8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Unudulan adət və inanclar
Bu gün ölkəmizdə ilaxır çərşənbələrin üçüncüsü, Yel çərşənbəsi qeyd olunur. El arasında bəzən Yel çərşənbəsinə “Küləkli çərşənbə” də deyirlər. İnanca görə, yel hava, həyat, təbiətin yenidən doğulması anlamına gəlir.
Qeyd edək ki, bir çox bölgələrdə çərşənbələrin yeri dəyişdirilir. Məsələn, bu gün əksəriyyət Yel çərşənbəsini qeyd edirsə, ayrı-ayrı bölgələrdə, o cümlədən Naxçıvanda Torpaq çərşənbəsi kimi qeyd olunur. Hətta bu barədə folklorşünas və araşdırmaçıların da fikirləri üst-üstə düşmür. İddialara görə, “Avesta”da Novruz bayramının və çərşənbələrin kifayət qədər açılımı verilib və izah olunub. Belə ki, “Avest”ya görə, ilk tanrı Ahura Məzdadır. O, ilk olaraq dünyadakı xaos və qarışıqlıqdan suyu ayırıb. İkinci isə Günəşin istisi ilə suyun müəyyən hissəsini buxarlandıraraq xassələrə ayırıb və bu zaman torpaq üzə çıxıb. Daha sonra isə hava və yel digər varlıqları hərəkətə gətirib. Bu baxımdan üçüncü çərşənbənin Torpaq, sonuncu çərşənbənin isə Yel çərşənbəsi kimi keçirilməsinin doğru olduğu iddia edilir.
Ümumiyyətlə, çərşənbələrlə adət-ənənəni araşdıranda müxtəlifliyə rast gəlirik. Tədqiqatçılar həmrəy olub, əsl sıralamanı verə bilmirlər.
Yel çərşənbəsinin adət-ənənələrinə gəldikdə, bu çərşənbə də digər xüsusiyyətlərinə görə fərqlənir. Məhz bu çərşənbədə evlərdə təmizlik işləri aparılır, hər tərəf səliqəyə salınır. İnanca görə, yel, külək insanlara xoş təəssürat bəxş edəcək. Belə ki, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Bu barədə folklorumuzda müxtəlif əfsanələr, rəvayətlər, nəğmələr də mövcuddur.
Yel çərşənbəsinin unudulmuş adətləri:
“Yüyət günü”: Yel çərşənbəsində “yüyət günü”nü mütləq keçirərdilər. Bu adət son illərə qədər az da olsa bəzi kəndlərdə qalırdı. Bu gün insanın özü təmizlənməklə yanaşı, ev-eşiyini də səliqəyə salır, həyət-bacasını təmizləyir. Bu, iməcilikdən başqa, həm də bir ayin, inancdır.
Cıdır falı: bunu oğlanlar icra edir. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi. Hər halda, insanlar buna inanırdılar.
Çökə: Bu, unudulmuş adət yox, unudulmuş şirniyyat növüdür. Bizim bildiyimiz şəkərburaya oxşasa da ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq evə gələn qonağa verilirdi.
Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısından arxası həyətə doğru qalıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa, o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardır.
Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var.
Məsələn, “Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”, “Yel əsir, yengələr oynayır”, “Yel aparan yelinki, yerdə qalan mənimki”, “Kələknən gələn, küləknən gedər”, “Yel qayadan nə aparar”...
Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.