“AZƏRBAYCAN ARTIQ DƏYİŞMƏYƏ MƏHKUMDUR…” - “Bu dəyişiklərin necə olacağı…”

 

Ötən ilin sonlarından ölkə daxilində siyasi proseslərin aktivləşməsi, müxalifət təşkilatlarının bir hərəkətlənməsi müşahidə edilir. Qarşıdakı aylarda seçkilərin olmamasına baxmayaraq siyasi canlanmanın arxasında nələrin dayandığı düşündürücüdür.

Sozcu.info-un xəbərinə görə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu mövzuda "Yeni Müsavat”a şərhində bildirib ki, baş verənlər həm ölkə xaricində, həm də daxildəki bir sıra proseslərdən qaynaqlanır. Geopolitik qarşıdurma həm dünya miqyasında, həm də regional miqyasda artıq həlledici mərhələyə daxil olub. Bu proses Azərbaycandan da yan ötüşməyəcək:"Xüsusən də İran məsələsinin beynəlxalq gündəliyə gəlməsi və Cənubu Qafqaz regionunun siyasi, strateji inkişafını nəzərə alsaq artıq dəyişikliklər Azərbaycanın həm Qərb istiqamətdə, həm Cənub istiqamətdə qapısını döyməkdədir. Onu da nəzərə almaq lazımdır ki, həm İran məsələsinin gündəmə gəlməsi ilə, həm də Ermənistanda məxməri inqilabın baş verməsi ilə qonşu ölkələrin, o cümlədən Azərbaycanın siyasi formatlanma məsələsi gündəmə gəlib. Yəni Azərbaycan artıq dəyişməyə məhkumdur. Bunun hakimiyyət dəyişikliyi ilə bir yerdə olacağı, yoxsa hakimiyyətin öz siyasətini dəyişməsi ilə olacağı artıq bir çox faktorlardan, həmçinin iqtidarın necə siyasət aparmasından da asılı olacaq. Ona görə də Azərbaycan daxilində də ictimai-siyasi aktivliyin artması heç də təsadüfi deyil. Siyasi aktivliyin artması həm də Azərbaycanın Avropa İttifaqı ilə yeni strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlanması ilə bağlıdır. Beləliklə, həm Azərbaycan ətrafında gedən proseslər, həm də onların ölkə daxilində uzantısı olan münaqişə ilə bağlı yaranmış status-kvonun dəyişilməsi zərurəti, Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələsi ölkə daxilində prosesləri də aktivləşdirir. Çünki hər iki istiqamətin ölkə daxilində siyasi uzantıları var. Digər tərəfdən, ölkə daxilində manatın devalvasiyasından sonra başlayan sosial-iqtisadi proseslər də sosial-siyasi nəticələrə gətirib çıxarır. Başqa bir daxili faktor ilin əvvəlindən Azərbaycan hakimiyyətinin gizli iqtisadiyyatı aşkara çıxarması ilə bağlı atdığı addımlardır. Mən bu addımlara ciddi baxıram. İri müəssisələrin və şirkətlərin vergiyə cəlb olunması prosesi də ciddi məsələdir. Bir çox şirkətlərdə ixtisarlar, maaşların kəsilməsi prosesi başlayıb. Bu da ölkə daxilindəki siyasi, sosial proseslərə təsir etməyə başlayıb. Digər tərəfdən, hökumətin özü büdcə təşkilatlarında ixtisarlar aparır. Bu da şübhəsiz ki, təsirsiz ötüşmür. Bütün bu proseslərin sosial-siyasi nəticələri qaçılmazdır. Xüsusən də əvvəllər ”piroqdan pay alanlar”ın sayının azalması, oliqarxiyanın sıxışdırılması proseslərə təsir baxımından çox ciddi məsələdir”.

S.Əkbər qeyd etdi ki, bütün bu xarici, daxili faktorlar bütövlükdə götürüldükdə ölkə daxilində bir-birini tamamlayan xarici və daxili səbəblər kompleksi ortaya çıxır. Ona görə də ölkədə ictimai-siyasi aktivliyin artmasını təbii qarşılamaq lazımdır: "Aktivlik də artacaq, gərginlik də artacaq. Çünki ölkə dəyişikliklərə məhkumdur. Bu dəyişiklərin necə olacağı çoxsaylı faktorlardan asılıdır. Bu amillər də dinamik olaraq dəyişilir”.

"Əksər siyasi qüvvələrin aktivləşdiyi, proseslərdə iştirak etdiyi müşahidə olunsa da Sizin və rəhbərlik etdiyiniz Azad Demokratlar Partiyasının sanki bir qədər kənardan müşahidəçiliyə çəkildiyiniz görünür. Bunun səbəbi nədir” sualına isə S.Əkbər belə cavab verdi: "Mənim və rəhbərlik etdiyim partiyanın mövqeyini düzgün anlamısınız. Yuxarıda qeyd etdiyimiz kimi, vəziyyət mürəkkəbdir. Mən strateji aktiv izləmə vəziyyətindəyəm, durumun bir qədər aydınlaşmasına ehtiyac var”.



Oxşar Xəbərlər

Xəbər lenti