Misir Mərdanovla Mirşahin Ağayevi bu səbəbə görə öldürmək istəyiblər - FAKTLAR


Bakı Ağır Cinayətlər Məhkəməsində  Faiq Zeynalov, Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İttihama görə bu şəxslər "Kərimə" dövləti qurmaq istəyiblər.

Hurriyyet.az-ın xəbərinə görə, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İlham Şıxəliyev 1992-ci ildə Şirvan şəhərində, Faiq Zeynalov 1988-ci ildə Bakı şəhərində, Hüseyn Hüseynzadə 2001-ci ildə Lənkəran rayonunda, Etibar Məmmədzadə  1994-cü ildə Bakı şəhərində, İlkin Bağırov 2000-ci ildə Sumqayıt şəhərində, Vüqar Mədətov 1992-ci ildə Sumqayıt şəhərində, Elvin Cəfərov 1993-cü ildə Mingəçevir şəhərində,

Elgün Ağayev 1997-ci ildə Füzulidə, Məhərrəməli Musayev 2004-cü ildə Biləsuvar şəhərində, Savalan Hüseynli 2001-ci ildə Tərtər rayonunda, Ruslan Əliyev 1987-ci ildə Abşeron rayonunda, Yusif Mirzəyev - 2003-cü ildə Gədəbəy rayonunda,  Mirvasid Əliyev isə 2006-cı ildə Bakı şəhərində anadan olublar.

Təqsirləndirilən İlham Şıxəliyev və Elvin Cəfərov  istintaq zamanı işgəncələrə məruz qaldıqlarını deyiblər.

Hazırlıq iclası dekabrın 27-nə kimi təxirə salınıb. 

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində iki nəfər – sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayev tanınıb.

Sabiq təhsil nazirin vaxtında təhsil ocaqlarında, məktəblərdə hicabın yığışdırılması ilə bağlı proseslərin məhz Misir Mərdanovun tapşırığına əsasən baş verməsi qənaətinə gəliblər. Guya antislam təbliğatı apardığına görə sabiq naziri cəzalandırmaq, həyatına sui-qəsd etmək planlaşdırılıb. Dəstə üzvləri tərəfindən onun işi yeri, yaşadığı ünvan müəyyənləşdirilib.

Mirşahin Ağayevin ötən ilin avqust ayında efirdən “İmam Hüseynova bacıları” deməsi və guya “Əbülfəz ağa”nı təhqir etməsi dəstə üzvlərində aqressiya yaradıb. Onu özlərinə məxsus tərzdə cəzalandırmaq, sağlamlığına zərər yetirmək qərarına gəliblər. İş yerini müəyyənləşdirdikdən sonra onu güdməyə başlayıblar.

Hər iki ictimai xadimin həyatına sui-qəsd törədilməsinə hazırlıqlara başlanılıb. Lakin bu ilin əvvəlində Faiq Zeynalov həbs olunduğuna görə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunduğuna görə cinayəti başa çatdıra bilməyiblər.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.

Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qisas 313” adlı qrupun 7 nəfər üzvü - Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyllərin daha da güclənməsinə şərait yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar.

R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb. R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti