İlin sonunda əfv ola bilər: Azərbaycan yanvarda AŞ PA-ya qayıdır? - DİPLOMATİK DANIŞIQLAR BAŞLANIB


Azərbaycan deputat qrupunun  AŞ PA-nın 2025-ci il üçün ilk sessiyasında mandatı təsdiqlənə bilər. 

Sozcu.info xəbər verir ki, bu barədə Gununsesi.info-ya məlumatlı mənbələr bildirib.

Xəbərə görə, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu proseslə bağlı diplomatik danışıqlara başlayıb.

Bildirilir ki, Elçin Əmirbəyovun Avropa Şurası rəhbərliyi və quruma üzv ölkələrin bir neçəsinin xarici işlər naziri ilə bu mövzuda müzakirə aparıb.

Azərbaycanlı diplomat ölkəmizin nümayəndə heyətinin  qurumun yanvar sessiyasında mandatının təsdiq olunmasında maraqlı olduğunu bəyan edib.

Elçin Əmirbəyov Azərbaycanın dialoq çərçivəsində insan haqları məsələlərini müzakirə etməyə hazır olduğunu da dilə gətirib.

Bununla belə bildirilir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl münasibətilə əfv sərəncamının olacağı təqdirdə ölkəmizin AŞ PA-ya qayıdışı üçün “yaşıl işıq” yandırılacaq.

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov isə Gununsesi.info-ya deyib ki, Azərbaycanın AŞ PA-ya qayıtması ölkəmizə qarşı qərəzli münasibətin ortadan qalxmasından sonra mümkündür: “Özləri səhvlərini etiraf etməli, Azərbaycanla münasibətləri dialoq platformasına keçirmək istədiklərini bəyan etməlidirlər. Biz bunu görmək istəyirik”. 

Bununla belə onu da xatırladaq ki, yeni Çağırış Milli Məclisdə bütün beynəlxalq qurumlarda təmsilçilik üçün deputat qrupunun tərkibi təsdiqlənsə də bu, AŞ PA-ya şamil edilməyib.



Oxşar Xəbərlər

Xəbər lenti