MTRŞ sədrinin tənqidlərinə aparıcılardan cavab gəldi

 

"Baxmağa normal veriliş tapa bilmirəm”. Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli report.az saytına açıqlamasında bildirib. MTRŞ sədri həmçinin qeyd edib ki, onu narahat edən məsələlərdən biri də televiziyalarda tibbi klinikalarla bağlı verilişlərin artmasıdır. O bildirib ki, sağlamlıqla bağlı verilişlərdə həddindən çox və eyni xarakterli statistik ifadələr təkrarlanır: "Düzdür, sağlamlıq verilişləri vacibdir. Amma bu cür proqramlar həddən artıq ifrata varanda öz məqsədinə çatmır, əks-effekt yaradır. Çox təəssüf ki, bu məsələdə ifrata varılır”.


Şura sədri qeyd edib ki, günün müəyyən saatlarında televiziya kanallarında eyni formatlı verilişlərin yayımlanması yalnız Azərbaycanda deyil, bütün dünyada mövcud olan sistemdir:


"Bizim televiziya kanalları da xarici ölkə TV-lərinə baxırlar və ona uyğun addımlar atmaq istəyirlər. Televiziyalarda mətbəx verilişləri də həddən artıq çoxdur. Bu, məni narahat edir. Amma bu, təkcə bizim ölkədə deyil, digər ölkələrdə də televiziya aləminə xas olan xüsusiyyətdir. Mən təxminən saat 12:00-dan saat 18:00-dək efirimizdə baxmağa normal veriliş tapa bilmirəm. Çünki daha çox mətbəx və sağlamlıqla bağlı verilişlər olur”.


Qeyd edək ki, MTRŞ sədrinin bu açıqlamaları müzakirələrə səbəb olub. Bir çoxları qurum sədrinin fikirləri ilə razılaşdığını, televiziyalarda yayımlanan verilişlərin keyfiyyətinin aşağı olduğunu qeyd edirlər.


"ARB TV”nin strateji inkişaf və media direktoru İsmayıl Həsənov "Yeni Müsavat”a danışaraq məsələyə öz mövqeyini bildirib:


"Nuşirəvan müəllimin fikirlərinə hörmətlə yanaşırıq. Nəzərə alaq ki, hazırda yay mövsümüdür və efirlərdə əsasən təkrarlar, filmlər yayımlanır. Hamı kimi biz də yeni mövsümə ciddi olaraq hazırlaşırıq və televiziyamızın maddi-texniki imkanları çatdığı qədər maraqlı, rəngarəng, geniş tamaşaçı auditoriyasına hesablanmış verilişlər yayımlamağa hazırlaşırıq. İnanırıq ki, yeni mövsümdə tele-mühitimiz daha maraqlı olacaq, hər bir tamaşaçının izləyə biləcəyi verilişlər yayımlanacaq”.


Aparıcı Murad Arif isə qeyd etdi ki, bu gün televiziya və radio sosial şəbəkələrə uduzmuş durumdadır: "Bir şoumen, aparıcı, bəstəkar kimi deyə bilərəm ki, hansısa bir işimin reklamını internet resuslarında aparmaq daha maraqlı gəlir, nəinki hansısa televiziya kanallarına müraciət etmək. İnternet azaddır və sərbəstliyi ilə cəlbedicidir. Bu təkcə bizdə deyil, bütün dünyada baş verən prosesdir. Tele-məkanda baxmağa veriliş olmaması məsəsləsinə gəldikdə isə sadəcə olaraq keyfiyyəti, ziyalılığı çoxaltmaq lazımdır. Şəxsən mənim özümün də bəyənmədiyim verilişlər var. Lakin görürük ki, bir çox ziyalı, savadlı, zövqlü olan verilişlər sıradan çıxmaqdadır. Niyə o cür verilişləri bağlayırlar? Bu sualların cavabını tapsaq mənə elə gəlir ki, çox həqiqətləri ortalığa çıxardacağıq.


Bilirsiz, hər zaman tamaşaçının da nazı ilə oynamaq doğru deyil. Zaman-zaman tamaşaçıların nazı ilə çox oynadılar və bu gün nəticəsini yaşayırıq. Əgər bir kanal qarşısına məqsəd qoysa ki, yalnız keyfiyyətli verilişlər ortaya qoyacaq, digər kanallar verməsin, təbii ki, tamaşaçı yenə o biri kanala baxacaq. Buna görə də bütün televiziya kanalları bir araya gəlib, zövqlü iş uğrunda çalışmalıdırlar.


Məsələn, mənim çalışdığım "Lider TV”-da çox açıq-saçıq, bayağı verilişlərə rast gəlinmir. Təbii ki, dövlət televiziyasında da bu cürdür. Gəlin yeni mövsümü gözləyək. İnanıram ki, yeni verilişlər, yeni simalar olacaq, nəhayət ki, qızıl açarı tapa biləcəyik. Yəni həm tamaşaçını maraqlandıra, həm də ziyalılığı qoruyub saxlaya biləcəyik".


Murad Arifin sözlərinə görə, verilişlərin keyfiyyətli olması aparıcılardan çox asılıdır:


"Aparıcı bayağıdırsa, dünya görüşü yoxdursa, dil bilgiləri azdırsa, o verilişin kontekstinə, abı-havasında təsir göstərəcək”.


Aparıcı Elgiz Əkbər isə MTRŞ sədrinin tənqidlərini normal qarşıladığını dedi:


"Çalışmışam ki, bu cür iradlardan həmişə bir nəticə çıxardım. Və heç vaxt şəxsən mənim verilişimi tənqid edən insanlara kəskin, aqressiv cavab verməmişəm. Təbii ki, hamının zövqünü oxşamaq, razı salmaq çox çətindir. Ölkəmizdə kanalların sayı çoxdur və hər kanal öz formatına uyğun veriliş hazırlayır. Deməz olmaz ki, ölkə televiziyasında maraqlı verilişlər yoxdur. Maraqlı, zövq oxşayan, insanların maraq dairəsində olan, intellektual, əyləncə verilişlər kifayət qədərdir. Bəlkə də əyləncəli verilişlər çox olduğundan bu cür tənqidlər var”.



Oxşar Xəbərlər

Xəbər lenti