8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İyulun 20-də Xoşbulaq kəndində keçirilən vətəndaşların qəbulunda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə birgə rayonun hüquq-mühafizə orqanları, əlaqədar idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Hurriyyet.az-a bu barədə Daşkəsən rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev məlumat verib.
Onun sözlərinə görə, səyyar qəbul torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.
İcra başçısı Əhəd Abıyev giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində Xoşbulaq kəndində aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, həmçinin daxili imkanlar hesabına sel sularının tamamilə dağıtdığı kəndin iki hissəsini birləşdirən avtomobil körpüsünün yenidən tikilməsindən, ərazidə elektrik naqillərinin SİP kabellərlə əvəzlənməsindən və elektrik təchizatının əsaslı surətdə yeniləşdirilməsindən söz açıb. Bildirib ki, 24 dekabr 2021-ci il tarixdə Prezident cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə istifadəyə verilmiş 35 kV-luq “Zağalı” elektrik yarımstansiyası ilə nəinki Xoşbulaq kəndinin, rayonun digər yaşayış məntəqələrinin də hələ sovetlər dövründən bəri narazılıq yaradan elektrik enerjisi ilə bağlı problemi tamamilə aradan qaldırılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib ki, 31 km-lik Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun çəkilməsi davam edir və həmin yol istifadəyə verildikdə 7 mindən çox sakinin həyat şəraiti yaxşılaşacaqdır.
Xoşbulaq kəndinin turizm imkanlarından və bu istiqamətdə həyata keçirilən bir sıra layihələrdən danışan Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev vurğulayıb ki, Prezident cənab İlham Əliyev tərəfindən 2014-cü il oktyabrın 17-də açılan Xoşbulaq kəndi ərazisində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzi bu sahədə atılmış ən önəmli addımlardan biridir.
Əhəd Abıyev Xoşbulaq kəndinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində əraziyə tezliklə yeni 2 su xəttinin çəkiləcəyini diqqətə çatdırıb.
İcra başçısı Əhəd Abıyev son günlər Xoşbulaq kəndi ərazisinə məişət tullantıları ilə bağlı görüntülərə münasibətini bildirərək deyib: “Xoşbulaq kəndinin natəmiz görüntüləri yerində araşdırılıb. Belə ki, yay mövsümündə kənd rayonlarından və şəhərlərdən, xüsusilə Gəncə şəhərindən Xoşbulaq kəndinə istirahətə gələn bəzi vətəndaşlar məişət tullantılarını müəyyən olunmuş yerlərə deyil, hara gəldi atırlar və kənd ərazisində çirkin zibilliklər yaradırlar. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Daşkəsən rayon Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz daxili imkanları hesabına sözügedən ərazilərindən məişət tullantılarını çətinliklə də olsa, hazırda tamamilə təmizlənib. Gələcəkdə bu cür natəmizlik və zibillik yaradan vətəndaşlarla maarifləndirmə işləri aparıb başa salmaq lazımdır. Bu cür ciddi hallara bir daha da yol verilməməsi üçün sahə müvəkkilinə, bələdiyyələrə göstərişlər verilmişdir. Həmçinin Ekologiya və Təbii Sərvətlər naziri şəxsən hörmətli Muxtar Babayevdən xahiş etmişəm ki, rayona, Xoşbulaq kəndinə işlənmiş də olsa, könhə bir məişət tullantıları yığan maşının verilməsinə köməklik göstərsin. Bunula da rayon ərazisinin məişət tullantıları ilə bağlı problemləri tam həllini tapacaqdır”.
Daha sonra Əhəd Abıyev qəbula gələn vətəndaşları fərdi qaydada dinləyib. Qaldırılan bir çox məsələlər yerində həll edilib. İcra strukturunun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Xoşbulaq kənd sakinləri aparılan əsaslı yenidənqurma işlərinə - yol, su, qaz və elektrik təchiztına, o cümlədən vətəndaşların müraciətlərinə göstərilən həssas münasibətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.