8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Bu cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir.
Bu gün məhkəmə binası önünə gələn bir qadın proses öncəsi təqsirləndirilən Sahib Ələkbərovu ona qarşı cinayət törətməkdə ittiham edib. Onun sözlərindən bəlli olub ki, 2009-cu ildə Sahib Ələkbərov MTN-də müstəntiq olarkən onu qanunsuz olaraq həbs edib. Ona terrorla hədələmə qondarma ittihamı verilib. Sonradan isə qadına bəraət alıb. İsrarla adının çəkilməsini istəməyən qadın bildirib ki, qanunsuz həbsinə anası və atası dözməyərək həyatdan köçüblər. Qardaşı isə xəstəlik tapıb. O, həyatda olan qardaşının yenidən onunla bağlı xəbərləri eşidib vəziyyətinin gərginləşəcəyindən ehtiyat etdiyini, bu səbəbdən adının açıqlanmasını istəmədiyi deyib. Məhkəmə binası önündə Sahib Ələkbərov həmin qadını görəcək sürətlə ərazidən uzaqlaşıb. Qadın isə Sahib Ələkbərovun arxasınca gedib, ona qarşı sabiq müstəntiqin etdiyi cinayətlər araşdırılmayana qədər mübarizə aparacağını qışqıraraq ona çatdırıb.Məsələyə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov müdaxilə edib, qadından məhkəmə binası önündən uzaqlaşmasını istəyib. O isə Həbib Həsənova deyib ki, ona qarşı ağır cinayət törədən Sahib Ələkbərovdan əl çəkməyəcək: “O, şərəfsiz mənim həyatımı alt-üst edib. Yalandan uydurdu ki, guya Razində telefondan dövlət idarəsinə zəng edib, terrorla hədələmişəm. Əslində isə belə bir iş olmayıb. Məni həbs etmək üçün belə bir uydurmanı ortaya atdı.Mən bilməmişəm ki, Sahibin burada məhkəməsi gedir. Baş prokuror Kamran Əliyevin də qəbuluna gedəcəyəm. Mənə qarşı cinayəti də araşdırmalıdırlar”.Zərərçəkən qadın prosesin keçirildiyi binaya buraxılmayıb, onun açıq məhkəmə prosesində iştirakına imkan verilməyib. Odur ki, məhkəmə binası önündə əyləşərək prosesin bitməsini gözləyib. Məhkəmə prosesi bitəndən sonra isə Sahib Ələkbərov məhkəmə binasından çıxarkən qadın onun ünvanına kəskin ifadələr işlədib, ona qarşı cinayətinə görə cavab verəcəyi günün uzaqda olmadığını deyib.Avqutun 30-da keçirilən prosesdə zərərçəkənlərin sözlərindən bunca uzun fasilənin səbəbi bilinib. Məlum olub ki, hakim verdiyi uzun zaman içində Mövlam Şıxəliyev vəkilləri üzərindən zərərçəkənlərə vurulan ziyanın ödənməsi ilə bağlı danışıqlar aparıb. Danışıqların mövzusu isə təqsirləndirilənlər MTN-də vəzifə sahibi olarkən zərərçəkənlərə vurulan ziyanla bağlı olub.Məhkəmədə ilk çıxış edən zərərçəkən Qulam Bağırov bildirib ki, təqsirləndirilən Sahib Ələkbərovun əməli düzgün tövsif olunmayıb. Zərərçəkən Sahib Ələkbərovun həbsi və ona yeni ittihamın verilməsi üçün vəsatətlə çıxış edib: “Sahib Ələkbərov məni qanunsuz olaraq həbs etdi, faktiki olaraq girov götürdü. Bundan sonra mən 3 ay qanunsuz olaraq MTN təcridxanasında saxlanılmışam.Sahib Ələkbərov həmin günlərdə mənim ailəmə səhhətimlə bağlı yalan məlumatlar verib, tez bir zamanda öləcəyimi deməklə külli miqdarda pul tələb edib.Guya mən hansısa cinayət törətmişəm. Ailəm də məcbur olaraq Sahib Ələkbərovun tələb etdiyi pulu düzəltmək üçün evimi, maşınımı, qızıl-zinət əşyalarını satıb, külli miqdarda borca pul alaraq 135 min dollar düzəldiblər. Həmin pulu qardaşım əlbəəl Sahib Ələkbərova verib. Bütün bunları məni azad etdikdən sonra bilmişəm. Məni saxtakarlıqla həbsə aldıqları kimi saxta ekspert rəyi ilə azad ediblər. Biləndə ki, Sahib Ələkbərov mənim evimi, maşınımı, ailəmin qızıl-zinət əşyalarını satdırıb, birbaşa MTN-ə getmişəm, Sahibdən İstintaq İdarəsindən qardaşımdan alıdğı pulu geri qaytarmasını tələb eləmişəm. Çünki mənim heç bir cinayətim yox idi. Məni Mövlam Şıxəliyevin müavini Təhsin Ağayev xahiş-minnətlə sakitləşdirdi. Dedi ki, burada adamlar milyonlar verirlər, səsləri çıxmır, 15 min pul vermisiz, səsiniz buraları götürüb. Mühafizəni çağırıb mənı MTN binasından çıxarıblar. Bundan sonra bir daha MTN binasına buraxılmamışam. İndi siz görün Sahib Ələkbərovun mənə qarşı cinayətini Baş Prokurorluq hansı maddəyə tövsif edib?Guya mən azad olunmağım üçün Sahib Ələkbərova rüşvət vermişəm. Sahib Ələkbərovun əməlini də buna görə Cinayət Məcəlləsinin 311-ci maddəsinə - rüşvət almaya tövsif ediblər. Bilirlər ki, bu maddə üzrə cəlb etmə müddəti keçib, ona görə də bu maddəyə üstünlük veriblər.Halbuki Sahib Ələkbərovun mənə qarşı cinayəti Cinayət Məcəlləsinin 182.3-cü hissəsi – ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə maddəsini əhatə edir. Bu maddə üzrə cəlbetmə müddəti də yoxdur. Sahib Ələkbərovu Cinayət Məcəlləsinin 311-ci maddə ilə cəlb etməklə ona bəri başdan yüngül cəza təyin olunmasını müəyyən ediblər. Ona yüngül cəza verib azad etməyə hazırlıq görülüb. Sizdən xahiş edirəm ki, Sahib ələkbərovun əməli Cinayət Məcəlləsinin 182.3-cü maddə ilə tövsiv olunsun, cinayət işi Sahib Ələkbərova yeni ittiham verilməsi üçün geri qaytarılsın”.Hakim yerindəcə müşavirə keçirib və zərərçəkənin vəsatətini baxılmamış saxlanılması barədə qərar verib. Zərərçəkən Hüseyn Səfərov isə bildirib ki, hakimin verdiyi uzun fasilə günlərində Mövlam Şıxəliyev vəkili Arzu Cavadov vasitəsi ilə onunla təmas qurub: “Mövlam Şıxəliyev istəyirdi ki, biz şikayət etməyək, onun, başına yığdığı mütəşəkkil cinayətkar dəstəsi üzvləri olan digər təqsirləndirilənşəxslərin cinayətlərini ictimailəşdirməyək. Mövlam Şıxəliyev vəzifədə olarkan bizlərə vurduqları ziyanı ödəyəcəklərini deyirdi. Mövlam Şıxəliyev bizi inandırmaq üçün deyirdi ki, Eldar Mahmudov 3 zərərçəkənin zərərini ödəməyə hazırdır. Zakir Qaralovla Rüstəm Usubov da zərərçəkənlərin bir qisminin də zərərini onlar qarşılayacaqlar. Yerdə qalan zərərçəkənlərin zərərini də Mövlam Şıxəliyev və onunla mühakimə olunanlar verəcəklər. Mövlam Şıxəliyev “kişinin sözü bir olar, zərəri ödəyəcəyik” demişdi. Əlbəttə ki, biz ona inanmırdıq. Başa düşürük ki, Mövlam Şıxəliyevin sözü boş havadan başqa bir şey deyil. Bizə qarşı cinayətləri də o, təkbaşına törətmədiyi də aydındır. Sadəcə bu gün məhkəmə qarşısına çıxarılan o və digər icraçılardır. Bu cinayətlərin başında dayanlar bu gün məsuliyyətdən yayındırılırlar”.Zərərçəkən deyib ki, kəfən geyib, bu yola çıxıblar: “Bizlərə qarşı cinayətlər tam və hərtərəfli qaydada araşdırılmayınca, bu yoldan geri çəkilən deyilik. Biz kimsədən qorxmuruq, heç kimdən çəkinmirik. Cənab Prezident ortaya siyasi iradə qoydu, MTN-dəki cinayət yuvasını darmadağın etdi. Bu gün Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevə, onun başının dəstəsinə yüngül cəzalar verdirmək istəyənlər bunu unutmasınlar! Vaxt gələr, Mövlama, onun dəstəsinə, ona rəhbərlik edənlərə sahib çıxanlar, həmin iradə ilə üz-üzə qalarlar. Bakı Hərbi Məhkəməsindən ədalət gözləyirik”.Zərərçəkənlər Nizami Kazımov, Akif Qurbanov, Elvar Əliyev, Ələddin Əliyevin də mövqeyi Hüseyn Səfərovun mövqeyinə uyğun olub.Zərərçəkən Əfsəl Həsənəliyev hakimdən oturaq vəziyyətdə çıxış etmək üçün söz istəyib. Hakimin razılığından sonra o, sözünə başlayıb: “Mən çox ağır durumdayam. Mənə vurulan zərəri Yasin Məmmədov ödəməsə, mən onu öldürəcəyəm. Çünki başqa çıxış yolum yoxdur. Məni qanunsuz həbsə alıb, evimi “Unibank”a girov qoyub və külli miqdarda pul götürərək ələ keçirib. Bank bu gün məni evdən çıxarır. Bu yaşımda mən nəvələrimlə, həyat yoldaşımla küçələrdə qalmalıyam? Bunu Yasin Məmmədov görməyəcək, mən onu qətlə yetirəcəyəm. Bunlarda kişilik deyilən bir şey yoxdur. Mövlam Şıxəliyev də bunlar kimidir, bunlarda qeyrət yoxdur”.Hakim zərərçəkənin çıxışını yarımçıq saxlayıb tvə əqsirləndirilən şəxsləri təhqir etməməsini tapşırıb.Əfsəl Həsənəliyev isə hakimə qanunvercilikdə dəyişiklik etmək zərurətinin olduğunu deyib: “Bu adamlar evlər yıxıblar, özlərinə imarətlər tikiblər. Həmin imarətləri başlarına uçurub özlərini də ömürlük həbsə göndərmək lazımdır. Qoy bunların xislətində olan hər kəs görsün ki, evyıxanlaırn axırı necə olur. Siz etməyəcəksiz, mən edəcəyəm. Mənim itirəcəyim bir şey yoxdur.Yaşım 70-i ötüb, bundan sonra mən küçələrdə qalan deyiləm. Mənim ziyanımı ödəsinlər”.Zərərçəkən Sərdar İsmayılov da ona vurulan zərərin ödənilməsini tələb edib: “Məni qanunsuz olaraq həbs edən Yasin Məmmədovdur. Ziyanımı da o ödəsin. Mənim 1 milyon 400 min dəyərində malımı qaçaqmal elan edib və özlərinə götürərək satıblar. Özümü də aylarla girov saxlayıblar. Həmin vaxt ailəm dağılıb. Biznesim çöküb. Bu gün də çox ağır durumdayam, borc içindəyəm. Yasin Məmmədov mənə vurulan zərəri ödəsin. Bura gəlib üzümüzə hırıldayır. Elə bil bizə qarşı cinayəti o tərətməyib. Siz də onu azadlıqda saxlamaqla cinayəti ört-basdır edirsiz. Mənə vurudğu ziyanları tələb edirəm. Ödəməsə, onun üzünə kislota atıb yandıracağam. Bunu burada deyirəm ki, hamı bilsin. Mənə qarşı cinayət etmiş şəxsə layiq olduğu cəza verilsin. Mən Azərbaycan dövlətinə, prezidentə arxayınam. Kimsənin özbaşınalıq etməsinə də imkan verməyəcəyik”.Zərərçəkənlərdən bir neçəsinin vəkili Osman Kazımov da məhkəmədən söz istəyib: “Hörmətli məhkəmə, zərərçəkənlərdən biri qətlə yetirməkdən, o biri kislota ilə üz yandırmaqdan danışır. Bütün bunlar onlara qarşı cinayətlərə adekvat yanaşılmaması üzündən baş verir. Bu adamlar prokurorluğun qismində Azərbaycan dövlətindən dəstək gözləyirlər. Lakin müdafizəsiz qaldıqlarını görürlər deyə bu cür təhlükəli iddialarla çıxış edirlər. Mövlam Şıxəliyev və qeyrilərinə mütəşəkkil cinayətkar quldur dəstə tərkibində cinayətlər törətmələrinə dair ittiham verilib. Amma əməlləri rüşvət kimi tövsif olunub.Halbuki açıq-aşkar görünür ki, zərərçəkənlərə qarşı hədə-qorxu ilə tələb etmə cinayəti törədilib. Bu əməllər Azərbaycan vətəndaşları olan zərərçəkənlərin malına, puluna sahib çıxmaq üçün törədilib”.Vəkil bildirib ki, məhkəmə qarşısında olan mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri bu gün azadlıqdadırlar: “Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubov da bunların yanında olmalıdır. Çünki Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunanlar istəsəydilər belə, onların razılığı olmasaydı, bu cinayətləri törədə bilməzdilər. Bu cinayətlərdə Mövlam Şıxəliyev icraçıların başında dayanıb, bunlar isə cinayətlərin birbaşa icraçılarıdır. Bu adamların bu gün azadlıqda qalmaları onların qarşısında rəhbərlərin öhdəlik götürməsi ilə əlaqəlidir. Onların susması müqabilində azadlıqda saxlanılıblar. Bu adamlar xüsusilə ağır cinayətdə ittiham edilirlər. Bu adamların azadlıqda qalmaları kimlərin marağındadır? Küçədə bir nəfər digərinə sataşır, həbsə alınır. Bu adamlar isə dövləti qorumalı olduqları halda, dövlətin gücundan Azərbaycan vətəndaşlarına qarşı istifadə ediblər. Bu Azərbaycan dövlətçilik tarixinə ləkə olan cinayətlərdir, bu cinayətləri törədənlər ən sərt şəkildə cəzalarını almalıdırlar. Təqsirləndirilən Sahib Ələkbərov burada dözmədi, dedi ki, onun sağında Rüstəm Usubov, solunda isə Zakir Qaralov əyləşməlidir. Bir cinayət epizodunu danışdı, dedi ki, məzuniyyətdə olan zaman onu Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov restorana çağırıblar. 2 gün əvvəl həbs olunan şəxsi dərhal azadlığa buraxılması göstərişini veriblər. İndi həmin o Eldar Mahmudovun, Zakir Qaralovun və Rüstəm Usubovun burada dindirilməsi zərurəti vardı. Siz möhtərəm hakim, bunu etmədiz”.Vəkil açıq elan edilən məhkəmə prosesinin qapalı keçirildiyini, dəfələrlə vəsatət verilməsinə baxmayaraq jurnalsitlərin məhkəmə binasına, prosesin keçirildiyi zala buraxılmadığını vurğulayıb: “10 aydır ki, faktiki olaraq qapalı proses keçirirsiz. Burada araşdırılan cinayət sıradan bir cinayət deyil. Burada yüksək rütbəli generalların, vəzifə sahiblərinin, notariusların, ekspertlərin, hakimlərin cinayətlərdə birbaşa iştirakları var. Baş Prokurorluğun MTN-də istintaqa nəzarət idarəsi var. Həmin idarənin bu gün mühakimə olunan dəstə üzvlərinin cinayətlərinin baş tutmasında müstəsna rolu var. Bu məsələləri siz heç araşdırmadız. Halbuki sizin belə səlahiyyətiniz var. Çıxaracağınız hökmlə məhkəmə araşdırması zamanı üzə çıxan faktları məlumat şəkilində prokurorluq orqanına yollaya bilərsiz”.Vəkilin bu sözlərinə təqsirləndirilən Yasin Məmmədov gülməklə reaksiya verib. Vəkil isə ona “hələ sənin gülən vaxtındır” deyib. Növbəti proses oktyabrın 6-da davam edəcək. Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.Cinayət işi üzrə 32 zərərçəkmiş var. \\Demokrat.az