Qələbəmizin təntənəsi - Zəfər paradı

2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirmiş, Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış  mühüm, təkrarı olmayan misilsiz hadisədir. Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təntənəsidirBu paradı tarixi edən Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi olmuşdur. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi, səsləndirdikləri bəyanatlar Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsinin beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajıdır.. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz və əbədi olduğunu bildirməklə və regionda hər iki dövlətin söz sahibi olduğunu vurğulamaqla qardaş xalqlar arasında hərtərəfli əlaqələrin sürətli inkişafda olduğunu təsdiqlədi.
Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il Şuşanın işğaldan azad olunması gününün- 8 noyabr tarixinin ölkəmizdə Zəfər günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin tarixin bayram günləri sırasına daxil edilməsi barədə Sərəncam imzaladı.
Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 30 ilə yaxın möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
Artıq Azərbaycan əsgərinin qəhrəmanlığı bütün dünyada nümayiş etdirilir. Bütün dünya mətbuatı, o cümlədən öz yenilməz ordusu barədə dünyada mif yaratmış erməni mətbuatı da azərbaycan əsgərinin qəhrəmanlığından yazdı. Biz qələbəni Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində qısa müddət ərzində əldə edə bildik. Hərbiçinin ən əsas göstəricisi silahdan bacarıqla istifadə etmə məharəti və yüksək fiziki hazırlığa malik olmasıdır. Bu xüsusiyyətləri qəlbi hər an torpaqlarını azad etmək həsrəti ilə yaşayan Azərbaycan əsgəri təlimlər zamanı əldə etdi, bu peşəkarlığa yiyələndi. Sal qayalara dırmaşmaq, müdafiə xətlərini yarmaq fədakarlıq, peşəkarlıq olmadan qeyri-mümkündür.
Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılması hər bir azərbaycanlıda böyük sevinc və məmnunluq hissi doğurdu. Bu parkda nümayiş etdirilən hər bir eksponat böyük Zəfərin bir parçasıdır. Çünki Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir.Parkın açılması tarixi qələbəmizin əbədiləşdirilməsi, şüurlarda daha dərindən iz qoymasıdır. Bu parka gələn hər kəs təqdim edilən eksponatlara baxarkən Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığını, cəsarətini, düşmən üzərindəki böyük zəfərinin şahidi olacaq. Belə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsinin əsasında dayanan amillər güc, yenilik, inkişaf və Vətən sevgisidir. Bu park Azərbaycan Ordusunun gücündən, onun dünya hərb tarixində xüsusi yer tutan zəfərini göstərir. Bu baxımdan Hərbi Qənimətlər Parkının açılması tarixi bir addımdır.

Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.
Günel Əliyeva

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}