27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türkiyədəki dəhşətli zəlzələdən sonra dağıntılar altında qalan Malatya İnönü Universitetinin 4 azərbaycanlı tələbəsi ilə bağlı 9 gündür ki, hər hansı məlumat yoxdur. Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin axtarışları isə davam edir.Malatyada 7 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayan tələbələrin zəlzələ baş verən gün evdə olduqları bildirilsə də, axtarış-xilasetmə işlərində onlarla bağlı heç bir iz tapılmayıb. Xilasedicilərin bildirdiyinə görə həmin bina toz halına düşüb, dağıntılar altında isə artıq heç kim qalmayıb.Ötən gündən etibarən axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itlər cəlb edilib. Amma tələbələrlə bağlı iz yoxdur. Bu isə azərbaycanlı tələbələrin itkinlər siyahısında olma ehtimalını artırır.Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Bizim.Media-ya açıqlamasında axtarışların dayandırılmadığını deyib:“Həmin binada axtarışlar dayanmayıb. Ümumiyyətlə, həmin gecə tələbələrin yaşadıqları binada olub-olmadığını da demək çətindir. Ona görə gözləmək lazımdır”.Tələbələrimizin itkinlər siyahısında olub-olmamasına gəlincə XİN rəsmisi bildirib ki, indidən bu barədə nəsə demək çətindir.Azərbaycanın Türkiyədəki səfirliyinin sözçüsü Aygün Qocayeva isə saytımıza tələbələrin adlarının axtarışda olanlar siyahısında olduğunu bildirib:“Axtarışlar davam edir. Mütəmadi olaraq biz də əlaqə saxlayırıq. Tələbələrimiz axtarışı davam edənlər siyahısındadırlar”, - deyə səfirlik rəsmisi əlavə edib.Tələbələrin doğmaları da ümidlərini üzməyiblər.9 gündür gözü yolda, qulağı səsdə olan Şahin Verdiyevin anası Esmira Hüseynova Bizim.Media-ya oğlu ilə bağlı yaxşı xəbər alacağına ümidli olduğunu deyib.