“Talıbov Naxçıvanın torpaqlarını başqa ölkəyə satıb” iddiası


Naxçıvan Ali Məclisinin sabiq sədrinin ən ağır maddə ilə ittiham olunması tələb edilir

Naxçıvanda Vasif Talıbovun dönəmində yol verilmiş daha bir ağır dövləti cinayət haqda iddia irəli sürülüb. Hurriyyet.az xəbər verir ki, “Azpolitika.info” yazır ki, təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb. Belə ki, Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çayın suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri ərazidə olublar. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycanın 21 hektardan artıq ərazisi İran tərəfə keçib. İran isə sözügedən ərazinin düz ortasından yük maşınları üçün avtomobil yolu çəkib. Beləliklə, Azərbaycan-İran dövlət sərhəd xətti dəyişdirilib.

Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Həmin maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər. Dövlət Sərhəd Xidməti isə mediada yazılanlarla bağlı reaksiya bildirməyib.Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev Vasif Talıbovun ən ağır şəkildə cəzalandırılmasını tələb etdi: “Torpağımızın hər qarışı şəhidlərimizin qanı ilə suvarılıb. Biz böyük türk imperiyasının indi bir hissəsi olaraq qalmışıq, beş yerə bölünmüşük. Qalan hissələri də içərimizdən vətən xainləri hissə-hissə satmaqla ölkəmizi pis günə qoyurlar. Zaman-zaman bu belə olub. SSRİ qurulandan sonra 1920-ci ildə Zəngəzurun, 1929-cu ildə Zəngəzurun qalan hissəsinin-Mehrinin verilməsi ilə ərazilərimiz daha da kiçildi. Ondan sonra 70-ci illərə qədər Qazağın, Naxçıvanın müxtəlif ərazilərindən torpaqlarımız düşmənlərə verildi. Bu, ermənilərin addım-addım ərazilərimizi mənimsəmə taktikası idi. Bayaq qeyd etdiyim kimi, ölkəmiz zatən bir neçə hissəyə bölünüb, Borçalı, Dərbənd, Güney Azərbaycan və s. Bir sözlə, parça-parça olmuşuq. İndi biz ərazimizin bir hissəsində müstəqil dövlət qura bilmişik. Bu tam olaraq ədalətli status-kvo deyil. İndi Naxçıvanın keçmiş rəhbərinin bu cür hərəkət etməsinin yalnız bir adı var, vətənə xəyanət. Vasif Talıbov ən ağır maddə ilə ittiham olunmalıdır. Başqa gördüyü işləri də yada salaq. Əgər mətbuatda yazıldığı kimi, İraqda 3 milyard manat civarında PKK ilə ortaq zavod tikməsi, yaxud İran ərazisində deyilən kimi ortaq neftayırma zavodları tikdirməsi çox ciddi məsələlərdir. Bir nazir orada həbs edildi, 500 milyon manat yeyinti üzə çıxdı. Bunlar bir tərəfə, ərazilərimizin başqa ölkəyə verilməsinin cəzası mütləq şəkildə ömürlük cəzadır. Babalarımızın ruhu Allaha qovuşub, cisimləri torpaqlaşıb. İndi ərazi verməkmi olar? Biz sonuncu 44 günlük savaşımızda 3 minə qədər şəhid verdik. Hər qarış uğrunda savaş gedib. Min illərdir ki, bu savaş gedir. Elə bir qarış torpağımız yoxdur ki, onun üzərində savaş getməsin. Vətənin bir hissəsini dəyərləndirəndə görürsən ki, deyirlər gözəl yerlər idi. Vətəni elə ölçmürlər. Xatırladım, Kardak adaları ilə bağlı bir problem Türkiyə ilə Yunanıstan arasında var idi. O dövrdə iş başında Tansu xanım (Tansu Çillər) idi. Qayalıqlar üzərində savaş oldu və yunan gəmiləri batırıldı. Orada türk bayraqlarını endirib, yunan bayraqları asmışdılar. Bununla onu demək istəyirəm ki, vətənin hər daşı qiymətlidir. Bütün Azərbaycanda hər kəs belə düşünür ki, nəyisə də keçmək mümkün olsa da, belə məsələlərdə heç kimə güzəşt ola bilməz. Hesab edirəm ki, bu məlumat tam təsdiqini taparsa, Naxçıvanın keçmiş rəhbərliyi, bu məsələdən xəbərdar olan hüquq-mühafizə orqanlarının rəhbərləri, bir sözlə, bu məsələyə bağlılığı olan hər kəs çox ağır cəza almalıdır”.

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov isə bildirdi ki, haqqında danışılan məsələ kifayət qədər ciddi məsələdir və ciddi də araşdırma tələb edir. O da sərt cəzanın verilməsini tələb edir: “Naxçıvan istiqamətində dövlət sərhədini müəyyən edən Araz çayının yatağının dəyişdirilməsi yolu ilə 21 hektar torpağın İrana verilməsi barədə məlumatın nə dərəcədə həqiqəti əks etdirdiyi təbii ki, rəsmi qurumların bununla bağlı açıqlamasından sonra məlum olacaq. Amma istənilən halda əgər belə bir hal baş veribsə və sputnik vasitəsilə çəkilmiş şəkillərdə öz əksini tapmış faktlar təsdiqini taparsa, bu cinayətdə iştirak etmiş hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu, vətənə xəyanətdir və buna müvafiq olaraq da hökm verilməlidir.

İnternet resurslarında araşdırma zamanı bütün xəritələrdə sözügedən 21 hektar Azərbaycan dövlətinin ərazisi kimi görünür. Lakin Google.map-dan çəkilən son fotolarda həmin 21 hektarlıq ərazinin artıq İran İslam Respublikasına məxsus olduğu göstərilir. Bunun Google. map-in səhvi olub-olmadığını da araşdırmaq lazımdır. Eyni şəkildə İranın sözügedən ərazinin düz ortasından yük maşınları üçün avtomobil yolu çəkməsi ilə bağlı iddiaların da araşdırılmasına ehtiyac var. Əgər həqiqətən də faktlar təsdiqini taparsa, bu həm də İranın ərazilərimizə təcavüzü kimi qiymətləndirilməlidir.

Çünki Azərbaycanla İran arasında sərhəd Araz çayının ortasından keçir.  Elə “Dövlət sərhədi haqqında” Qanunun tələblərinə görə də çaylarda dövlət sərhədi onların ortası və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə, heç bir hissəsi heç bir şəkildə kimsəyə verilə bilməz. Yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Ona görə də hətta Araz çayının yatağının dəyişdirilməsi belə sərhədlərin dəyişdirilməsinə əsas ola bilməz. Bu məntiqlə sabah Araz çayı tamamilə quruyacağı halda Azərbaycan-İran sərhədi də dəyişəcəkmi? Təbii ki, yox. Odur ki, səsləndirilən iddialarla bağlı dərhal müvafiq araşdırma aparılmalı, dövlət sərhədinin dəyişdirilməsi istiqamətində hansısa addımlar atılıbsa, bunun qarşısı alınmalı və sərhədimiz təxirəsalınmaz şəkildə bərpa olunmalıdır. Eyni şəkildə İrandan da bununla bağlı izahat tələb olunmalı və İran tərəfdən bu cinayətdə iştirak etmiş şəxslərin də cəzalandırılmasına nail olunmalıdır".



Oxşar Xəbərlər

Xəbər lenti