Azərbaycanda hərbi xidmətlə bağlı vacib yenilik olacaq? - “Çağırış yaşının son həddi 27...”


Gürcüstan hökuməti tərəfindən qəbul edilmiş yeni qanuna əsasən, tələbələr yalnız öz istəklərinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Özündə bir-çox yenilikləri ehtiva edən bu qanun layihəsi müddətli həqiqi xidmətlə bağlı müəyyən dəyişiklikləri nəzərdə tutur. Bu cür qanun layihəsinin yaxın gələcəkdə Azərbaycanda da tətbiqi ilə bağlı ehtiyatda olan polkovnik-leytenant, hərbi-ekspert Üzeyir Cəfərov fikirlərini Referans.az-la bölüşüb.

"Mən ümumiyyətlə onun tərəfdarıyam ki, biz oturub bu məsələləri müzakirə edib həll etməliyik. Bu məsələdə Gürcüstan çox ağıllı yanaşıb. Əvvəla hər bir çağırışçı gənc şüurlu şəkildə başa düşməlidir ki, bu hərbi xidmətdir və vicdanla yerinə yetirilməlidir. Bizdə belə bir yanlış düşüncə formalaşıb ki, əgər müddətli hərbi qulluqçu yaşadığı əraziyə yaxın yerdə xidmət keçərsə, xidmətdən yayına bilər. Düşünürəm ki, burda heç bir problem yoxdur və haçansa bizdə də tətbiq olunacaq".

Ekspert həmçinin müddətli həqiqi hərbi xidmət yaşında dəyişikliyə ehtiyac olduğunu bildirib.

"Çağırış yaşının 35 olmasına da ehtiyac yoxdur. Fikrimcə çağırış yaşının son həddi 27, maksimum 29 yaş olmalıdır. 30-35 yaşında çağırışçılara çox zaman onsuz da ağır işlər və fiziki mərhumiyyətlər tətbiq edilmir. Çünki ənənəmizdən və mentalitetimizdən də irəli gələn düşüncə əsasında, yaşda böyük şəxslərə daha gənc qulluqçular tərəfindən hörmət edilir. Belə olduqda isə bütün əziyyət daha gənc çağırışçılara düşür. Bütün bunlar nəzərə alınmalıdır".




Oxşar Xəbərlər

Xəbər lenti