9 saylı türmədə nələr baş verir?


9 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Rauf Rəhimov Anxeber.az-a müraciətində üzləşdiyi problemləri açıqlayıb. 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhbus Rauf Rəhimov 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin olunmuş Rəşad Əhədovun onun hüquqlarını pozduğunu bildirib.
Bundan əvvəlki müraciətində Rauf Rəhimov bildirmişdi ki, 2016-cı ildən etibarən 9 saylı cəzaçəkmə müəssisəsində rəssam kimi işləyib, rəsmi maaş verilib, dörd dəfə peşə təhsili alıb və nümunəvi davranışına görə 26 dəfə həvəsləndirmə tədbiri tətbiq edilib.

Dustaq qeyd etmişdi ki, yeni rəis Rəşad Əhədov isə indi onu işdən azad etmək üçün ərizə yazmağa məcbur edir. Məhkum onu da söyləmişdi ki, əks halda rəis onu başqa həbsxanaya köçürəcəyi ilə hədələyir. 

Müraciətdə qeyd olunmuşdu ki, rəis bilərəkdən məhkum Rauf Rəhimovun telefon və video görüşlərini, eləcə də anası tərəfindən göndərilən dərmanların qəbulunu məhdudlaşdırır.

Məlumata görə, Rəhimov xroniki böyrək çatışmazlığından əziyyət çəkir və ömürlük dərman müalicəsinə ehtiyacı var.
Anxeber.az-a növbəti müraciətində isə R.Rəhimov vurğulayıb ki, rəis ona rəssam olmadığını söyləyib. O da cavabında deyib ki, həbsxanada bütün guşələri, stendləri özü hazırlayıb və göstərməyə hazırdır. 

“Dedim ki, gəlin baxın. Bu sözlərimdən sonra onun tapşırığı əsasında Şəhidlər guşəsini cırıb tulladılar. O guşəni zəhmətimlə, halal maaşımla düzəltmişdim. Həmin Şəhidlər guşəsi müəssisənin inzibati ərazisində yerləşir. Təhsil naziri ilə olan şəklimdə arxada o guşə görünür. Bu göstərişi verən rəis Rəşad Əhədov, icra edən isə tərbiyəvi işlər üzrə yeni rəis müavini Rəşad Məmmədov olub”,_ deyə məhkum Rauf Rəhimov bildirib.

Onun sözlərinə görə, rəis müavini Rəşad Məmmədov əvvəllər idarədə çalışıb, Ələkbər Mirzəyevin işçisi olub:

“Həmçinin əvvəllər məntəqə tipli cəzaçəkmə müəssisəsində işləyib. Şəhid guşəsini sökənlərdən biri də rəisin özü ilə gətirdiyi gizir Eldənizdir. Bu şəxs mülki formada gəzir”. 

R.Rəhimov əlavə edib ki, inzibati binanın daxilində yerləşən Ulu öndərin, o cümlədən bayrağımızın və gerbimizin şəkilləri çıxarılıb: “Burada məqsəd o idi ki, yoxlama gələndə mənim rəssam olmadığımı desinlər. Çünki dövlət qurumlarına sübut edəcəkdim ki, mən rəssamam və ola bilər şəkil çəkməmişəm, amma bu stendləri, guşələri özüm yaratmışam. Ona görə bu məsələnin hörmətli ədliyyə nazirinin və Penitensiar Xidmətin diqqətinə çatdırmaq istəyirəm”. 

Məhkumun dedikləri ilə bağlı müvafiq qurumların mövqeyini işıqlandırmağa hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti