Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
İranın dəstəklədiyi İraqın “Kətaib Hizbullah” milis qruplaşmasının İordaniyadakı Amerika bazasına hücumuna “cavab verəcəyini” açıqlayan ABŞ əməliyyata başlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələri və ona bağlı milis qruplarına qarşı hava hücumları həyata keçirdiklərini açıqlayıb. ABŞ prezidenti Co Bayden İordaniyada öldürülən Amerika əsgərlərinin dəfn mərasimində iştirak etdikdən sonra əməliyyat üçün düyməyə basılıb.
Hurriyyet.az xəbər verir ki, ABŞ rəsmilərinin sözlərinə görə, zərbələr son bir neçə həftədə İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı əvvəlki hücumlardan daha sərt və “qat-qat çox” olacaq.
CBS xəbər saytına danışan mənbələr hücumların bir neçə gün davam edə biləcəyini bildirib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin prezident Baydenin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı silahlı qruplara qarşı əlavə tədbirlər görməyə göstəriş verdiyini açıqlayıb.
“Bu, cavabımızın başlanğıcıdır” - Ostin deyib.
AFP xəbər agentliyi hava zərbələri nəticəsində ən azı 18 döyüşçünün öldürüldüyünü açıqlayıb. Suriya Xarici İşlər Nazirliyi isə ABŞ-ın Suriya və İraqda gecə boyu həyata keçirdiyi hava hücumlarını pisləyib. "ABŞ-ın hücumları Yaxın Şərqdə münaqişənin təhlükəli şəkildə alovlanmasına xidmət edir", - bəyanatda deyilir.
Qeyd edək ki, ötən həftə İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib. Hücum nəticəsində 3 ABŞ əsgərinin ölüb, çoxlu sayda əsgər yaralanıb. ABŞ prezidenti Co Bayden İranı günahlandırsa da, İran ittihamları rədd edib. Bayden hücumu “qəbuledilməz” hesab edib və sərt cavab vəd edib. Keçmiş prezident Donald Tramp "Üçüncü Dünya müharibəsi"nin astanasında olduğumuzu iddia edib, respublikaçı senator Lindsey Graham isə Baydeni İrana zərbə endirməyə çağırıb.
Musavat.com