tapşırıq vermişdi. Bu səbəbdən də 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti həyata keçirmədiklərinə görə cəzalandırılmışlar. MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu isə tutduğu vəzifədən azad edilib. Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayevanın qranitdən hazırladığı Mikayıl Müşfiqin abidəsinin bərpası ziyalıların, memarların, ictimai xadimlərin etirazının nəticəsi kimi təqdim olunsa da, əslində bu məsələdə söz sahibi filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz xanımPaşayeva idi. Məhz professor Nərgiz xanımPaşayeva Mikayıl Müşfiqin abidəsinin sökülməsini kəskin tənqid etməklə, baş verənləri vandalizm və barbarlıq adlandırmış bu işdə günahkarların cəzalandırılmasını tələb etmişdir.Məhz buna görə də Mikayıl Müşfiqin abidəsinin bərpasında ən böyük pay sahibi Nərgiz xanım Paşayevadır. Ümumiyyətlə, professor Nərgiz xanım Paşayeva ziyalı və vətəndaş mövqeyi ilə seçilir, xalqımızın rəğbətini qazanır.
Mikayıl Müşfiqin "Azəravtoyol” ASC tərəfindən dağıdılmış abidəsinin məhz ziyalıların tələbindən sonra bərpası isə qırmızı bolşevik terrorunun qurbanı olmuş böyük şairinin əsl bəraəti hesab oluna bilər. Qeyd edək ki, 29 yaşında qırmızı bolşevik terrorunun qurbanı olan Mikayıl Müşfiq ilk bəraətini digər terror qurbanları ilə birlikdə Sovet İttifaqında baş verən hakimiyyət dəyişikliyindən sonra alıb. Stalindən sonra Sovet dövlətinə başçılıq edən Nikta Xruşov öz hakimiyyətini möhkəmləndirmək üçün rejimin bütün cinayətlərini özündən əvvəlki rəhbərlərin üzərinə atıb, və rejim qurbanlarına bəraət verilib. Sonradan, 1970-ci ildə şairə abidə də qoyulub. Bütün bunlar yuxarıların təşəbbüsü ilə baş verib.
İlk dəfə olaraq Mikayıl Müşfiqlə bağlı təşəbbüs hökumət dairələrdən deyil, cəmiyyətin aparıcı təbəqəsi olan ziyalılardan gəldi. Bu mənada Mikayıl Müşfiqin abidəsinin bərpasını şairin qırmızı bolşevik terroru olmasından sonra əsl bəraəti hesab oluna bilər. Bu olay həm də Azərbaycan cəmiyyətinin bütövlükdə öz tarixinə, mədəniyyətinə və ədəbiyyatına sahib çıxmasının təzahürü kimi qəbul olunmalıdır. Bu proses həm də xalqın mədəniyyətinə, tarixinə, ədəbiyyatına laqeyd, bəzən isə yabançı münasibət bəsləyən məmurlara ciddi dərsdir.
Bu proses zamanı "Azəravtoyol” ASC-nin rəhbər şəxslərindən heç kimin cəzalandırılmaması təəssüf doğurur. Halbuki, Mikayıl Müşfiqin abidəsinin dağıdılmasında Səhmdar Cəmiyyətin rəhbər şəxslərinin məsuliyyəti, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktorundan az deyil. Ancaq nədənsə hər dəfə belə hallarda cəzalandırılan ancaq kiçik vəzifəli şəxslər olur. Böyük cinəyatkarlar isə pərdə arxasında qalır. İctimaiyyət baş verən hadisəyə görə ilk olaraq "Azəravtoyol” ASC-nin sədri, sabiq nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunan Saleh Məmmədovun, sədrin müavini Əvəz Qocayevin cəzalandırılmasını gözləyirdi ictimaiyyət. Yeri gəlmişkən qeyd edək ki, adı müxtəlif qalmaqallarda hallanan Əvəz Qocayev məhz Ziya Məmmədovun əmri ilə "Azəryolservis” ASC-nin sədr müavini vəzifəsinə gətirilib. Bu sayaq şəxslərin rəhbərlik etdiyi bir ASC-nin böyük şairin abidəsini dağıtması heç kimə təəccüblü görünməməlidir. Təəccüblü olan hal isə belə şəxslərin cəzasız və vəzifə başında qalmasıdır. Mövzu ilə bağlı cəmiyyətin həsaslığını gündəmdə saxlamağa və "Azəravtoyol” ASC-nin rəhbər şəxsləri ilə bağlı redaksiyamıza daxil olan məlumatlar ətrafında araşdırma aparmağa davam edəcəyik. Araşdırmamızın nəticəsini oxucularımızla tanış edəcəyik.
Yeni Sözçü