27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Marketlərdə, satış şəbəkələrində istehlakçıların aldadılması ilə bağlı Azad İstehlakçılar Birliyinə çoxsaylı şikayətlər gəlir. Hər gün respublikanın müxtəlif yerlərindən bununla əlaqəli 3-4 zəng gəlir. Çox təəssüflər olsun ki, satış şəbəkələrində müasir texnologiyalar tətbiq olunduqca, hər şey avtomatlaşdıqca arxa planda istehlakçıların müasir avadanlıqlar vasitəsilə aldadılması prosesi də baş verir...”
Sozcu.info xəbər verir ki, bu sözləri Yenisabah.az-a marketlərdə istehlakçıların qiymətdə aldadılması ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, belə problemlərlə qarşılaşan zaman yerindəcə marketin rəhbərliyinə bildirmək daha yaxşıdır:
“Qiymətdə aldadılmanın ən çox yayılmış növü taxçada qiymətin aşağı, sonda skanerdə oxunduqda isə yuxarı göstərilməsidir. Bu, illərdir davam edir, bu süni qiymət artımı, bilərəkdən istehlakçını aldatmaqdır və belə hallarda istehlakçı irad bildirəndə işçilər deyirlər ki, yadımızdan çıxıb. Bir dəfə görməmişik ki, yaddan çıxsın piştaxtada yuxarı, kassada aşağı qiymət olsun. Daim tərsinə olur. Belə halla qarşılaşdıqda, istehlakçının tam hüququ var ki, piştaxtada gördüyü qiyməti ödəsin. İkincisi, alıcı market sahibini çağırmalı və qiyməti dəyişdirməlidir və bu hala son qoyulması üçün addım atmalıdır. Bütün hallarda əgər qarşı tərəf müştəriyə adekvat cavab verməzsə, 195 telefon xətti ilə İqtisadiyyat Nazirliyinə xəbər verməlidir”.
Eyyub Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyinin sədri olmasına baxmayaraq, marketlərdə hətta özünü də dəfələrlə aldatmağa cəhd ediblər:
“Qiymətdə təkcə bu cür yox, başqa cür aldatmalar da mövcuddur. Mən Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədrini belə şəhərin mərkəzində yerləşən bir market bir il ərzində 100 manata qədər aldatmağa cəhd olunub. Xüsusən kartla ödəniş etdikcə bu cür hallar baş verir. Məsələn, qabıqlı qoz almışam, təsadüfən baxanda görmüşəm ki, ləpə qozun qiyməti vurulub. 8 manatlıq məhsul almışam, yazılıb 68 manat. Əgər mən telefona ödənişlə bağlı gələn SMS-ə baxmasaydım, çeki saxlamasaydım, yəqin ki, bu müşkülü həll edə bilməyəcəkdim. Ümumilikdə götürdükdə, bu və ya digər üsullarla marketlərdə istehlakçıların aldadılması bir ildə 500 milyon manata yaxındır. İstehlakçıların almadığı məhsullara görə bir ildə onlardan bu qədər pul soyulur. Alıcılar xüsusən kartla ödəniş etdiklərində diqqətli olmalıdırlar. Tənbəllik etməsinlər, yerindəcə, marketdən çıxmadan kassa çekinə baxsınlar, kartdan çıxılan məbləğə baxsınlar. İradları varsa, elə yerindəcə bunun həllinə nail olsunlar. Belə hallarda market sahibləri deyirlər ki, bilməmişik, səhv etmişik və heç kəsə heç bir cəza verilmir. Hər gün minlərlə insan marketə girir və işçilər bəzən bilərəkdən, bəzən də bilməyərəkdən bu priyomları işlədirlər”.
Ekspertin sözlərinə görə, bu cür halların səbəbi Azərbaycanda istehlakçı hüquqlarının qorunmamasıdır:
“Bütün bunların səbəbi ölkədə istehlakçı siyasətinin zəif olmasından qaynaqlanır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Bu qanun köhnəlib və bu qanunu yerinə yetirməyə cavabdeh olan dövlət qurumu - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti birmənalı şəkildə biznesin lobbiçiliyini aparır. Ölkənin istehlakçı siyasəti bərbad vəziyyətdədir. Mən Eyyub Hüseynovun da bu sahədə böyük günahı var, çünki mən 26 il Beynəlxalq İstehlakçı Təşkilatına Azərbaycanda istehlakçı hüquqlarının qorunmasına dair müsbət hesabatlar vermişəm. Bu, mənim günahımdır, gərək mən vəziyyəti olduğu kimi şərh edəydim və beynəlxalq təşkilatlardan Prezident Adminstrasiyasına məktublar, xəbərdarlıqlar gələydi, onda vəziyyət ayrı cür olardı. Azərbaycanı pis planda göstərməmək üçün mən bu cür səhvlərə yol vermişəm, görünür, bundan sonra səhvimi düzəltməliyəm. Mən keçən ilin sonlarında istehlakçı hüquqlarının qorunmasındakı ağır vəziyyətlə bağlı Ombudsman Aparatında, Milli Məclisdə görüşlər keçirmişəm, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi və komandası ilə söhbətimiz olub, lakin heç kəs üzünü istehlakçılar tərəfə çevirmir. İllər boyu 15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır. Biz əvvəllər bu günü küçə nümayişləri ilə 22 rayonda təntənəli şəkildə qeyd edərdik. Son 10 ildə hökumət özü bunu qeyd etməyə başlayıb, lakin Antiinhisar qurumuna yeni rəis gələndən sonra onlar gizli yığıncaq keçirir, ya keçirmir, bilinmir.
Qarşıdan 15 mart gəlir, görək ölkədə hansı hazırlıqlar gedir? Demək olar ki, dövlət səviyyəsində heç bir hazırlıq getmir, bu çox əcaib haldır. Hökumət də, dövlət də bilməlidir ki, biz istehlakçılar bazarın şahıyıq, hökuməti də, ordunu da saxlayan bizik, biznesi biz mövcud edirik. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Biz hökuməti çağırırıq ki, üzünü istehlakçılara doğru çevirsin”.