“Qarabağ müharibəsində 3400 nəfər hərbçi, 817 nəfər mülki şəxs itkin düşüb və girov götürülüb” - ATVİB QHT AGENTLİYİNİN DƏSTƏYİ İLƏ KEÇİRDİYİ LAYİHƏ HAQDA MƏLUMAT VERDİ


10 noyabr 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Axısxa türkləri ilə bağlı materialların toplanması və beynəlxalq dillərdə hazırlanaraq yayılması” layihəsinin yekun dəyərləndirmə tədbiri keçirilib.

Sozcu.info xəbər verir ki, toplantıda Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) İdarə Heyətinin üzvləri, birliyin qadınlar, gənclər şurasının üzvləri, Bakı şəhərində təhsil alan tələbə gənclər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov əvvəlcə qonaqları salamlayıb və dəvəti qəbul edib tədbirdə iştirak edən hər bir şəxsə öz təşəkkürünü bildirib. Birlik sədri çıxışının əvvəlində göstərdikləri dəstəyə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, agentliyin Müşahidə Şurasına və rəhbərliyinə də minnətdarlığını çatdırıb.

X.Xəlilov Birinci Qarabağ müharibəsində minlərlə Azərbaycan vətəndaşının həyatını itirdiyini, əsir və itkin düşdüyünü, Qarabağda yaşayan Axısxa Türklərinin də bu savaş zamanı itkilər verdiyini diqqətə çatdırıb.

1989-cu ildə baş verən məlum Fərqanə hadisələrindən sonra Axısxa Türklərinin bir qisminin Azərbaycana köç etdiyini, Azərbaycan dövlətinin və xalqının onları çox gözəl qarşıladığını, ev və torpaqla təmin etdiyini, bir neçə ailənin də Qarabağa yerləşdirildiyini çıxışında qeyd edən ATVİB sədri, daha sonra əlavə edib:

“Qarabağ müharibəsi zamanı Axısxa Türklərindən də itkin düşən, əsir və girov götürülənlər oldu. Layihə rəhbəri Mövlud İşık, Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Axısxa Türkləri ilə bağlı qısa müddət ərzində layihəni həyata keçirərək itkin düşmüş şəxslərin ailələri ilə görüşmüş, onların yaxınları, dövlətimizin müvafiq qurumları ilə əlaqə yaradaraq, onlar haqqında məlumatların toplanmasına nail olmuşdur. Bu gün isə toplanan məlumatlar sizə və cəmiyyətimizə təqdim olunur”.

Xalid Xəlilov bildirib ki, Azərbaycanda yaşayan Axısa türkləri “Vətən” İctimai Birliyi müxtəlif istiqamətlərdə fəaliyyətini davam etdirir: “Əsas məqsədimiz tarixi vətənimizə - Gürcüstanın Axısxa bölgəsinə dönüş və itirilmiş haqlarımızın qazanılması, gənclərimizin təhsili və maarifləndirilməsidir. Fəaliyyət istiqamətlərimizdən biri də bu layihənin həyata keçirilməsidir. Hansı ki, layihə çərçivəsində görülən uğurlu işlərdən biri də “Vətən” İctimai Birliyinin rəsmi internet saytı olan ATVİB.AZ domenli saytın hazırlanmasıdır.

Bundan əlavə qeyd etmək istəyirəm ki, Axısxa Türkləri keçən əsrin əvvəllərindən Azərbaycanda məskunlaşmağa başlamışdır. Axısxa Türkü ziyalılar Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında da fəal iştirak etmişdirlər. Ömər Faiq Nemanzadə, Əhməd Bəy Pepinov, Şəfiqə Əfəndizadə, Fuad Əfəndiyev kimi ziyalılarımız Azərbaycanın ictimai-siyasi həyatına töhfə vermişdirlər. 

Bundan əlavə, qeyd etmək istəyirəm ki, bu gün əlamətdar tarixlərdən biridir. Belə ki, noyabr ayının 10-u Vətən Savaşının bitdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğu gündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanmışdır. Faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası demək idi. Biz Axısxalı Türklər olaraq, hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”.

Daha sonra layihə rəhbəri Mövlud İşık görülən işlərlə bağlı məlumat verib. O deyib ki, itkin düşmüş şəxslərin problemləri Azərbaycanda aktual olaraq qalır: “Rəsmi statistikaya görə, ölkədə 4 mindən çox şəxsin taleyi barədə heç bir məlumat yoxdur. Onların əksəriyyəti Qarabağ müharibəsi zamanı itkin düşənlərdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının məlumatına görə, ölkədə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4200 nəfərdən çoxdur. Onların təqribən 3400 nəfəri hərbçi, 817 nəfəri mülki şəxsdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət komissiyası itkinlərin tapılması üçün iş görür. İndiyə qədər əsir və girovluqdan 1400 nəfər azad edilib. Amma yenə də səbrsizliklə xəbər gözləyən ailələr az deyil”.

Mövlud İşık onu da vurğulayıb ki, hər bir itkin düşmüş şəxsin taleyi bir faciədir: “Bu düzdür, amma itkin düşmüşlərlə yanaşı, onların ailələri və yaxınları da bir faciə yaşayırlar. Bu faciənin qurbanları isə yaxınlarını səssiz-səmirsiz itirən ailələrdir. Onlar ağır psixoloji durumda yaşayırlar. Bu layihə çərçivəsində Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş, əsir və girov gütürülmüş 25 nəfər Axısa Türkünün məlumatları toplanılıb və beynəlxalq dillərdə yayımlanması təşkil olunub”.

Onun sözlərinə görə, məhz bu layihə çərçivəsində barələrində heç bir məlumat olmayan Axısxalı Türklərlə bağlı bilgilərin yayımlanması ilə daha çox insan erməni vəhşilyi haqda məlumatlanacaqdır: “Layihənin davamlı olması üçün isə başda itkin düşmüş, əsir və itkin düşmüş Axısxalı Türklərlə yanaşı, Birinci Qarabağ Müharibəsi zamanı şəhid olan Axısxalı türklər haqda da məlumatlar, reportajlar və müsahibələr geniş izləyici kütləsi olan sosial şəbəkələr və media resurslarında ictimaiyyətə təqdim olunacaq”.

Mövlud İşık çıxışının sonunda “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Axısxa türkləri ilə bağlı materialların toplanması və beynəlxalq dillərdə hazırlanaraq yayılması” layihəsinə verdikləri dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, agentliyin Müşahidə Şurasına və rəhbərliyinə bir daha təşəkkürünü bildirib.

Daha sonra gənclərin iştirakı ilə ATVİB.AZ saytına baxış keçirilib və iştirakçılara saytın gələcəkdə fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumat verilib. ATVİB İdarə Heyətinin, qadınlar və gənclər şurasının üzvləri, media və ictimaiyyət nümayəndələri layihə çərçivəsində görülən işlər barədə qənaətbəxş fikir ifadə edib və öz təəssüratlarını bölüşüblər.

Tədbir iştirakçıları belə layihələrin önəmini vurğulayaraq, ATVİB olaraq görülən işlərdən qürur hissi keçirdiklərini bildiriblər.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti