Naxçıvan “canişinliyi”nin məmurları Bakıya niyə qaçırlar... - İLGİNC GƏLİŞMƏ...

Naxçıvan “canişinliyi”nin məmurları Bakıya niyə qaçırlar...
2022-ci ilin sonlarında Naxçıvan sakinləri 30 ildə ilk dəfə böyük bayram əhval ruhiyyəsi yaşadılar. Muxtar Respublikanı Azərbaycanın “Şimali Koreya”sına çevirən Vasif Talıbov istefa ərizəsi yazaraq öz işindən uzaqlaşmış, üzərindən az keçməmiş 22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli adlı birisi Naxçıvan MR-da Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunmuşdu. Tərcümeyi-halında ODTÜ məzunu kimi təqdim olunan bu adamın Muxtar Respublikaya yeni rəhbər təyin edilməsi hər kəsi sevindirmişdi. Hər kəs düşünürdü ki, dünyagörmüş, Türkiyənin ən qabaqcıl universitetlərindən birindən məzun olan bu şəxsiyyət hər halda “XX əsr”i “xı-xı əsr” kimi oxumayacaq biridir; dolayısıyla Naxçıvana yeni idarəçilik qaydaları gətirəcək və tarixində ilk dəfə bu torpaqlarda qurd quzuyla otlayacaq.

Üzərindən il yarım keçməsinə baxmayaraq, Naxçıvan insanı demək olar ki, hər gün xəyal qırıqlığına uğrayır. Zira, Vasif Talıbovdan miras qalan problemlər nəinki öz həllini tapmır, əksinə bir çox çətinliklər getdikcə dərinləşir, hər gün yeni “qəmbərqulu”lar çıxır. Hazırda Naxçıvanda tikinti sektoru tamamən çökmüş vəziyyətdədir, minlərlə insan gündəlik çörək puluna həsrət qalıb. Tibb sektorunda aparılan dəyişikliklər nəticəsində xəstəxanalar tamamilə bu sahəyə yad adamların əlinə keçib. Təhsil ocaqlarından da hər gün çox saylı şikayətlər gəlir və sairə, və ilaxır. Bir sözlə, Naxçıvanda heç nə və heç kim öz yerində deyil. Məhz bu səbəbdən də, redaksiyamıza müraciət edən şikayətilərin böyük əksəriyyəti salam-əleykdən sonra Vasif Talıbovun atasına rəhmət oxuyur, keçmiş günlərin nostalgiyasını dilə gətirirlər.
Maraqlıdır ki, Fuad Nəcəflinin tərəfdarları da Naxçıvanda problemlərin mövcudluğunu etiraf edir, amma bunların hamısında keçmiş rəhbərliyi günahlandırırlar. Məsələn, Mənsur Əsgərli adlı iş adamı bizim Naxçıvanla bağlı paylaşımımızın altında yazdığı uzun-uzadı rəyində eynilə bu sözləri yazıb: “…Qaldı naxçıvandakı vəziyyətə;

İslahatlar aparılır, araşdırmalar edilir və işıqlı gələcəyə dogru görüləcək işlər fundamental əsaslı, yeni dövrə müasirliyə dünyəviliyə hesablanmış layihələr əsasında işlər tələsik olmur. İndi 2 ildə asandırmı sizcə naxçıvanda 30 ildə plansız işləri araşdırıb təhlil etmək və əsaslı, müasir, dünyəvi naxçıvan qurmaq?...

Problemlər var bəli, işsizlikdi, insanlarımızın maddi vəziyyəti çətin olanlar da az deyil. Ancaq bu keçicidi...”

Göründüyü kimi, Naxçıvanda böyük quruculuq işlərinin, islahatların getdiyindən dəm vuran iş adamı Muxtar Respublikada ciddi problemlərin də olduğunu gizlətmir və bütün günahları 30 illik Vasif Talıbov rejiminin üzərinə atır. O, Naxçıvandan gələn şikayətlərdə Vasif Talıbovun nostalgiyası notlarının mövcudluğunu da eyni məntiqlə izah edir: “Heydər Oğuz bəy o 80 faiziydi bir vaxt xalq düşməni edən Talıbovu. Elə onun tör töküntüləridi problem yaradanlar. Təmizlənməlidi”.

Bir sözlə, Fuad Nəcəflinin fəaliyyətini tərifləyə-tərifləyə göylərə qaldıran iş adamının fikrincə, Naxçıvanda yeganə bir çatışmazlıq var – 37-ci illərin repressiyası. O da öz həllini tapsa, Naxçıvan yenidən dönüb olacaq “Şimali Koreya” kimi xoşbəxt bir məmləkət.

Biz, sözsüz ki, hər kəsin fikirlərinə sayğı ilə yanaşır, bunu demokratiyanın vazkeçilməz bir dəyəri olaraq qəbul edirik. Odur ki, Fuad Nəcəfli komandasının “Davam edir 37, daha kəskin, daha ciddi” fəlsəfəsinin də yaşamaq haqqının olduğuna inanırıq. Amma gəlin, görək, doğrudanmı Naxçıvanda bu gün mövcud olan bütün problemlərin kökündə Vasif Talıbovun “tör-tüküntüləri” dayanır?

Sirr deyil ki, Naxçıvanda Vasif Talıbov dövründən qalan hardasa yeganə kadr Baş nazir Səbuhi Məmmədov idi, onu da bu yaxınlarda istefaya göndərib yerinə buğ yeri yenicə tərləmiş Ceyhun Ramiz oğlu Cəlilov adlı birisini gətirdilər. Ondan əvvəl isə demək olar ki, bütün nazirliklərin, komitə və baş idarələrin rəhbərləri dəyişilmiş, Bakıdan gətirilmiş yenilərlə əvəz olunmuşdur. Deməli, Fuad Nəcəflinin sözçülərinin haqqında danışdığımız fikirlərini MR-nin Nazirlər Kabinetinə, müxtəlif Komitə və İdarələrə şamil etmək olmaz.
O halda növbəti sual ortaya çıxır: Bəlkə problem daha aşağı hakimiyyət qollarındadır? Mümkündürmü ki, Naxçıvandakı nazirlər, komitə sədrləri və s. kimi dövlət qurumunun rəhbərləri doğrudan da süddən çıxmış ağ qaşıqdırlar, amma aşağılar əvvəlki qaydada işləyırlər, nəticədə Fuad Nəcəfli həzrətlərinin apardığı islahatlar havadan asılı qalır?

Naxçıvandakı etibarlı mənbələrdən aldığımız məlumata görə, hakimiyyətin aşağı qollarında da Fuad Nəcəfli həzrətlərinin sözçüsülərinin təbirincə desək, əməlli-başlı “təmizlənmə” işləri aparılıb. Köhnə komandanın bütün üzvləri işdən çıxarılıb, yerlərinə Bakıdan “xüsusi reyslərlə gətirilmiş” kadrlar qoyulub. Amma dərd burasındadır ki, həmin “süddən çıxmış ağ qaşıq”lar belə öz vəzifələrində ya ümidləri doğrulda, ya da ümumiyyətlə işləyə bilməyiblər.
Etibarlı mənbəmizin iddiasına ən bariz sübut olaraq Naxçıvan şəhər hakimiyyətindəki kadr dəyişikliklərini göstərib. Onun iddiasına görə, “27 iyul 2023- cü il tarixində "canişin" əfəndi (səlahiyyəti nümayəndə nəzərdə tutulur) tərəfindən şəhər icra hakimiyyətinə müdaxilə edilərək, öz işini bilən bütün təsərrüfat müdirləri bir gündə işdən uzaqlaşdırılıb, yerlərinə Bakıdan yeni kadrlar gətirilib. Qaynağımız yeni kadrların iş qabiliyyətini bu cür xarakterizə edir - “savadsız , təsərrufatdan başı çıxmayan və kommunal sahəyə yad adamlar”:“Yerlərinə Bakıdan savadsız , təsərrufatdan başı çıxmayan və kommunal sahəyə yad adamlar gətirildi. Özu də icra başcısı buna məcbur edilərək”.

Bəs, mənbəmizin ifadəsi ilə desək, “canişin əfəndi”nin bu yeni kadrları kimlərdir?

Onlardan birinin adı Anar Həziyevdir. İddiaya inansaq, Anar Həziyev səlahiyyətli nümayəndənin tapşırığı ilə Naxçıvan şəhər İstilik Təsərrufatı İdarəsinə müdir təyin olunub.
“Bundan əvvəl isə o, Talıbovun vaxtında 2019-2020-ci illərdə sabiq Baş nazir Səbuhi Məmmədovla əlbir olub Sukanalizasiya idarəsinin 1.600.000 manat material pulunu basıb yemişdi. Talıbov evinə qədər satdırıb vəsaiti büdcəyə geri ödətdirmişdi”, - mənbəmiz bildirir.

Naxçıvan meriyasının bir başqa yeni kadrı Zəka Seyidovdur. O da Fuad Nəcəflinin tapşırığı ilə ötən il Naxçıvan Yaşıllaşdırma Xidmətinin mudiri vəzifəsinə gətirilib. “Zəka Seyidov Daxili İşlər orqanlarının pensiyaçısıdır”, -deyən mənbəmizin iddiasına görə, bu yeni təyinat möhrətəm seyidə heç düşməyib. O, rəhbərlik etdiyi idarəyə ləvazimatları mağazalardan nisyə alıb. Nəticədə 17 min manat borclanıb. Ərizəsini yazıb işdən çıxanda idarənin borclarını masanın üzərinə qoyub. Xəbəri Fuad Nəcəfliyə çatdırıblar. Fuad Nəcəflinin cavabı isə Zəka Seyidov üçün çox gözlənilməz olub: “Zəhmət çəksin, öz cibindən ödəsin”. Qısası, Zəka Seyidovun müdirliyi “bildirçin bəyliyi” kimi uzun sürməyib. Amma bildirçindən fərqli olaraq, o, darı da yeyə bilməyib, əksinə 17 min manat ziyana düşüb. Halbuki, Seyidov bu vəzifəyə təyin olunanda ona və digər həmkarlarına şəffaf işləyəcəkləri təqdirdə, ayda 5 min manat “paket” vəd edilibmiş. Seyidova bu “paketi” görmək nəsib olmayıb.

“Canişin” həzrətləinin digər yeni kadrının da keçmiş polis əməkdaşı olduğunu vurğulanır. Söhbət ötən il iyul ayında Naxçıvan şəhər Su-kanalizasiya İdarəsinə müdir təyin olunmuş Mustafa Mustafayevdən gedir. Mustafa bəyin “xan” zamanında Naxçıvan MR DİN-in 7-ci şöbəsində işlədiyi və işində yol verdiyi nöqsanlara görə istefaya göndərildiyi bildirilir. Mənbəmizin iddasına görə, Mustafa Mustafayev yeni işində də gül vurub: “Deyilənlərə görə, onun rəhbərlik etdiyi qısa müddət ərzində Naxçıvan şəhər Su-kanalizasiya İdarəsində ciddi yeyintilər üzə çıxıb”. Qeyd edək ki, mənbəmiz həzmi-rabedən keçirilən məbləğin miqdarını da açıqlayıb. Amma əlimizdə bu faktı təsdiqləyən heç bir sənəd olmadığından konkret rəqəm göstərmirik.

Mənbəmiz həm Su-kanalizasiya, həm də Yaşıllaşdırma idarələrinə istefada olan polislərin rəhbər təyin olunmasını nəzərdə tutaraq soruşur: “Polis hara, yaşıllaşdırma və sukanalizasiya hara?”.

Ən maraqlısı isə odur ki, eyni gündə Naxçıvan meriyasının müxtəlif idarələrinə müdir təyin olunan bu adamlar elə eyni gündə də istefa ərizələrini verib Bakıya qaçıblar. Onlardan boşalan xidməti vəzifələrə yeni kadrlar axtarılır. Könlündən vəzifə keçən varsa, “canişin” əfəndini ziyarət etmələri tövsiyyə olunur. (Bu da bizim “canişin” əfəndiyə müftə reklamımız olsun. Təki, ora-bura zəng edib, onu niyə tərifləmədiyimizdən şikayət etməsin).

OVQAT.COM



Oxşar Xəbərlər

Xəbər lenti