Güneyli soydaşlarımızı Ermənistana ziyarətə aparan səbəblər

 

Sabir Rüstəmxanlı: "Burada konkret olaraq bir səbəb göstərmək olmaz...”

Bu il də Novruz bayramı münasibətilə İrandan ölkəmizə çoxsaylı turistlərin gəldiyinin şahidi olduq. Onların arasında güneyli soydaşlarımız da az deyil. Bayram günlərində musavat.com-un əməkdaşlarının hazırladığı reportajlardan da məlum olurdu ki, ölkəmizə təşrif buyuranlar daha çox təbrizli, ərdəbilli, urmiyalılardır. Lakin bu il də Novruz bayramı münasibətilə İrandan çoxsaylı turist Ermənistana üz tutdu. Onların arasında azərbaycanlıların da olması yenə təəssüf doğurdu.

Bəs güneyli soydaşlarımızı düşmən ölkəyə cəlb edən nədir?

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı "Yeni Müsavat”a açıqlamasında bunun "çox mürəkkəb məsələ” olduğunu dedi:"İlk növbədə görünür ki, güneyli-quzeyli 50 milyonluq insanımızın milli şüuru, birlik duyğusu hələ o qədər inkişaf etməyib ki, millətin bir tərəfinin düşməni həm də o biri tərəfinin düşməni sayılsın. Bunun da səbəbləri var. Məlumdur ki, Ermənistana gedənlər İran dövlətinin vətəndaşlarıdır. İran da gecə-gündüz Ermənistanla dostluq-qardaşlıq təbliğatı aparır, beləliklə, farslar özlərini ermənilərlə qohum hesab edir, bu təbliğat da istər-istəməz Güneydə yaşayan bəzi soydaşlarımıza təsir edir. İkinci bir tərəfdən, Ermənistana gedən soydaşlarımız üçün fərqi yoxdur, Novruz bayramını İrəvanda keçirmək köhnə İrəvan xanlığının ruhunu dirçəltməkdir, İrəvanın bizim şəhər, torpaqlarının bizimki olduğunu xatırlatmaqdır. Bəlkə də o qədim torpaqların ermənilərə aid olmayan qədim türk ruhnları çəkib aparır”.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı ile ilgili görsel sonucu

Sabir Rüstəmxanlı məsələnin daha bir səbəbindən də söz açdı: "Üçüncü bir səbəb isə bizdəki maneələrlə bağlıdır. Bakı son dərəcə gözəl, abad, daha doğma şəhərdir, hotelləri İrəvandakından daha rahat, komfortludur. Lakin bizdə başqa şərtlər var ki, onlar da nəzərə alınmalıdır. Məsələn, İranda son vaxtlar iqtisadi böhran yaşanır və orada yaşayan insanların qazancı ildən-ilə daha da azalır. Belə olan halda soydaşlarımız artıq keyfiyyət yox, daha çox ucuzluq axtarırlar. Bu baxımdan İrəvandakı keyfiyyətin aşağı olub-olmamasından asılı olmayaraq onlar ucuzluq arxasınca gedirlər. Çalışırlar ki, daha çox gediş-gəlişdə az maneə olan yerə səfər etsinlər. Bu baxımdan bizdə hələ də bir çox problemlər, o cümlədən bürokratik əngəllər, hotellərdə kobud davranışlar, müxtəlif qeyri-qanuni tələblər, rüşvət amilləri var. Bütün bunlar camaatı yorur, bəzən də iyrəndirir. Bəziləri hələ də anlamır ki, Güneydən gələn bizim qardaşlarımızdır”.

Sabir Rüstəmxanlıya görə, güneyli soydaşlarımızın ölkəmizdə ildən-ilə qarşılaşdığı çətinliklər onların üzünü ayrı səmtə döndərməsinə səbəb olur: "Vaxtilə bir yazımda da qeyd etmişdim ki, Vətən çox şirindir, adamı çəkir, gedib görmək istəyirsən. Amma eyni zamanda vətəndə haqq-ədalət də görmək  istəyirsən. Lakin elə ki, orada bir balaca ürəkbulandıran amil gördün, onda o vətən sevgisini də bir kənara qoyub, ədalət sevgisinin arxasınca gedirsən. Ona görə də burada konkret olaraq bir səbəb göstərmək olmaz”.

Cəmşid Zareyi ile ilgili görsel sonucu

Təbrizin tanınmış milli-mədəni fəallarından biri olan Cəmşid Zareyi də mövzu ilə bağlı şərh bildirib: "İran millətinin, xüsusən də güney azərbaycanlıların Ermənistana getməsi ilə bağlı çoxlu səbəblər var.  Ən əsası vizanın olmaması, İranda iqtisadi böhranın yaşanmasıdır. İqtisadi gərginliklə əlaqədar az gəliri olan soydaşlarımız 3-4 günlük olaraq Ermənistana getməyə qərar verirlər. Qeyd etdiyim kimi, İran hökuməti Ermənistanla bağlı çoxsaylı reklam, təbliğat işləri aparır. Hətta sərhəddə bəzən Türkiyəyə, Azərbaycana gedən insanları incidirlər ki, bəlkə fikirlərindən daşınsınlar. Bu il Türkiyəyə gələn iranlılar bildirdilər ki, 15 saata qədər sərhəddə gözləməli olublar. Başqa bir səbəb isə Ermənistanda içkilərin ucuz olması, rahat əxlaqsız davranışların mümkünlüyüdür. Həmçinin bayram günlərində Ermənistanın Avropadan, Amerikadan fars müğənniləri dəvət etməsi, onlar üçün konsert proqramları tərtib etməsidir. Nəticədə daha çox iranlı turist axın edir. Bir məsələni də qeyd edim ki, güneyli soydaşlarımız Türkiyədən də çox Quzey Azərbaycana gəlmək istəyir. Çünki Azərbaycan onların vətənidir və özlərini burada çox doğma hiss edirlər. Lakin viza rejiminin olması onları fikirlərindən daşındıra bilir. Tam əminliklə deyirəm ki, əgər Türkiyədə olduğu kimi Azərbaycanda da turistlərə kifayət qədər hörmət edilsə, daha çox, iki qat artıq turist axın edər”.

Novruz bayramı günlərində Bakının qonağı olan təbrizli İlqar Kərimi isə soydaşlarının düşmən ölkəyə üz tutmasından xəbərsiz olduğunu dedi: "Bakını çox sevdim. Gələrkən heç bir maneə ilə rastlaşmadım. Yalnız İran sərhədində bəzi çətinliklərlə üzləşdik. Azərbaycan sərhədində isə bizimlə çox yaxşı rəftar etdilər”.

Hadi.jpg (40 KB)

Bayram günlərində ilk dəfə Bakıya səfər edən daha bir təbrizli Hadi Daddoust isə təəssüratlarını bu cür bölüşüb: "Mən ilk dəfə idi ki, Bakıya gəlirdim. Lakin dostlarım artıq 3-cü dəfə idi ki, bura səfər edirdi. Bakıya gələrkən heç bir maneə ilə qarşılaşmadım. Bu çox əyləncəli və çox gözəl şəhərdir. Bakıda keçirdiyim günlər mənim üçün ən gözəl günlər oldu. Dostlarıma hər zaman söyləmək istərdim ki, Bakı hər yerdən ən gözəl şəhərdir. Ermənistana gedən soydaşlarımız haqqında isə məlumatsızam. Yəqin ki, bayram günlərində 7 günlük tətil fürsətindən istifadə edərək, arzuladıqları ölkəyə gediblər. Şəxsən mən heç zaman düşmən ölkəyə getməyi arzulamamışam. Ən azı ona görə ki, oradan daha gözəl ölkələr var”.

Xalidə GƏRAY,
"Yeni Müsavat”



Oxşar Xəbərlər

Xəbər lenti