"SƏNƏTƏ ƏVƏT" İNSANA, ÖLKƏYƏ, BARIŞA ƏVƏTDİR"

 

Türkiyəli məşhur: "Neqativ verilişlər insanları sabaha ümidsiz edib”

Tamər Ləvənt: "Uşaq oxumaq istəmir ki, Polad Ələmdar olacam” - "Onun-bunun parasını çalıb, canına qəsdmi edəcək?

Türkiyənin tanınmış sənətçisi Tamər Ləvənt Bakıya bir günlük səfəri müddətində"Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovun müsafiri olub. Biz də fürsəti əldən verməyib türk qonağı sorgu-suala çəkdik. Hiss elədik ki, insanı texnikiləşdirən, mənəviyyatdan uzaqlaşdıran "tərəqqi”nin sosial güzəranımızı arxa plana atması Tamər bəyi ciddi narahat edir. Və o, bu yöndəki əndişələrini paylaşmaq istəyir. O üzdən də söhbətimiz ənənəvi məcradan çıxıb fərqli səmt aldı.

Türkiyəli sənət elçisinin "Sənətə əvət” çağırışını biz də sizinlə paylaşırıq:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotinsanliin_leyhin_ynlik_texnolojini_snt_durduracaqquot#)

Siyasətçiləri də sənət yönəldir

- Halbuki insanlar yeni nələrsə yaratmağa çalışmalıdırlar. Bayaq dediyim kimi, hər kəs içindəki bacarığı üzə çıxarmağa çalışmalıdır. Buna görə biz insanların biri-birini yaşatması üçün nə edə biləcəyimizi araşdırmalıyıq. Qoy siyasətçilər nə edəcəksə, etsinlər. Onsuz da onlara səmti sənətçilər göstərir.

Deyək ki, Türkiyə ilə Fransanın münasibəti pozulub. Mədəni əlaqələr də kəsilməlidirmi? Bir ara Fransayla ticari ilişgilər də yasaqlandı. Təyyarəmi, nəmi alacaqdılar, razılaşmadılar. Bizim Fransayla turnemizə də qadağa qoyuldu. Halbuki biz dövlət teatrı olaraq Fransaya turneyə getmişdik.

Mən də çıxıb dedim, qusura baxmayın, biz bu yasağı qaldıracağıq. Bu qrupu Türkiyəyə gətirəcəyik. Çünki biz düşünürük ki, siyasilərin davranışlarında ortaya çıxan sorunları sənət olaraq biz aradan qaldıracağıq.

Bir sənət jesti qaynar savaş ortamını soyutdu

İkinci Dünya savaşı bitdikdən sonra ölkələrarası mədəni yaxınlaşma adlı proqram ortaya çıxmışdı. Bu proqramın o zaman çox müsbət təsirləri vardı. Amma o sonradan effektini itirdi. Avropa ölkələrində isə hələ də davam edir. Həftəsonu Macarıstandan bir orkestr baxırsan Lüksenburqa gedir. Musiqi alətləri çiyinlərində bircə gün çıxış edib qayıdırlar.

İlk Orta Şərq savaşı olanda Amerika Hataya əsgər göndərdi. Sonra qərara gəldilər ki, daha göndərməyəcəklər. O dönəmdə bütün media savaşdan söz edirdi. O zamanlar da mən vəqf başqanıydım. İngiltərədə məşhur Qlob teatrı var, bilirsiniz. Bir nəfər oradan gəldi, dedi ki, bu teatr yenidən bərpa edirlir. O teatrda da bir yuvarlaq yer var, insanlar ayaq ustə seyr edirlər. Həmin yerdən fındıq qabığı çıxıb, ora yenidən bir neçə ton fındıq qabığı tökülməlidir. Düşündüm ki, bu qaynar ortamı nəylə soyutmaq olar. "Fisko” birlik başqanına telefon açdım, halbuki heç şəxsən tanımırdım. Dedim ki, 7 ton yarım fındıq qabığı lazımdır. Dedi neynəyəcəksən? Qayıtdım ki, Londonda teatra göndərəcəm. Heç demə o məni tanıyırmış. Dedi, sən istəyəcəksən, mən verməyəcəmmi? Sağ olsun, fındığı da, onu daşıyan tırları da pulsuz verdi. Bunun üçün kraliça da özəl uçak göndərdi. Kraliyyet Hava Qüvvələrinin bombardman təyyarələri var ha, altı boş, tank-filan daşıyır, bax onlardan.

O zaman qaynar savaş xəbərlərinin içində bizim bu işimiz qəzetlərin manşeti oldu. Birdən-birə gündəm dəyişdi və bu, həmin ərəfədə dünyanın ən simpatik xəbəri seçildi. Baxın bu da "Sənətə əvət” idi.

Anlaşıncaya qədər danışaq

Dünya "Sənətə əvət” deməlidir. Bunun üçün mən eqoist olmayacam, adam satmayacam. Oturub anlaşıncaya qədər danışacam.

İngilislər 17-ci əsrdə problemi çözmək üçün biri-birilərinə teatr oynarlarmış. Sonra da deyirmişlər ki, bax, indi mənə haqq verirsən, ya yox. Çünki insanlar biri-birini yanlış anlayırlar. Mən yoldaşımla 40 ildir evliyəm. Hələ də bir-birmizi bəzi məsələlərdə yanlış anlayırıq.

İnsanları barışa gətirməyin tək yolu anlaşmaqdır. Hüqüqda arbitreyşen anlayışı var, məhkəməyə qədər anlaşma. Yəni qardaş, məhkəmə getmədən problemin çözülə bilər. Oturaq, danışaq, anlaşaq. Nədir alıb-vermədiyiniz, çözək.

Özümüzü danışmaqdan çox dinləməyə öyrətməliyik

- Əslində bu dədə-babadan qalma gələnəkdir. İstənilən mübahisələri ağsaqqllarımız çözərdi.

- Bəli, məhz həmin ağsaqqallıq missiyası "Sanata əvət” idi. Bizim də dediyimiz elə budur. "Sanata evet” deyincə nə olacaq, ağsaqqalların etdiyi kimi insanlar danışıb, anlaşacaqlar. Biz çox zaman danışırıq, amma dinləmirik. Qarşı tərəfin nə dediyinə önəm verməkdənsə, ona tutarlı cavab verməyə hazırlaşırıq. O deyir "həmdən həmə”, sən deyirsən "dəmdən dəmə”. Ona görə də biz cavab verməkdən öncə dinləməyi öyrənməliyik. İnsanlar mərhəmətli olmaqdan çox tez yorulurlar. Deyirlər yaxşı olub, neylədik ki, düz elə düzdə qalır. Amma din də, mədəniyyət də, sənət də "iyi ol”, "adil ol” deyir. Qandi kimi. Bu anlamda Qandi möhtəşəm bir adamdı. İnsanlığı yaşatmaq üçün örnək bir həyatı oldu. Hindistanı sümürgən ingilislərin əlindən alıb hindlilərə bağımsızlık qazandırdı. İngilislər əqrəb kimi hindlilərin sırtına minib qanını sümürürdü.

Yaşa dolduqca anladım ki...

- Hər kəsin içində bir mərhəmət, bir yaxşılıq var. Yəqin ki, bunu oyatmaq lazımdır...

- Təbii. Böyüklərimiz də bizə belə tövsiyyə edərdi. Uşaq vaxtı mən çox davakardım. Haqsızlığa heç dözməzdim. Amma böyüklərimiz deyərdi ki, biri sənə şillə çəksə, o biri üzünü çevir. Etiraz edərdim ki, nədən o biri üzümü çevirim, mən onun dərsini verəcəm. Yaşa dolduqca anladım ki, o biri üzümü çevirməklə, mən qarşımdakına səbr, müdriklik göstərib, dərs vermiş oluram. Bu qədər öyüdlə böyüyürük, amma onlara əməl edirikmi? Sənət həm də bu öyüd-nəsihəti bizə tərbiyəvi tərəfdən açır. Əslində bütün dünya kültürləri də bunu öyrədir.

İnsanların ümidləri yorğundur

- "Sənətə əvət” televiziyaların da başlıca amacı olmalıdır. Amma təəssüf ki, bu gün televiziyalar daha çox neqativə köklənib.

- Elədir. Bizim toplumu fərqli bir psixologiyaya yönəltməyimiz lazımdır. Amma indi savaşçı olmağa yönəldirlər. Bir "Kurtlar vadisi” dizisi vardı, bilirsiz, onu izləyən bütün uşaqlar Polad Ələmdar olmaq istəyir. Bir gün bir tanıdığımın dükanında gedib oturdum. Dedi ki, uşağım artıq oxumaq istəmir. Deyib ki, oxuyub nə olacam? Mən Polad Ələmdar olmaq istəyirəm. Dedim o necə Polad Ələmdar olmaq istəyir? Polad Ələmdar olma məktəbimi var? Gözünü qaraldıb, onun-bunun parasını çalıb, canına qəsdmi edəcək?

Sürəkli ölürlər... lap bilgisayar oyunlarındakı kimi

Televiziyalardakı şou, kriminal və bu kimi proqramlarsa qaçışdır. İnsanların ümidləri çox yorğundur. Bunlarla insanlar qafalarını boşaldırlar. Çünki insanların sabahları haqda fikirləri yoxdur. Üzülürlər. Həyatın sonrasıyla bağlı bir qatqıları olub-olmayacagından xəbərsizdirlər. Həyata qatılmaq da istəyirlər. Amma baxırlar ki, sürəkli bir şeylər olur, pozuk para kimi insanlar ölürlər. Lap bilgisayar oyunlarındakı kimi. Bu da onları qorxuya salır.

2019 "UNESKO” "Sənətə əvət” ili olsun

- Amma insanın özünə dönüşü kimi bir şey də var.

- İnsanların özlərinə dönmələri lazım. "Sənətə əvət” də bunu deyir. İnternet çağıdır, sürətli informasiya mübadiləsi gedir. Madam biz indi nəyin niyə baş verdiyini anlayırıq, o zaman bu mövzuda ölkələrarası işbirliyinə qatılaq. 2019-cu ildə YUNESKO-ya bir dünya ili adı qoyaq. Bu "Sənətə əvət” ili olsun.

Sevil-Rəna, Hurriyyet.org

 



Oxşar Xəbərlər

Xəbər lenti