“Universitetlər şəhər ətrafına köçürülməlidir” – "ADU, ATU, AMİU Sumqayta, Xırdalana, Hövsana....”


“Bakı şəhərinin mərkəzində yerləşən universitetlərin şəhərətrafı ərazilərə köçürülməsi nəqliyyat sıxlığının azaldılması və təhsil infrastrukturunun genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.

Sozcu.info xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində 35 ali təhsil müəssisəsi fəaliyyət göstərir və burada 140 mindən çox tələbə təhsil alır: “Bu tələbələrin gündəlik hərəkəti şəhərin əsas yollarında nəqliyyat yüklənməsinə səbəb olur. Xüsusilə Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və digər iri ali təhsil müəssisələrinin mərkəzi küçələrdə yerləşməsi tıxac problemini daha da kəskinləşdirir”.

K.Əsədov hesab edir ki, bu kontekstdə Xırdalan, Sumqayıt, Hövsan, Masazır və Qaradağ kimi ərazilər universitet şəhərciklərinin salınması üçün potensial bölgələr kimi nəzərdən keçirilə bilər.

“Bu bölgələrdə geniş torpaq sahələrinin olması müasir və innovativ ali təhsil mərkəzlərinin yaradılmasına imkan verəcək”, - o, əlavə edib.

Ekspert dünya təcrübəsinə istinad edir: “Təcrübə göstərir ki, şəhərdən kənarda yerləşən universitetlər daha müasir kampus şəraiti və geniş infrastruktura malik olur. Məsələn, Türkiyədə ODTÜ və Bilkent, ABŞ-da Stanford və MIT, Almaniyada Heidelberg Universiteti şəhər mərkəzindən kənarda yerləşərək tələbələr üçün optimal şərait yaradır”.

Kamran Əsədovun sözlərinə görə, bu köçürülmə prosesi mərhələli şəkildə həyata keçirilməli və tələbələr üçün nəqliyyat əlçatanlığı təmin edilməlidir.

“Əks halda, yeni universitetlərin şəhərətrafına yerləşdirilməsi onların fəaliyyətinə mənfi təsir edə bilər. Azərbaycan bu keçid dövrünü planlı şəkildə həyata keçirsə, həm ali təhsilin keyfiyyəti yüksələcək, həm də şəhərin nəqliyyat problemi həll olunacaq. Bu addım təkcə nəqliyyatın yüklənməsini azaltmayacaq, eyni zamanda ali təhsil müəssisələrinin daha müasir və innovativ formata keçməsinə imkan yaradacaq”, - təhsil eksperti vurğulayıb.

AzPolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti