Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türk Tibb Dünyası Konqresi çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüş keçirib. Görüş zamanı Kubanıçbek Ömüralıyev TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Şuşa şəhərində keçiriləcəyi münasibətilə təbriklərini çatdırıb. Yalnız bu ilin iyul ayında 2 dəfə Azərbaycana səfər edərək Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclasında və Şuşa Qlobal Media Forumunda iştirakını bildirən Təşkilatın Baş katibi ölkəmizin müxtəlif beynəlxalq tədbirləri hər zaman yüksək səviyyədə təşkil etdiyini vurğulayıb.
Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Göstərilən yüksək etimada görə TDT-nin Baş katibinə təşəkkürünü bildirən Teymur Musayev vurğulayıb ki, uğurlu fəaliyyət nəticəsində quruma üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, o cümlədən regional əməkdaşlığın dərinləşməsində Təşkilat mühüm rol oynayır. “Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin, quruma üzv və müşahidəçi ölkələrin beynəlxalq nüfuzunun və sosial-iqtisadi potensialının artmasını yüksək qiymətləndirir”, - deyə Azərbaycanın səhiyyə naziri qeyd edib.
Teymur Musayev həmçinin öz həmkarları Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovla, Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyatla ikitərəfli görüşlər keçirib.
Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri, uğurlu təcrübə mübadilələri və mütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirə olunub.
Keçirilən ikitərəfli görüşlər çərçivəsində Teymur Musayev qeyd edib ki, 30 illik işğaldan sonra azad olunan əzəli torpaqlarımızda Türkiyə dövləti bərpa-quruculuq işlərinə aktiv şəkildə cəlb olunub və bir çox infrastruktur layihələrində iştirak edir. Bundan başqa, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Hökümətinin qərarı ilə məktəb, Qazaxıstan Höküməti tərəfindən isə Uşaq Yaradıcılıq Mərkəzi inşa olunur. Həmçinin, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun da uğurla fəaliyyət göstərdiyi vurğulanıb.
Musavat.com