Prezident seçilsələr, ilk qərarları bu olacaq - SORĞU


  • 7 fevralda Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə 7 namizəd mübarizə aparacaq. Əsas favorit şübhəsiz ki, 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyünü tam təmin edən, əhalinin və siyasi sferanın rəğbətini qazanmış İlham Əliyevdir. Buna baxmayaraq, 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün daha 6 nəfər namizədliyini irəli sürüb. Bəs digər namizədlər prezident seçiləcəkləri təqdirdə, ilk qərarları nə olacaq?

Metbuat.az bununla bağlı prezidentliyə namizədlər arasında sorğu keçirib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc bildirib ki, Zəfərdən sonra ölkəmizin yeni milli gündəliyinin formalaşdırılması ən başlıca məsələdir:

"Bu, çox önəmlidir və burada təkcə namizədlərin yox, bütün millətin iştirakına ehtiyac duyulur. Biz Böyük Qayıdışa, 1 milyon insanın ora köçürülməsinə, 400 min yeni iş yerinin yaradılmasına, emal sənayesinin qurulması və idxaldan asılılığın aradan qaldırılmasına, paytaxt və bölgələr arasında disbalansın aradan qaldırılmasına diqqət yetirəcəyik. Gənclər və uşaqlarla bağlı məsələlərdə çox ciddi hədəflərimiz mövcuddur. Bizim üçün ideyalarımızın qalib gəlməsi önəmlidir".

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa qeyd edib ki, ilk qərarı təhsillə bağlı olacaq:

"Təhsil sistemimizin yenidən qurulması, Elm və Təhsil Nazirliyinin ləğv olunması, tədqiqat universitetlərinin yaradılması istiqamətində real işlərin görülməsi - ilk olaraq bunlara diqqət yetiriləcək. Mənim üçün təhsil önəmli məsələdir, ölkənin təhsili çöküb, onu ayağa qaldırmaq lazımdır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev isə, ilk qərar olaraq əfv fərmanı imzalayacaq:

"Qarabağ üzərində suverenliyimizin bərpası ilə əlaqədar amnistiya haqqında qərar layihəsi Milli Məclisə göndəriləcək, Milli Birlik hökuməti formalaşdırılacaq".

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev deyib ki, ilk qərarım uşaq pulu ilə bağlı olacaq:

"Bu, çox həssas və hər bir vətəndaşın gözlədiyi məsələdir. Bizim proqramımızda da qeyd edilib ki, 18 yaşına qədər hər ay 100 azn veriləcək. Seçilsəm, ilk sərəncamım bu olacaq".

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev isə seçiləcəyi təqdirdə ilk olaraq mətbuatla bağlı qərarlar imzalayacaq:

"Mən prezident seçilsəm, ilk qərarım mətbuatın həqiqi azadlığı ilə bağlı olacaq. Çünki ölkədə azad media olmadan, heç nəyə nail olmaq mümkün deyil".

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev isə bir sıra sosial əhəmiyyətli qərarlar verəcəyini bildirib:

"İlk sərəncamımız uşaq pulunun verilməsi ilə bağlı, ikinci, qaz limitinin aradan qaldırılması və pensiya yaşının qadınlar üçün 60, kişilər üçün 62 yaşa endirilməsi olacaq. Daha sonra, insanların 65 yaşda məcburi pensiyaya göndərilməsi qaydası ləğv ediləcək. Həmçinin, sosial evlərin tikilməsi və 5-7 il ərzində gənclərin sosial evlərə olan təlabatını ödəmək üçün Neft Fondunun xaricdə saxlanılan 7 milyard manat vəsaiti ölkə iqtisadiyyatına yatırılacaq".



Oxşar Xəbərlər

Xəbər lenti