Bu icra başçıları işdən çıxarıla bilər - İDDİA


Azərbaycanda bir sıra rayonların 10 ildən artıq vəzifədə olan icra başçılarının işdən azad ediləcəyi gözlənilir. 

Sozcu.info xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, yaxın vaxtlarda vəzifəsindən azad olunacağı deyilən vəzifəli şəxslər arasında Lənkəranın icra başçısı Taleh Qaraşov, Bərdəyə rəhbərlik edən Vidadi İsayev və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da var.

Hər üç icra başçısının rəhbərlik etdiyi rayonlarda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı ciddi nöqsanlar aşkar edilib. Nöqsanlara görə icra başçılarına xəbərdarlıqlar edilib və xüsusi tapşırıqlar verilməsinə baxmayaraq, heç bir irəliləyişin olmaması ciddi narahatlığa səbəb olub.  

Taleh Azay oğlu Qaraşov 1996–2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Azərbaycanda, xüsusən Bakıda və Türkiyədə çoxsaylı mülklərinin olması barədə mediada iddialar var.

İsayev Vidadi İsa oğlu 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 3 mart 2011-ci ildə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İcra başçısının böyük kafe-restoran biznesinin olduğu deyilir. Əvvəl özü müdiri olduğu Yevlaxda Arxiv İdarəsinin rəhbəri vəzifəsində hazırda həyat yoldaşı çalışır. Oğlu Tural İsayev isə Yasamal rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi vəzifəsini tutur.

İlqar Namaz oğlu Abbasov 2004-2005-ci illərdə Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2019-cu illərdə isə Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. 12 noyabr 2019-cu il tarixdə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı təyin edilib. İlqar Abbasovun böyük şirkətlərdən birinin ən böyük payçısı olduğu deyilir.



Oxşar Xəbərlər

Xəbər lenti