12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Mülki şəxslər işğaldan azad olunmuş ərazilərimizdə vaxtaşırı minaya düşür. İyulun 14-də də biri Türkiyə vətəndaşı olmaqla, 3 nəfər minaya düşərək ağır xəsarət alıb. Belə olan halda sual yaranır: azad olunmuş ərazilərə təyinat alan mülki şəxslər minalardan təmizlənməmiş ərazidə hansı əsaslarla iş aparır?
Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik-leytenanat Elxan Şixəliyevin fikrincə, hər bir halda təqsir məsul şirkətlərdədir:
“Bölgələrdə infrastrukturun yaradılması yönündə bəzi qurumlar, xüsusən, dövlət şirkətləri fəaliyyət göstərirlər. Görünən odur ki, həm şirkət, həm də dövlət qurum rəhbərləri bəzən təhlükəsizlik qaydalarını nəzərə almırlar.
O bölgədə inşaat işləri aparan bütün şirkətlər işçiləri təlimatlandırmalı, təhlükəsizlik qaydalarına riayət olunması yönündə tapşırıqlarını verməlidir. İlk növbədə, onlar işçiləri minalanmış sahələrlə tanış etməli, yaxud həmin ərazilərdə minaların yoxluğu rəhbər şəxsin imzası ilə təsdiq olunmalıdır. Yəni rəhbər heyət sorğulanmalıdır ki, bu ərazilərə girmək olar, ya yox, minalardan təmizlənib, ya yox.
Məlum məsələdir ki, orda fəaliyyət göstərən bütün şirkətlər icazəli qaydada fəaliyyət göstərirlər. Hətta onların fəaliyyət göstərdiyi ərazilərin də minadan təmizləndiyinə dair rəsmi zəmanət sənədi olmalıdır”.
Ekspert hesab edir ki, minaya düşən bütün işçilərə görə məsuliyyəti çalışdığı şirkətin rəhbəri daşıyır:
“İstənilən halda, şirkət rəhbərləri əməkdaşlarının aldığı xəsarətlərə görə birbaşa məsuliyyət daşıyırlar. Hər bir hadisəyə görə də cinayət işi qaldırılır, araşdırıldıqdan sonra qaydalara riayət etməyən hər kəs cəzalandırılır. Amma bu, əlbəttə, xəsarət alanın sağlamlığını geri qaytara bilməz“.
E. Şixəliyev hesab edir ki, bütün qurumlar səfərbər olsalar belə, ərazilərdə minaların yaxın zamanda tam təmizlənib bitməsi mümkün deyil:
“Bu, çox böyük maliyyə vəsaiti, işçi heyəti və vaxt tələb edir. Bir gerçəklik var ki, insanların minalardan xəsarət almamasını sığortalamağımız mümkün olmayacaq. İllər keçsə də, hər zaman vətəndaşlarımızın minadan zərər gördüyünü eşidəcəyik. Amma bu mərhələdə diqqətli olmaq vacibdir. Ermənilərin əsas istəyi müharibənin ardını gətirməkdir və hələ ki buna nail olurlar. Son 1 ildə 18 nəfər minadan dünyasını dəyişib. Ermənilərin niyyəti də bu idi ki, hər zaman minadan zərər çəkək”.