25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.Sozcu.info onunla müsahibəni təqdim edir:- Ermənistan mediası qondarma rejimi buraxan Samvel Şahramanyanın bununla bağlı “fərman”ının ləğvini müzakirə edir. Bəzi erməni siyasətçilərdən, o cümlədən İrəvanda olan Samvel Babayandan Şahramanyana bununla bağlı çağırışlar var. Sizcə, Şahramanyan buna gedərmi və ya Baş nazir Nikol Paşinyan buna imkan verərmi? Deyək ki, geri götürdülər, bu, nəyi dəyişəcək?- Əlbəttə, heç nəyi dəyişməyəcək, çünki artıq ləğv edilmiş bu qondarma qurumun heç bir hüquqi qüvvəsi yox idi. İkincisi, buna gedə bilməzlər. Şahramanyan öz qərarının əleyhinə çıxmayacaq. Eyni zamanda, onun verdiyi qərar heç bir hüquqi əsas daşımır, qeyri-qanuni qurum idi. Özü imza atmaqla bu qeyri-qanuni qurumu ləğv etdi. Üstəgəl, Ermənistanın Qarabağla bağlı heç bir avantürası beynəlxalq səviyyədə tanınmayıb. Əksinə, Ermənistan Baş naziri Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Yəni hüquqi müstəvidə belə bir addımın atılmasının heç bir perspektivi görünmür. Bu addım atılsa belə, yenə də hüquqi qüvvəsi olmayacaq.Belə bir addım atılarsa, Nikol Paşinyan da bunu tanıyarsa, belə çıxacaq ki, yenə də Ermənistan hökuməti Azərbaycanın daxili işlərinə qarışır, sülhyaratma prosesində süni əngəllər yaradır. Bir sözlə, onların düşüncələrində olanların həyata keçirilməsi üçün heç bir hüquqi mexanizm yoxdur, ola da bilməz. Çünki qanunsuz qurum idi, səhvini başa düşərək, öz-özünü ləğv edib. Bundan sonra həmin qondarma qurumun bərpası, tanınması üçün nə hüquqi prosedur, nə də məkan var. Beynəlxalq hüquq sistemində də buna yol açacaq qanunlar yoxdur.- Rusiya Prezidenti Vladimir Putin son açıqlamasında bildirdi ki, Qarabağ məsələsi bitib, mövzu bağlanıb. Rusiya bunu qəbul edirsə, bəs Qarabağdakı sülhməramlılar nəyi gözləyirlər?- Bu məsələdə bir az mürəkkəblik var. Çünki Putin məsələyə təkcə Qarabağ yox, Rusiyanın Cənubi Qafqazda geosiyasi və geostrateji maraqları prizmasından baxır. Belə maraqlarla bağlı da yazılmış qanun yoxdur. Rusiya istədiyi vaxt öz maraqları naminə beynəlxalq hüququ da, bura daxil olan qanunları da tapdalaya bilir. İndi də müxtəlif bəhanələr gətirirlər. Gah deyirlər ki, guya separatçılardan müsadirə edilmiş silahları mühafizə üçün qalırlar, gah da bildirirlər ki, ərazilərdə hələ də ermənilər yaşayır, onları qoruyurlar və sair. Ruslar belə iddiaları ən geci 2025-ci ilin noyabrına qədər irəli sürə bilərlər. Həmin tarixdən sonra sülhməramlıların burada qalması üçün nə bir zəmin olacaq, nə də buna gücləri çatacaq. Görünür, həmin vaxta qədər dözməli olacağıq.- Fransa, İran və Rusiyanın Zəngəzurda konsulluq, Avropa Birliyinin isə müşahidə qərargahı açması Ermənistanda müzakirə mövzusudur. Yerli sakinlər bunun nə ilə bağlı olduğuna dair Ermənistan hökumətinə sorğu da ünvanlayıblar. Siz bu haqda necə düşünürsünüz?- Bölgədə siyasi oyunbazlıqla məşğul olan dövlətlər var. Bu dövlətlər bölgədə nüfuz dairəsinin bölünməsi uğrunda savaşırlar. Bu savaşda əsas məqsəd bölgədə yerləşmək və burada öz maraqlarını reallaşdırmaqdan ibarətdir. Bu baxımdan, İran və Fransanın Zəngəzurda konsulluq açması təəccüb doğurur. Çünki həmin ərazilərdə nə bir fransalı, nə də bir iranlı yaşayır. Belə olan halda İrəvanda yox, ucqar bir rayonda konsulluq açmaq acı təbəssüm yaradır.Zənnimcə, konsulluq açma yarışı onların bölgədə maraqlarını həyata keçirməyə heç bir töhfə verməyəcək. Bu konsulluqlarının hansı üstünlük və ya məziyyətlərindən istifadə edib maraqlarını təmin etməyə çalışacaqlar? Buna cavab vermək çox çətindir. İndiyədək dünya təcrübəsində balaca bir bölgədə bir neçə dövlətin eyni vaxtda konsulluq açma praktikası yoxdur. Bu da gülüş doğurur. “İran və Fransa başlarını itirib” desəm, yanılmaram.- Rəsmi Bakı bildirir ki, Ermənistana razılaşmasa, dəhliz İrandan keçəcək. Bunu bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da demişdi. Sizcə, bu mesajların izahı necədir? Mesajlardan belə anlaşılır ki, Ermənistan dəhlizin ondan yan keçməsini istəmir.- Nikol Paşinyan son açıqlamasında bildirdi ki, Ermənistan dəhliz yox, şose və dəmir yollarının açılmasına razıdır, amma Ermənistanın suverenliyinə riayət edilməsi şərtilə. Paşinyan dedi ki, yolun başlanğıcında Ermənistanın gömrük və sərhəd xidmətləri olmalıdır. İndi Ermənistan sərhədlərində bu xidməti Rusiyanın aidiyyəti qurumları həyata keçirir. Dolaşıqlıq yaradan məsələlərdən biri də budur. Zənnimcə, məsələnin bu qədər çək-çevirə salınması sonda Ermənistanın buna razılıq verməsi ilə bitə bilər.Əslində, dəhlizin Ermənistan üzərindən keçməsi hamıdan çox onun özü üçün sərfəlidir. Qənaətimə görə, Ermənistan bu məsələdə axıradək davam gətirə bilməyəcək.- HƏMAS-İsrail savaşının təhlükəsiz keçid kimi Yaxın Şərqdəki yolları gündəmdən çıxardığı bildirilir. Eləcə də perspektivdə nəzərdə tutulan dəhliz projelərini. Belə olan halda, təhlükəsiz keçid kimi Cənubi Qafqaz qarşıdakı dövrdə böyük güclər üçün hansı önəmi daşıyacaq?- Bölgəmizdən keçən yolların önəmi çox böyükdür. Azərbaycandan keçən nəqliyyat yolları Çinin Orta Dəhliz və ya “Bir Kəmər, Bir Yol” projelərində özünün əyani ifadəsini tapır.Yaxın Şərqə gəlincə, davam edən İsrail-HƏMAS qarşıdurması və regional, eləcə də bölgədənkənar dövlətlərin bu və ya digər şəkildə prosesdə yer almaları göstərdi ki, yerdəki durum təhlükəlidir. Üstəgəl, Yaxın Şərqdə “gec partlayan mina”ların sayı kifayət qədər çoxdur. Buna görə də, bir müddət əvvəl razılaşdırılan Hindistan-Yaxın Şərq-Avropa dəhlizi (IMEC) ideyası bəyan edildiyi andan ciddi təhlükələrə məruz qalmağa başlayıb. Böyük ehtimalla, bölgədə baş verənlər bu ideyanın reallaşmasına ciddi maneələr yaradacaq.