27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Penitensiar Xidmətdə inqilabi dəyişiklərə nail olmaq üçün ciddi siyasi iradənin nümayiş etdirilməsinin zamanı çoxdan çatıb. Bu qurumu Azərbaycanda “qanunlar məzarlığı” adlandırsaq, yanılmarıq. Elə bir gün yoxdur ki, bu qurumda dövlətçiliyin sütunlarını laxladan qanunsuzluqlar barədə siqnallar almayaq.
Qurumdakı neqativlər, hətta beynəlxalq təşkilatların ortaya çıxardığı qanunsuzluqlar barədə indiyə qədər Azsiyaset.com-da onlarla analitik materiallar dərc olunub. Amma... Tədbir görən yoxdur, bu müəssisədə oliqarx məmur şəbəkəsinin qanunsuzluqlarının miqyası isə günbəgün artmaqdadır.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Penitensiar Xidmətin korrupsiya piramidasının ən iri vintillərindən biri kimi xüsusilə diqqət çəkir. Bu idarənin əsas fəaliyyət istiqaməti Nazirliyin penitensiar müəssisələrində saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibb xidmətinin göstərilməsini təmin etməkdən ibarət olmalıdır.
Əslində isə nə baş verir, məhkumlar dövlətin tibbi resurslarından istifadə edə bilirlərmi? Təbii ki, maddi imkana sahib olmayan məhkumun bu fürsətdən yararlanmaq imkanı da yoxdur.
FOTO: Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev
R.Mehdiyev Tibb Baş İdarəsinin rəisi kimi birbaşa Ədliyyə nazirinə tabedir. Ancaq bu tabelik formal xarakter daşıyır, çünki əldə etdiyi qeyri-qanuni və külli miqdarda gəlir yeni onun üçün “himayəçilər komandası” formalaşdırıb. R.Mehdiyev Ədliyyə sistemində ən çox qorunan məmurlar siyahısında ilk yerlərdən birində qərarlaşıb. O, özünü qanunlar qarşısında deyil, müxtəlif şəxslərin kabinetində hesabatlı şəxs hesab edir. Pensiya yaşı çatsa da, hələ də tutduğu postdan getmək haqqında düşünmür.
Uzun illərdir bu vəzifədə çalışan R.Mehdiyevin “xidmətləri” sayəsində müalicə müəssisələri və səhiyyə xidmətləri acınacaqlı hala gətirilib.
Müalicə müəssisələrindəki əxlaqsızlıq...
Müalicə müəssisəsinin əməliyyat və rejim işləri üzrə rəis müavini Elxan Cəfər oğlu İsgəndərov Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun ən yaxın adamlarından biri kimi (oğlunun dostu) həyata keçirilən qanunsuzluqların əsas icraçısıdır. Müalicə müəssisəsində baş verən tükürpədici hadisələrin başında da məhz bu şəxs dayanır. Bu barədə saytımıza yüzlərlə şikayətlər daxil olub. Məsələn, şikayət məktublarından birində deyilir ki, E.İsgəndərov müəssisənin qadın əməkdaşlarını - tibb bacılarını imkanlı məhkumlar üçün “dövriyyəyə” buraxıb. Polis zabitini qətlə yetirdiyinə görə 9 il həbs cəzası almış "FAB" şirkətinin prezidenti Rövşən Həsənovun və Səfərbərlik Xidmətinin keçmiş rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun sifarişi ilə müalicə müəssisəsinə gətirilən qadınlara görə onların hər birindən hər dəfə 500 manat rüşvət alması barədə məlumatlar bu adamın qanunları ən əxlaqsız üsullarla tapdalamasının bariz nümunəsidir.
Ceyhun Həsənovun müalicə müəssisəsindəki cinayəti necə ört-basdır edib?
Təkzibolunmaz məlumatlarda göstərilir ki, Penitensiar Xidmətin müalicə müəssisəsində Bəylərli Zaur Zeynal oğlu (1996-cı il təvəllüdlü ) və Süleymanov Vüsal İlqar oğlu (1990-cı il təvəllüdlü ) aralarından düşən mübahisə nəticəsində Məhərrəmov Orxan Nazim oğlunu (1986-cı il təvəllüdlü ) ölümcül vəziyyətdə döyüblər. Nəticədə Orxanın bud sümüyü sınıb və ağır kəllə-beyin travması alıb. Ancaq C.Həsənovun tapşırığı ilə bu cinayət ört-basdır edilib. Belə ki, müalicə müəssisəsində baş verən bu olaya cavabdehlik daşıyan əməliyyat və rejim işləri üzrə rəis müavini Elxan isgəndərov (C.Həsənovun oğlunun dostu) hadisədən iki gün əvvəlki tarixə “sərəncama” götürülüb. Z.Bəylərli və V.Süleymanov cəzadan yayındırılıb, onların hər ikisi özlərinə məqsədli xəsarət yetirməklə (biri qolunu, o biri isə qarnını cızıb) müalicə müəssisinə göndəriliblər. Kriminal aləmin üzvlərindən hesab olunan hər iki şəxs təmsil olunduqları şəbəkənin sifarişi və pulla müalicə müəssisəsində istirahət edirlər.
Çarpayılar dolub, həqiqi xəstələr koridorlarda yatır...
Hazırda müalicə müəssisələrində 600-ə yaxın çarpayı var. Demək olar ki, çarpayıların hamısı pulludur. Burada əsasən imkanlı məhkumlar, kriminal aləmin üzvləri və həbs edilən sabiq məmurlar “müalicə” alırlar. Həqiqi xəstələr isə dövlətin tibbi xidmətindən heç bir halda yararlana bilmir, onlar qırıq çarpayıları koridorlarda qoyub yatırlar. Ona görə də son illərdə bu müalicə müəssisələrində ölən məhkumların sayı durmadan artır.
Müalicə müəssisəsinin həyətində “villa” tipli evlər də var, bu evlərin içərisində soyuducu, televizor, kondisioner quraşdırılıb. “Villa”ların daimi sakinləri isə həbs edilən generallar, sabiq icra başçıları, kriminal avtoritetlər və digər varlı məhkumlardır. Buradakı xidmətlərin də müxtəlif qiymətləri var – 300 manatdan 5 min manata qədər dəyişir. Müalicə müəssisəsinin əməkdaşları da gecə-gündüz qulluğunda dururlar. Çöldən ora kabab da sifariş edirsən, “McDonalds”dan burger də, ürəyin istəyən hər bir neməti müəssisəyə sifariş edib gətirə bilirsən. Hətta Qobustan həbsxanasında cəza çəkən və kriminal aləmin üzvü olan bir məhkum uzun müddətdir ki, hər ay 5 min manat qarşılığında müalicə müəssisəsində istirahət edir.
Mövzunu diqqətdə saxlayacağıq...
Müəllif: Samir Feyruzov
Azsiyaset.com