Azərbaycan 2.0: 25 ildən sonra Ermənistan və biz

Azərbaycan üçün yeni era başladı. Yeni erada biz artıq müzəffər millətik. Bu şərəfli adı biz şəhidlərimizin müqəddəs qanı ilə əldə etdik. Ali Baş Komandanımızın uzaqgörən rəhbərliyi altında millətimizin misli görünməmiş vəhdəti və hədsiz Vətən eşqi ilə Azərbaycanın adını ucaltmağa nail olduq. Bu günlərdən etibarən biz həm də öz gücümüzə tam inanır və gələcəyə daha nikbin baxırıq.
Ermənistanda isə hazırda siyasi böhran baş alıb gedir və eyni zamanda revanşizm şüarları səsləndirilir. Yaxın illərdə bu mümkün olmasa da, Ermənistan qarşıdakı onilliklər üçün yeni müharibə xəyalları qurur. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Qarabağın Azərbaycanın tərkibindən hərbi yolla ayrılması ehtimalını gündəmdən çıxarmaq istəmir. Ermənistan prezidenti Armen Sarkisyan bir neçə çıxışında gələcək müharibənin süni zəka vasitəsi ilə aparılacağını – süni zəka ilə idarə olunan dronların müharibəsi olacağını təxmin edərək, yeni müharibəyə hazırlaşmağın zərurətini vurğulayıb. Belə bir şəraitdə, Azərbaycan sülh istəsə də, müharibəyə hazır olmalıdır.
Əgər bir nəsil sonra – yəni 25 il sonra Ermənistanla Azərbaycan arasında yenidən müharibə baş versə, Ermənistan bizim üçün ciddi təhdid ola bilərmi?
Müşahidəçilər Ermənistanın məğlubiyyətini müxtəlif faktorlarla izah etməyə çalışsalar da, demək olar ki, bir məsələdə yekdildirlər: Azərbaycanın iqtisadi üstünlüyü, ordunun daha keyfiyyətli silahlanması müharibənin gedişinə böyük təsir göstərdi. Buna görə də bu gün Azərbaycan ictimaiyyətinin qarşısında duran əsas suallardan biri budur ki, bu üstünlüyü – dayanıqlı qələbəni qoruyub saxlamaq üçün biz nə etməliyik?

26 illik qarşıdurmanın iqtisadi nəticələri

Dünya Bankının məlumat bazasında hər bir ölkənin illik hərbi xərcləri müvafiq ilin cari dollar kursu ilə göstərilir. Dünya Bankının məlumatına əsasən, 1995-2019-cu illərdə Ermənistanın hərbi xərcləri toplam 6,7 milyard dollar, Azərbaycanın hərbi xərcləri isə 30,25 milyard dollar olub.  Bəzi digər mənbələrdə isə hərbi xərclər arasındakı fərq 3 dəfəyə yaxın göstərilir. İlk illərdə iki ölkənin hərbi xərcləri təxminən bərabər olsa da, 1997-ci ildən etibarən Azərbaycan və Ermənistanın hərbi büdcələri arasındakı fərq artmağa başlamışdır.
1995-ci ildən bəri Ermənistan Azərbaycanla müqayisədə öz ümumi daxili məhsulunun daha böyük hissəsini hərbi xərclərə sərf edib. Yalnız 2006 və 2011-2015-ci illərdə Azərbaycan Ermənistanla müqayisədə öz ÜDM-nin daha böyük hissəsini hərbi xərclərə yönəltmişdi. Paşinyanın dövründə Ermənistanın hərbi xərcləri, əlavə olaraq, 50% artırılmışdı. Görünür ki, Paşinyan höküməti əvvəlki hökümətlərlə müqayisədə daha çox yeni müharibəyə hazırlaşırmış.

Qrafik 1: Azərbaycan və Ermənistanın hərbi xərclərinin ÜDM-də payı (Dünya Bankı)
Bir sözlə, son 25 il ərzində silahlanmaya daha çox cəhd göstərən ölkə Azərbaycan yox, Ermənistan olub. Ermənistan özünü daha böyük yük altına salsa da, ümumi maliyyə imkanları Azərbaycandan aşağı olduğuna görə silahlanma “marafon”unda mütləq üstünlüyə nail ola bilməyib. Səbəb, əlbəttə, Azərbaycan iqtisadiyyatının daha yüksək artım tempidir.
Dünya Bankının məlumatına görə 1995-ci ildə Azərbaycanın Ümumi Daxili Məhsulu müstəqillik tariximizin ən aşağı həddinə düşmüşdü. 1995-2019-cu illər arasında ölkəmizin ümumi daxili məhsulu toplam 521% artdı, bu da illik ortalama 7,9% artım deməkdir. Ermənistanın Ümumi Daxili Məhsulu isə həmin dövr ərzində ümumilikdə 376% və ya illik ortalama 6,7% nisbətində artmışdır.

Qrafik 2: Müstəqillik dövründə Azərbaycan və Ermənistanın Ümumi Daxili Məhsulu. Bütün illər üçün 2010-cu ilin ABŞ dollar indeksinə uyğun hesablanmışdır. (Dünya Bankı)
Həmin dövrdə adambaşına düşən ÜDM-in ortalama illik artımı Azərbaycanda 6,7%, Ermənistanda 6,5% təşkil edib. Müqayisə üçün, Belarusda bu göstərici həmin dövr üçün 5,1%, dünya üzrə ortalama 1,7% olub.
2019-cu ildə Azərbaycanın Ümumi Daxili Məhsulu 48 milyard ABŞ dolları civarında, Ermənistanın ÜDM-i isə 13,7 milyard ABŞ dollar olaraq dəyərləndirilib. Dünya Bankının təqdim etdiyi rəqəmlərə əsasən 2019-cu ildə Azərbaycanda adambaşına düşən ÜDM 4.794 ABŞ dollar, Ermənistanda isə 4.623 ABŞ dollar təşkil edirdi.
Adambaşına düşən ÜDM göstəriciləri bir-birinə yaxınlaşsa da əhalinin sayı Azərbaycanda daha çox olduğuna görə ölkəmizin toplam ÜDM-i Ermənistandan 3,5 dəfə böyükdür. İki Qarabağ müharibəsi arasında Ermənistan əhalisi 8% azalıb, ancaq 2012-ci ildən etibarən artmaqdadır. Həmin dövrdə Azərbaycan əhalisi 30%dünya əhalisi isə 34% artıb. Hazırda Azərbaycan əhali sayına görə həmçinin Ermənistandan 3,5 dəfə böyükdür.
Azərbaycanda iqtisadi sıçrayış 1996-97-ci illərdə Bakı-Novorossiysk, 2000-ci illərin ortalarında isə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin istismara verilməsi ilə bağlı olub. Lakin 2010-cu illərdə hər iki ölkədə iqtisadi artım sürəti bir qədər aşağı düşüb. 2010-cu ildə ölkəmizdə neft hasilatı tarixi pik nöqtəsinə çatmışdı və illik 50,8 milyon ton təşkil edirdi. 2010-cu ildən etibarən neft yataqlarının təbii tükənməsi nəticəsində neft hasilatı 26% azalıb və 2019-cu ildə 37,5 milyon ton təşkil edib. Neft hasilatında təbii tənəzzül qarşıdakı illərdə də qaçılmazdır – Azərbaycan Prezidenti müharibəyə yaxın bir dövrdə etdiyi çıxışların birində buna diqqət çəkmişdi. Üstəlik, son 10 ildə neftin qiyməti kəskin dalğalanmalara məruz qalaraq, 3 dəfəyə qədər aşağı düşüb. Neft gəlirlərinin azalması fonunda son illərdə Azərbaycan iqtisadiyyatında aparılmış islahatlar iqtisadi tənəzzülün qarşısını aldı. Dövlət son illərdə qeyri-neft sektorunun inkişafını stimullaşdıraraq, kənd təsərrüfatı, turizm, eləcə də kimya sənayesinin inkişafına nail oldu. Nəticədə Ermənistan üzərində iqtisadi üstünlüyümüz bu günə qədər davam edir. Azərbaycanın daha bir üstünlüyü Dövlət Neft Fondunda toplanmış 43 milyard dollardan çox dəyərə malik olan aktivlər və valyuta ehtiyatlarının olmasıdır. Neft və qaz sektoru Azərbaycanda hələ uzun müddət mühüm rol oynayacaq. Lakin qarşıdakı 25 ildə iqtisadi artım artıq neft-qaz sektorundan qaynaqlanmayacaq.
Ermənistanda iqtisadi artım 1994-cü ildə başlayıb. Azərbaycanda olduğu kimi Ermənistanda da iqtisadiyyatın dirçəlişi əsasən xammal ixracı ilə bağlı olub. Artım əsasən mis, qızıl (o cümlədən işğal olunmuş ərazilərimizdə talanan metalların) ixracından və kənd təsərrüfatının inkişafından qaynaqlanmışdır. Ter-Petrosyan hakimiyyəti dövründə aparılmış özəlləşdirmə tədbirləri sonrakı onilliklərdə də iqtisadi artımın bünövrəsini qoydu. Son dövrdə isə Ermənistanda informasiya texnologiyalarının inkişafına böyük ümidlər bağlanır. Ermənistan iqtisadiyyatının zəif cəhətlərindən biri onun xaricdə işləyən vətəndaşların fərdi vəsait köçürmələrindən asılı olmasıdır. Rusiyada işləyən erməni qastarbayterlərin pul köçürmələri bəzi dövrlərdə ÜDM-in 20%-ni təşkil edib. Buna görə Ermənistan iqtisadiyyatı Rusiya bazarının dalğalanmalarına qarşı həssasdır. Nəhayət, Ermənistan iqtisadiyyatının ən böyük problemi öz işğalçı siyasətinə görə region ölkələri tərəfindən təcrid olunması, Türkiyə və Azərbaycan bazarlarından məhrum qalmasıdır.

Gələcək iqtisadi artım ssenariləri


Pandemiya və qlobal böhranla səciyyələnən 2020-ci il bir çox ölkələrdə tənəzzül ilə nəticələnəcək. Dünya Bankın proqnozuna görə bu il Ermənistanda ÜDM 6,3%, Azərbaycanda isə 4,2% azalacaq. Bu proqnoz müharibədən əvvəl verilmişdi. Müharibənin təsirinə görə Ermənistan iqtisadiyyatı üçün bu il daha böyük zərərlə nəticələnə bilər.
Yaşlaşan əhali, qeyri-stabil siyasi mühit şəraitində olan, iki səmtdən təcrid olunmuş Ermənistanın davamlı inkişafı üçün yeganə ümid İT sektorunun inkişafı və xarici diasporanın investisiyaları ilə bağlıdır. Ermənistan son 3 ildə bunun sayəsində nisbətən yüksək artım sürətinə (5,2%-7,6%) nail olmuşdu və yaxın illərdə yəqin ki, yerli proqramistlərin sayını və kvalifikasiyasını artırmağa çalışacaq. Lakin Azərbaycan da bu tipli imkanlardan məhrum deyil və genişmiqyaslı təlim proqramları vasitəsi ilə İT sektorunun inkişafını təşviq edə bilər.
Ötən il Azərbaycanın ÜDM-i 48 milyard dollar olmaqla Ermənistandan 3,5 dəfə çox olub. Başlanğıc nöqtəsi kimi bu rəqəmləri əsas götürərək, gələcək inkişafımızın 4 mümkün ssenarisini nəzərdən keçirək:
Əgər hər iki ölkə, sabit olaraq, 7%-7,5% artımla inkişaf etsə, 25 ildən sonra Ermənistanın ÜDM-i 80 milyard dollar, Azərbaycan ÜDM-i isə 300 milyard dollar civarında olacaq.
Ermənistan ortalama 5%-5,5% artımla, Azərbaycan isə 2-2,5% faiz artımla inkişaf etsə, 25 ildən sonra aramızdakı fərq xeyli azalsa da, Azərbaycanın ÜDM-i hələ də Ermənistan ÜDM-nin 1,6-na bərabər olacaq.
Yalnız bir halda, Azərbaycanda illik ortalama 2%, Ermənistanda isə illik ortalama 7%-7,5% artım davam edərsə, Ermənistan iqtisadiyyatı 25 ildən sonra Azərbaycan iqtisadiyyatına çata bilər.
Nəhayət, Azərbaycan ÜDM artımına görə Ermənistanı qabaqlayarsa, aydındır ki, Ermənistanın revanş ümidləri birdəfəlik puç olar.
Nəzərdən keçirilən ssenarilərdən yalnız birində Ermənistan iqtisadiyyatı 25 il sonra Azərbaycan iqtisadiyyatı ilə bərabərləşə bilər. Nəzərə almaq lazımdır ki, bir il üçün götürülən ÜDM göstəricisi həlledici deyil, çünki uğurlu müharibə üçün hazırlıq və tədarük işləri uzun illər aparılır. Bunun üçün iqtisadi üstünlüyü sadəcə əldə etmək deyil, həm də uzun illər boyu artırmaq da şərtdir. Bir sözlə, yaxın 25 ildə Ermənistanın Azərbaycan üzərində mütləq mənada iqtisadi üstünlük əldə etməsi mümkünsüz görünür.
Erməni iqtisadiyyatının 25 il boyu təcrid olunmuş vəziyyətdə yüksək artım tempini davam etdirməsi olduqca uzaq ehtimal olsa da, bütün ehtimalları nəzərə almaq lazımdır. Azərbaycan və Ermənistanın iqtisadi potensiallarının bərabərləşməsi bizim üçün  birbaşa təhdid olmasa da, arzuolunan deyil. Çünki Qarabağda yaşayan erməni mənşəli əhalinin cəmiyyətə uğurlu inteqrasiya etməsi və daimi gərginlik ocağına çevrilməməsi üçün Azərbaycanda adambaşına düşən gəlirin və həyat keyfiyyətinin Ermənistandan əhəmiyyətli dərəcədə yüksək olması vacibdir. “Dayanıqlı qələbə” deyiləndə, məhz belə bir hədəf nəzərə tutulur.

Dayanıqlı qələbəyə doğru


8 may 1945-cı il axşam saatlarında Almaniya qeyd-şərtsiz kapitulyasiya aktını imzalayaraq, koalisiya dövlətlərinə təslim olmuşdu. Almaniyanın ərazisi bölünərək, müxtəlif dövlətlərə verildi. Almaniyanın şərq hissəsi Sovet İttifaqının nəzarəti altına keçdi. Lakin 45 il sonra Almaniya Federativ Respublikası Şərqi Almaniyanı öz tərkibinə qaytara bildi. Məğlub olmuş Almaniya özünü toparlayaraq, onilliklər boyu yüksək iqtisadi artımını təmin etdi. Qalib olan Sovet İttifaqı isə qələbədən cəmi 46 il sonra yoxa çıxdı. Əlbəttə, bu demək deyil ki, hər qalibiyyətin aqibəti belə olur. Həmin müharibədə qalib olan başqa bir ölkə - ABŞ bu gün dünyanın ən böyük siyasi, iqtisadi və hərbi gücü olmağa davam edir. ABŞ qələbənin dayanıqlığını təmin edə bildi, Sovet İttifaqı isə bunu edə bilmədi.
Azərbaycan ictimaiyyəti Sovet İttifaqının dağılmasının səbəblərinə bələddir. Dünyanın ən ölümcül silahlarına malik olan bu nəhəng öz iqtisadiyyatının dayanıqsızlığı və səmərəsizliyi nəticəsində çökdü. Sovet İttifaqı 80-ci illərdə siyasi liberallaşma kursunu götürərək, iqtisadi liberallaşmaya etinasız yanaşdı. Digər kommunist ölkə olan Çin isə, əksinə, iqtisadi liberallaşmanı uğurla həyata keçirməklə bərabər, öz siyasi rejimini də qoruyub saxlamağa nail oldu. Sovet İttifaqının siyasi liberallaşması nəticəsində bir çox etnik münaqişələr, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi alovlandı. Sovet İttifaqında iqtisadi liberallaşma, demək olar ki, aparılmadı – bu çətin vəzifə onun vərəsələrinə miras qaldı. Bu günə qədər bu məsələ hələ tam həll olunmayıb. Azərbaycan Prezidenti bu il etdiyi məşhur çıxışında buna işarə edərək, “dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir” demiş və dövlət şirkətlərinin səmərəsizliyini tənqid etmişdir. Bu məşhur çıxış İkinci Qarabağ müharibəsinə cəmi bir ay qalanda səsləndirildi və ölkənin müharibədən sonra daha da sürətlə inkişaf etməsi üçün bir çox əhəmiyyətli məsələyə toxundu.
Məşhur iqtisadçı Jean-Baptiste Say demişdir ki, dövlət ən pis sahibkardır. Əlbəttə dövlət özü-özlüyündə lazımlı və faydalı quruluşdur, ancaq sahibkarlıq dövlətin işi deyil. Məhz buna görə kommunistsayağı planlı-inzibati iqtisadiyyat daim bazar iqtisadiyyatına uduzur. Dünya Bankı Azərbaycana aid səhifəsində ölkəmizin təxirəsalınmaz ehtiyacları kimi özəl investisiyaların təşviqini, iqtisadiyyatda dövlətin təsirinin azaldılmasını, rəqabət mühitinin və insan kapitalının yaradılmasını göstərir.
Digər tərəfdən özəlləşdirmə bütün dərdlərə dərman deyil, düzgün icra olunmasa, əksinə, mövcud problemləri kəskinləşdirə də bilər. Üstəlik, iqtisadiyyatın bəzi strateji sektorlarının tam ya qismən dövlət nəzarətində olması da labüddür, ancaq bu istisna hallara aiddir.
Dövlət şirkətləri dövlətin mühüm alətlərindən biridir. İnkişaf edən ölkələrdə dövlət şirkətlərinin məqsədə yalnız qazanc əldə etmək deyil. Onlar digər mühüm funksiyaları yerinə yetirmək üçün də istifadə olunur. Dünya Bankının araşdırmasına əsasən inkişaf edən ölkələrdə infrastruktur layihələrinə qoyulan sərmayələrin 55%-i və dövlət tərəfindən qoyulan sərmayələrin 66%-i məhz dövlət şirkətlərinin payına düşür. Bəzi ölkələrdə dövlət şirkətləri büdcədə nəzərdə tutulmayan və il ərzində qəflətən gündəmə gələn sosial xərcləri də özü üzərinə götürür. Nəhayət, dövlət şirkətləri əsasən də kommunist və post-kommunist ölkələrdə məşğulluğun təmin olunması üçün istifadə olunan əhəmiyyətli alətdir. Bir işçiyə düşən ortalama xalis mənfəət göstəricisinə görə aparıcı neft-qaz şirkətləri arasında Çinin dövlət sektorunun neft şirkətləri axırıncı yerlərdədir. Bununla belə bu şirkətlər milyonlarla insanı işlə təmin edir və Çinin ən böyük işəgötürənləri sırasındadır. Daha çox insanı işlə təmin etmək özü-özlüyündə fəzilət deyil, müvəqqəti zərurət kimi düşünülə bilər. Çox işçi az mənfəət əldə edirsə, deməli, aşağı səmərə ilə işləyir.
Biznes fəaliyyətinin məqsədi və fəlsəfəsi dövlət qurumlarının mahiyyətindən köklü şəkildə fərqlənir. Dövlət qurumlarının əsas məqsədi bürokratik prosedurlarda xətalara yol verməmək, proseslərin sabit axarını təmin etməkdir. Dövlət məmuru adətən risklərdən uzaq durmağa çalışır. Biznesin təməli isə müqayisəli risk üzərində qurulub və kreativlik, zirəklik kimi keyfiyyətləri tələb edir. Uğursuz riskli qərarlara görə cəza verilən, uğurlu riskli qərarların müqabilində mükafat verilməyən qurumlarda sabitlik və dəqiqlik formalaşa bilər, ancaq səmərəli biznes mühiti formalaşmır.
Dövlət şirkətlərinin bir çox ölkələrdə insanları işlə təmin etmək kimi bir qeyri-rəsmi sosial öhdəliyi var, bu da onların əməliyyat effektivliyini köklü şəkildə məhdudlaşdırır.
Çünki özəl şirkət bir çox ölkələrin qanunvericiliyinə görə öz işçisini istənilən zaman işdən azad edə bilər. Belə bir təhlükənin real mövcudluğu, nə qədər pis səslənsə də, biznes effektivliyinin şərtlərindən biridir. İşdən çıxarılma riski və mükafatlandırılma ehtimalı işçini daha effektli işləməyə təşviq edən iki ən güclü stimuldur. Bunlar olmayan yerdə motivasiya da zəifləyir. Dövlət şirkətlərində adətən kütləvi ixtisarlara yol verilmir. Bu ilkin baxışdan mərhəmətli və təqdirəlayiqdir, ancaq iqtisadi artımın qarşısını da ala bilər. Belə bir rahat mühitdə formalaşan kadr özünü arxayın hiss edir və fərdi effektivliyini artırmaq üçün güclü stimul görmür. Əlbəttə, dövlət şirkətlərində çoxlu yüksək səviyyəli peşəkar kadrlar işləyir, lakin orada hökm sürən iş mədəniyyəti onları tədricən menecer kimi deyil, daha çox məmur kimi formalaşdırır. Bu mentalitet dövlət qurumunun işinə nə qədər yarayırsa, şirkətin işinə tam yaramır.
Lakin bunu da demək lazımdır ki, dövlət şirkətləri heç də bütün hallarda səmərəsiz işləməyə məhkum deyil. Bəzi struktur şəraitində dövlət şirkətləri olduqca səmərəli nəticələr də göstərə bilər. Dünyanın ən səmərəli neft şirkəti olan Saudi Aramco dövlət şirkətidir. Malayziyanın dövlət şirkəti Petronas əməliyyat effektivliyinə görə Qərbin aparıcı neft-qaz şirkətlərindən geridə qalmır. Lakin post-kommunist məkanında dövlət şirkətləri adətən özəl şirkətlərlə müqayisədə daha aşağı səmərə ilə işləyir.

Özəlləşdirmə ya ixtisasdəyişmə?


Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2020-ci ildə Azərbaycanda muzdlu işçilərin əksəriyyəti, yəni 55%-i dövlət sektorunda işləyib. Eyni zamanda dövlət rəsmiləri son illərdə bəyan etmişlər ki, ÜDM-in 84%-i özəl sektorda formalaşır. Beləliklə, muzdlu işçilərin 55%-i dövlət sektorunda işləməklə ölkə iqtisadiyyatının 16%-ni ərsəyə gətirir. İqtisadiyyatın böyük hissəsi isə özəl sektorda işləyən 45% muzdlu işçilərin çiyinlərində formalaşır. Demək olar ki, bütün inkişaf etmiş və bir çox inkişaf edən ölkələrdə dövlət xidmətində olan muzdlu işçilərin nisbəti 4%-34% arasında dəyişir. Aydındır ki, ölkəmizdə muzdlu işçilərin əksəriyyətinin dövlət sektorunda cəmləşməsi iqtisadi səmərə baxımından optimal deyil. Buna görə güman edirəm ki, cənab Prezidentin müjdə verdiyi islahatların əsas hədəflərindən biri də dövlət sektorunda çalışan çoxsaylı muzdlu işçilərin bir qismini özəl sektora keçirilməsi ola bilər. Dövlət müəssisələrinin özəlləşdirilməsi özü-özlüyündə labüd olmasa da, onların xərclərini və işçi sayını azaltmaqla orta və uzunmüddətli perspektivdə effektivliyinin artırılması labüd görünür.
Optimallaşdırma nəticəsində fəaliyyətsiz qalacaq işçilərə bir müddət ərzində maaş ödəməklə, onlar üçün ixtisasdəyişmə və ixtisasartırma imkanları yaratmaq olar. Hazırda dövlət əhalinin məşğulluğu istiqamətində müxtəlif genişmiqyaslı proqramlar həyata keçirir – bu təqdirəlayiqdir. Bununla yanaşı, düşünürəm ki, vətəndaş cəmiyyəti də müxtəlif layihələri təklif edərək müzakirəyə çıxara bilər. Dövlət də bu diskursdan yararlana bilər. Aşağıda təqdim edilən layihə təklifi də məhz bu məna daşıyır və müzakirələrə açıqdır.
Dünya bu gün keçid dövründədir. Biz elə bir dövrün astanasındayıq ki, insanların işi ancaq ixtira etmək və proqramlaşdırmaq olacaq, fiziki işlər və təkrarlanan əqli tapşırıqlar isə süni zəka və robotlara həvalə olunacaq. Dördüncü sənaye inqilabı nəticəsində bir çox ənənəvi peşələr yox olacaq, ancaq digər tərəfdən bir çox yeni peşələr də yaranmaqdadır və əksəriyyəti rəqəmsal iqtisadiyyat sahələrinə aiddir. Bu isə bütün ölkələrdə yüzmilyonlarla insanı ixtisasdəyişmə zərurəti qarşısında qoyur. Bu gün qlobal diskursda Sənaye 4.0 ilə yanaşı ən aktual mövzulardan biri “reskilling” və ya ixtisasdəyişmədir. Proqramist, verilənlər (data) təhlilçisi, sosial media mütəxəssisi və s. kimi peşələrə tələbat ölkə sərhədləri ilə məhdudlaşmır. Müasir “köçəri iqtisadiyyat” (gig economy) şəraitində bir çox insanlar öz ölkəsini tərk etmədən, başqa ölkələrdə işləyə bilir. İnsanlar orta yaşında da ixtisasını dəyişərək, kodlaşdırma mütəxəssisi kimi rəqəmsal sahəyə qədəm qoyur. Çünki bu sahədə karyeraya başlamaq üçün ali təhsilə malik olmaq şərt deyil. Bir çox insanlar kodlaşdırma, data təhlili və s. kimi sahələrdə keçirilən intensiv təlimlərdə iştirak edərək, yeni karyeraya qədəm qoymaq üçün lazım olan ilkin bacarıqlara yiyələnərək, daha sonra işləməklə yanaşı, öz səriştəsini daha da təkmilləşdirə bilər.
Bu uzaq xəyal deyil, artıq bizim ölkədə də yayılan bir trenddir. Bəzən ali təhsil almış bir gənc əmək bazarında öz ixtisası üzrə iş tapa bilməyəndə, bankdan kredit alır və kodlaşdırma məktəbinə yazılır. Bir il sonra kursları uğurla bitirib, özünə iş tapır və banka olan borcunu nisbətən qısa zamanda qaytarır. Rəqəmsal bacarıqlara yiyələnmək üçün bu gün internet vasitəsi ilə beynəlxalq təlimlər keçirilir. Yüzmilyonlarla insan internetdə yeni peşəyə yiyələnir. Əlbəttə, burada yalnız uğur hekayələri deyil, uğursuzluqlar, çətinliklər də ola bilər. Xüsusən də, orta ya ahıl yaşda bir insan üçün belə bir dönüş etmək olduqca çətindir. İşləyib ailəni dolandıran insanlar üçün də bu çətindir. Ancaq bir anlıq fərz edin ki, maaşınızı saxlamaqla bir müddət sizi bütün vəzifə öhdəliklərindən azad edirlər və yeni ixtisasa yiyələnmək üçün pulsuz təlim imkanı yaradırlar?
Belə bir şərait yaradılsa, yetir ki, insan özü üzərində işləsin və əmək bazarında özünə layiq olan yerə nail olsun. Bu demək deyil ki, bütün insanlar ixtisasını dəyişməlidir. Lakin bir çox peşələrin tarixə qovuşduğu bir dövrdə, həmin peşələrin sahibləri üçün ixtisasdəyişmədən başqa bir variant qalmayacaq. Bazar iqtisadiyyatının tarixində artıq bu cür keçid dövrləri olub, insanlar yarı yolda yeni ixtisaslara yiyələnməyə məcbur olaraq, buna nail olublar.
Dövlət şirkətlərində işçi sayını azaltmaq üçün, insanları kütləvi ixtisarlara məruz qoymadan, kodlaşdırma, proqramlaşdırma və verilənlər (data) təhlili sahəsində genişmiqyaslı təlimlər təşkil etmək olar. Artıq bu istiqamətdə bizim ölkədə və digər ölkələrdə müvafiq təlim mərkəzləri fəaliyyət göstərir və pilot layihələr keçirilir. Belə bir layihə çərçivəsində İT sahəsi ilə heç bir əlaqəsi olmayan insanlar bir neçə aydan tutmuş, 1-2 ilə qədər davam edən kodlaşdırma (proqramlaşdırma) təlimlərində iştirak edib, yeni bilik və bacarıqlara yiyələnə bilərlər. Bu təlimləri müvafiq dövlət qurumu və ya dövlət şirkətləri öz işçiləri üçün maliyyələşdirilə bilər.
Yeni rəqəmsal səriştələrə malik olan mütəxəssislər bu gün nəinki İT sahəsində, iqtisadiyyatın bütün sahələrində tələb olunur və bütün böyük və orta şirkətlərə lazım olacaq. Dövlət şirkətləri rəqəmsallaşma təlimlərində iştirak edən işçilərinin bir qismini saxlayaraq, öz yeni ehtiyacları üçün istifadə edə bilər. Ancaq təlimləri uğurla başa çatdıran işçilərin böyük hissəsi çox güman ki, öz istəyi ilə dövlət sektorunu tərk edərək, özəl sektorda yerli və xarici İT şirkətlərinə üz tutacaq, çünki özəl sektorda maaşlar daha yüksək olur. Dövlət şirkətləri üçün, insanları işsiz buraxmadan, işçi sayını azaltmaq özü-özlüyündə bir qazancdır, çünki onlar işçi sayının azaldılması ilə əmək haqqı xərclərinə qənaət edə bilər. İxtisasdəyişmə layihəsində iştirak edən şirkətlərin maliyyə yükünü azaltmaq üçün işçinin təlim haqqı, ilkin olaraq, dövlət qurumu tərəfindən ödənilsə də, sonrakı 5 il ərzində hissə-hissə faizsiz geri ödəmələrlə qaytarıla bilər. Beləliklə, bu layihə üçün yalnız ilk illərdə müəyyən sərmayə qoyuluşları lazım olacaq. Sonrakı illərdə qaytarılan vəsaitlərlə müvafiq fond formalaşdırılaraq, layihənin maliyyə yükünü artıq özü üzərinə götürə bilər.

Əsas məsələ - bazar


Bazar iqtisadiyyatının təməl daşları bazar və özəl investisiyalardır. Özəl sahibkarlığın inkişafında dövlətin rolu effektli çərçivə şəraitini formalaşdırmaqdır ki, investor özünü arxayın hiss etsin, bütün özəl sahibkarların şansları bərabər olsun. Bir sözlə, dayanıqlı iqtisadi artımın birinci şərti “hüquqi dövlət” prinsipinin işləməsidir. Müstəqilliyi əldə etdiyimiz dövrdən bəri bizim ölkədə aparılan islahatların əsas məqsədlərindən biri də məhz hüquqi dövləti bərqərar etmək olub.
İqtisadi artımın digər vacib şərti böyük bazarlara birbaşa çıxışın olmasıdır. Bazar potensialı yüksək olan ölkələr xaricdən daha çox sərmayə cəlb edə bilər. Bu da böyük ölkə olmağın əhəmiyyətli üstünlüyüdür. Son onilliklərdə Çin bu üstünlükdən məharətlə istifadə edərək, xarici investisiyaların davamlı axınını təmin etmişdir.
Azərbaycan Respublikası əhali sayına görə nisbətən kiçik ölkədir. Lakin kiçik ölkələr də böyük bazarlara birbaşa çıxış əldə etməklə yüksək iqtisadi artıma nail ola bilər. Ən bariz nümunə bəlkə də Sinqapurdur. Sinqapurun böyük üstünlüyü onun coğrafi mövqeyidir. Ölkə qitələr arasında nəqliyyat düyünüdür və bu üstünlükdən məharətlə istifadə edir. Sinqapur höküməti dünyanın bütün böyük iqtisadi zonaları ilə ticarət sazişlərini imzalayıb. Sinqapurda istehsal edilən məhsullar dünyanın əksər ölkələrinə, demək olar ki, rüsumsuz ixrac olunur. Nəhəng Çin bazarının coğrafi yaxınlığı və bu bazara rüsumsuz çıxış imkanı son dövrdə bir çox investorları Sinqapura cəlb etmişdir.
Azərbaycan da vaxtı ilə bəzi MDB ölkələri və Türkiyə ilə müəyyən məhsul növləri üzrə ticarət sazişləri bağlayıb. Lakin qeyri-neft sektorunun inkişafının sürətlənməsi üçün rüsumsuz ticarət imkanlarının genişləndirilməsi zəruri görünür. Bu il Türkiyə ilə “Güzəştli ticarət sazişi”nin imzalanması timsalında bu məsələnin aktuallaşdığını görürük.
Rəcəb Tayib Ərdoğanın sonuncu Bakı səfərində məlum oldu ki, iki qardaş ölkənin hədəfi 6 ölkədən ibarət olan bir ortaq əməkdaşlıq platformunu yaradaraq, gələcəkdə Rusiya, İran, Gürcüstan və bəlkə də Ermənistanı da bu formata dəvət etməkdir.
Azərbaycan üçün burada əsasən üç ölkə bazar kimi əhəmiyyət kəsb edir: Rusiya, Türkiyə və İran. Bu üç ölkənin birlikdə 310 miyon əhalisi var. Azərbaycan bu bazarlara gələcəkdə tam sərbəst çıxış əldə etsə, öz bazar potensialını san ki, 10 milyondan 320 milyona qədər artırmış olar. Gürcüstan bazar kimi kiçik olsa da, alternativ nəqliyyat dəhlizi kimi müəyyən qədər əhəmiyyətlidir. 3 milyondan az əhalisi olan Ermənistan Azərbaycan üçün bazar kimi maraqlı deyil. Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın həm də nəqliyyat dəhlizi kimi bir əhəmiyyəti qalmır. Bu da Ermənistanla gələcəkdə aparılacaq danışıqlarda Azərbaycanın əlini gücləndirən ciddi bir üstünlük faktoru olacaq, çünki iqtisadi əlaqələrin bərpa olunması daha çox Ermənistanın marağındadır.
İkinci dünya müharibəsindən sonra Avropada bir neçə ölkənin kömür və polad ticarəti üzrə imzaladığı saziş Avropa Birliyinin təməlini qoydu. Son illərdə Rusiya da özünə yaxın olan ölkələri Avrasiya məkanı çərçivəsində inteqrasiya etməyə çalışır. İstisna deyil ki, orta- və ya uzunmüddətli perspektivdə müsəlman Şərqin də öz vahid iqtisadi məkanı olacaq. Azərbaycan Şərqin ilk demokratiyası kimi bu işdə də bir nümunə rolunu oynaya bilər. Belə bir strateji perspektiv imperial keçmişi olan Azərbaycan xalqının mentalitetinə də uyğun görünür. Bu gün geniş coğrafiya artıq silah gücü ilə deyil, ortaq iqtisadi maraqlar ətrafında birləşir.
Əlbəttə, belə bir regional iqtisadi birliyinin perspektivi uzunmüddətli bir layihə olsa da, bu gün artıq bir sıra ölkələrlə ikitərəfli ticarət sazişlərinin bağlanması mümkün görünür. Əgər Ermənistan barış yolunu seçməsə, regiondakı inteqrasiya proseslərindən yan qalacaq. Azərbaycan isə Türkiyə, İran, Rusiya kimi qonşu ölkələrlə ikitərəfli sazişlər bağlamaqla regionun iqtisadi mərkəzinə çevrilə bilər. Bu Azərbaycanı bütün region ölkələri arasında ən cazibədar investisiya məkanına çevirə bilər.
20 il əvvək Cənubi Qafqaz regionunun Avropa Birliyinə inteqrasiyası mümkün və maraqlı görünürdüsə, bu günün trendi regional inteqrasiya formatları ola bilər. Yaxın bazarlarla inteqrasiya layihəsi coğrafi, mədəni və siyasi cəhətlərdən uzaq olan Avropa Birliyi ilə müqayisədə Azərbaycan üçün iqtisadi cəhətdən daha perspektivli görünür. Startap ekosisteminin stimullaşdırılması, Sənaye 4.0 (rəqəmsallaşma) sahəsində kütləvi təlimlərin təşkil olunması və, ən əsası, özəl sahibkarlığın inkişafı üçün ədalətli çərçivə şəraitinin daha da təkmilləşdirilməsi ilə paralel aparılan regional iqtisadi inteqrasiya prosesləri qarşıdakı 25 ildə Azərbaycanın dayanıqlı iqtisadi atımını və dayanıqlı qələbəsini təmin edə bilər.
Tarixi qələbəyə imza atan Prezident İlham Əliyevə ictimai dəstək bu gün ən yüksək səviyyədədir. Onun başladığı iqtisadi islahatlardan da ictimaiyyətin gözləntiləri böyükdür. Şübhəsiz ki, məhz onun məharətli rəhbərliyi altında Azərbaycan ən yüksək iqtisadi artım göstəricilərinə nail olmağa, öz böyük zəfərini əbədiləşdirməyə qadirdir.  
İbrahim Əhmədov,
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini

QEYD: Məqalə hər hansı qurumun rəsmi mövqeyi deyil, müəllifin öz şəxsi mülahizəsini əks etdirir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}