Dövlət şəhidə "qanpulu" ödəməlidir, YOXSA ŞƏHİD DÖVLƏTƏ?


Qazi-şəhidlərdən dövlətə məcburi "qanpulu" ödənməsi tələbinə dövlət (başçısı) son qoyacaqmı?

Böyük Zəfərin 3-cü ildönümündə Prezidentin 7 noyabr 2023-cü il tarixli fərmanları ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları 20 faiz artırılıb. Sevindiricidir, hərbçilərimizin halal haqqıdır. Bir yandan fərmanın bu ildən hərbi qulluqçu qazi-əlil, şəhidlərə absurd qərarla- əlil-şəhidlərin dövlətə məcburi sığorta haqqı ödəməməsi əsası ilə şamil edilməməsi, ən azı anlaşılan deyil. Absurdluğa baxın, hərbi xidmətdən əlilliyə görə pensiyaya buraxılan qazidən, canını dövlətə qurban verən şəhiddən dövlət məcburi sığorta haqqı - “qanhaqqı” tələb edir!(?) Dövlət şəhidə “qanpulu” verməlidir, yoxsa şəhid dövlətə? Şəhid dövlətə qanını verib, indi bu qanın pulunu da şəhiddən, pensiyasından tuturlar? Belə sosial siyasət olar?

06.02.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə görə, qazi, əlil, şəhidlərin xidmətdə tutduqları vəzifələr üzrə əməkhaqqı-təminat xərcliyi artırıldıqda pensiyaları bu artıma uyğun yenidən hesablanır(dı). Böyük Zəfərin 2-ci ildönümündə - 05.11.2022-ci ildə bu maddə ləğv edildiyindən hərbçilərin təminat xərcliyinin artırılması savaş əlillərinin, şəhid ailələrinin pensiyalarının artımına gətirmir. Qazi, şəhid ailələrinə bu “diqqət və qayğı”nın “hüquqi əsasını” Nazirlər Kabinetinin sorğusu ilə Konstitusiya

Məhkəməsi (KM) Plenumunun 15.05.2020-ci il tarixli Qərarı təşkil edir. “Sosial hökumət” “Əmək pensiyaları haqqında” qanunun 1-ci maddəsində mötərizə içində vurğulanan “sonrakı artımlar”ın şərh edilməsini istəyib, Plenum da NK-nın istəyinə uyğun olaraq hərbiçilərin, qazi-şəhidlərin pensiyalarının sonradan artırılmasını sosial müdafiə, sığorta prinsipinə- sığorta haqqı- “qanhaqqı” ödəmədən “qanpulu”- sığorta ödənişi almağazidd sayıb. Düzdür, KM Plenumunun sözügedən qərarında “Əmək pensiyaları haqqında” qanunun 20.14-cü maddəsi əsasında pensiya alanlardan, yəni yaşa görə pensiyaçı hərbi qulluqçulardan söhbət gedir, amma 05.11.2022-ci il tarixli “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik əlil-şəhid ailələrini də bu “diqqət və qayğıdan” qıraqda qoymayıb. Qanundakı “sonrakı artımlar”ifadəsi “pensiyaya çıxan günədək olan artımlar” ilə əvəz olunub, 29.2maddəsi isə ləğv olunub. Dövlətin “diqqət və qayğısı”na baxın, əlil, şəhid olana kimi- pensiyaya çıxana kimi nə aldın-aldın, sonrakı artımlardan əlini üz. Niyə? Dövlətə məcburi sığorta haqqı ödənilmir!(?) Bəyəm hərbi qulluqçuların sığortaçısı elə dövlət deyil? Ortalıq 30-40 min civarında olan hərbi qulluqçu əlil, şəhidlərə bu maddəni tətbiq etməmək dövləti çoxmu ziyana salar?

Böyük Zəfərin 3-cü ildönümüdür. Bu böyük bayramla bağlı hökumət hardasa ağac əkir, hardasa ev tikir... Dövlət başçısı Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrin təminatını artırır. Qazi-şəhidlərə bu təminatdanüçildir heç nə düşmür. (05.11.2022-ci il tarixli qanun Konstitusiyaya zidd olaraq geriyə-Prezidentin bir il qabaqkı 23.12.2021-ci il tarixli hərbçilərin təminatının artırılması haqqında akta şamil edildiyindən təminatsızlığın yaşı üç ildir).

Fikrimizcə, dövlət (hakimiyyəti) “Əmək pensiyaları haqqında” qanunun 05.11.2022-ci il tarixli qanunla ləğv edilən 29.2 maddəsininqazi-şəhidlərə ilgidə bərpası haqqında fikirləşməlidir. Ən azı, şəhidin dövlətə məcburi sığorta haqqı, eldə deyildiyi kimi, qanhaqqı ödəməsi mümkünsüzlüyünü Milli Məclisin 120 deputatı fikirləşə bilmir?

Fikirləşmək gərəkdir, nədən şəhidlərin gəliri, dolanışığı yalnız qanlarından çıxır. Müqəddəs şəhid qanından haqq tələb etmək QAZİ DÖVLƏTə yaraşar?

Məğrur Bədəlsoy



Oxşar Xəbərlər

Xəbər lenti