8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ön söz əvəzi: "Bibloqrafiya” termini, anlayışı, məfhumu ümumiyyətlə elmişünaslıq, o cümlədən beynəlxalq hüquq elmi haqqında yazılan tədqiqat əsərlərinin əsasən müsbət məziyyətlərinin şərhinə həsr olunmuş anlamı daşıyır. Bu fikrə rəğmən daha bir mühüm məqama toxunmaq istərdik.
Dünyəvi xarakterli, mahiyyətli fəlsəfi fikri, şüuru təsnifləşdirərkən buraya əsasən aşağıdakılar daxildir.
Birincisi, elmi şüur; ikincisi, fəlsəfi şüur; üçüncüsü, siyasi şüur; dördüncüsü, dini şüur; beşincisi hüquqi şüur; altıncısı, əxlaqi şüur; yeddincisi, bədii şüur; səkkizincisi, sosial şüur və s.
Əlbəttə, bu baxımdan ön söz əvəzinə aid fikirləri uzatmaq da olardı. Bununla belə, bir başa mətləbə keçmək istərdik.
Yazı masamızın üstündə bir kitab var. İmkan, vaxt tapdıqca bu ikitabı diqqətlə oxuyuram. Həmin fundamental tədqiqat əsəri belə adlanır: "Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil”. Kitabın müəllifi beynəlxalq hüquq sahəsində tanınmış hüquq mütəxəssisi, hüquq elmləri doktoru, professor Əmir İbrahim oğlu Əliyevdir. O, 1994-cü ildə Azərbaycanbın dünəni, bu günü və sabahı olan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Hüquqşünaslıq” ixtiasına yiyələnmişdir. Daha sonra o, "Beynəlxalq hüquq; insan hüquqları” ixtisası üzrə aspiranturanı və doktoranturanı da müvəffəqiyyətlə bitirmişdir. O, hazırda məzunu olduğu fakültənin dekanı olmaqla yanaşı, eyni zamanda burada "İnsan hüquqları və informasiya hüququ” üzrə UNESKO kafedrasının müdiridir.
Hüquq elmləri doktoru, professor Əmir Əliyevin yuxarıda adı çəkilən əsəri bu il, yəni 2018-ci ildə "Nurlar” nəşriyyat - poliqrafiya mərkəzi tərəfindən nəşr olunmuşdur.
Kitabın "Ermənistan - Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsipləri kontekstində” adlı birinci bölməsində müəllif beynəlxalq münasibətlər sistemində beynəlxalq hüququn məlum prinsiplərinin rolu, onların bütün beynəlxalq normayaradıcılıq prosesi əsasında dayanması ilə xarakterizə olunmasından bəhs edir. Müəllif burada haqlı, düzgün olaraq qeyd edir ki, beynəlxalq hüququn əsas, ümumtanınmış prinsipləri beynəlxalq hüquq qaydasının əsası və beynəlxalq qanunçuluğun başlıca meyarıdır. Müəllif, burada fikrini elmi-nəzəri baxışdan əsaslandıraraq ən, konkret inandırıcı faktlara söykənir.
Kitabın ikinci bölməsi "Təcavüz” adlanır. Müəllif, burada Azərbaycana qarşı törədilən beynəlxalq cinayətlərdən təcavüzü xüsusi olaraq qeyd edir. Müəllif burada da fikrini elmi-nəzəri cəhətdən əsaslandırarkən konkret inandırıcı faktları misal gətirir.
Əsərin üçüncü bölməsi "Soyqırım” adlanır. Bu bölmədə müəllif əsasən Ermənistanın Azərbaycanda 1918- ci ildə, habelə sonrakı illərdə o cümlədən, xüsusilə 1992-ci ildə dəhşətli cinayət olan Xocalı soyqırımından bəhs edir. Müəllif, haqlı olaraq qeyd edir ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, ümumiyyətlə bəşəriyyətə qarşı törədilən cinayətdir.
Kitabın dördüncü bölməsi "Müharibə cinayəti” adlanır. Müəllif bu bölmədə qeyd edir ki, Ermənistan Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi prosesində qarşı tərəf ölkəmizə münasibətdə törətdiyi beynəlxalq hüquqa zidd əməllərdən biri də müharibə cinayətidir. Müəllif burada ədalətli və ədalətsiz müharibələrdən bəhs edərkən göstərir ki, erməni faşizminin Azərbaycana qarşı müharibə ədalətsiz müharibədir.
Kitabın beşinci bölməsi "İnsanlıq əleyhinə cinayətlər” adlanır. Müəllif burada çox haqlı olaraq belə bir ümumiləşdirilmiş məntiqi qənaətə gəlir ki, erməni faşizminin Azərbaycana qarşı törətdiyi çoxsaylı cinayətlər ümumiyyətlə mütərəqqi bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli, müdhiş cinayətlərdəndir.
Bu fundamental tədqiqat əsərinin sonuncu, yəni altıncı bölməsi "Terrorçuluq” adlanır. Müəllif, bu bölmədə qeyd edir ki, beynəlxalq hüquq qaydalarının qoyulması,habelə beynəlaxalq sülh və təhlükəsizliyin təmin edilməsi təkcə beynəlxalq cinayətlərin qarşısının alınması və aradan qaldırılmasından deyil, həm də beynəlxalq xarakterli cinayətlər xüsusilə terrorçuluqla mübarizə sahəsində fəaliyyətlərindən də çox asılıdır.
Əlbəttə, burada, müəllif sözügedən uyğun problemləri qeyd edərkən, digər müvafiq məsələlərdən də bəhs etmək olardı. Bununla belə, qeyd etmək istərdik ki, müəllifin bu kitabda gəldiyi ümumi məntiqi qənaəti əsasən bundan ibarətdir ki, nankor, bədnam qonşular Ermənistan beynəlxalq miqyasda təcavüzkar işğalçı və terrorçu kimi tanınır. Odur ki, qeyd olunan xislətə malik olan erməni faşizminə qarşı mübarizə təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq miqyasda aparılmalıdır.
Qeyd olunan önəmli, dəyərli tədqiqat əsəri, əsasən beynəlxalq hüququn ən aktual problemlərinə həsr olunmuşdur. Həmin problemlərdən biri də bədnam, nankor, işğalçı, təcavüzkar, terrorçu qonşumuz olan Ermənistan Respublikasının beynəlxalq cinayətlər hədəfində obyektiv tənqidi və təhlilidir.
Professor Əmir Əliyevin qeyd olunan bu fundamental tədqiqat əsərinin beynəlxalq kontekstdə çox böyük əhəmiyyəti vardır. Bunu aşağıdakı belə bir mühüm faktlardan da bir daha aydın görmək olar.
Təsadüfi deyildir ki, beynəlxalq miqyasda xüsusi, elmi - nəzəri və əməli əhəmiyyət kəsb edən bu tədqiqat əsərinə Rusiyada, Türkiyədə, Almaniyada, İranda, Hindistanda, Ukraynada, Qazaxıstanda, Gürcüstanda və s. ölkələrdə sözügedən sahədə çalışan görkəmli alim - mütəxəssisləri müsbət rəy vermişlər. 175 səhifədən ibarət olan bu əsər, Giriş, 6 bölmə, nəticə və müəllif haqqında məlumatlardan ibarətdir. Bu qiymətli tədqiqat əsərinin girişində müəllif priambula kimi belə bir çox önəmli fikir söyləyir:
"Yüz ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən, hazırda da Ermənistan respublikası tərəfindən davam etdirilən beynəlxalq cinayətlərin qurbanlarının əziz və unudulmaz xatirəsinə həsr olunur.”
Göründüyü kimi, bu tədqiqat əsəri sözügedən problemə həsr olunan kitablar içərisində öz aktuallığına görə xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə diqqətə layiq məqamlardan biri də məhz bundan ibarətdir ki, müəllif sözügedən sahədə öz orjinal fikirlərini əsaslandırarkən konkret, inandırıcı faktlarla yanaşı, ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse - prezidenti Mehriban Xanım Əliyevanın qiymətli fikirlərindən də çox səmərəli istifadə edərək, müvafiq statlar gətirmişdir. Məsələn, Mehriban Xanım Əliyeva demişdir:
"Azərbaycan dövləti Ermənistan - Azərbaycan və Dağlıq Qarabaş münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu, həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir...
Mən əminəm ki, ədalət bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqdır.”
Professor Əmir Əliyev görkəmli, tanınmış mütəxəssis, hüquqşünas alim kimi çox haqlı olaraq qeyd edir ki, erməni faşistlərinin Azərbaycanda törətdikləri dəhşətli vandal hərəkətlər, soyqırımlar əsasən milli, etnik zəmində, ərazi, torpaq iddiasında olsa da, ümumən mütərəqqi bəşəriyyətə qarşı ən ağır xəyanətdir, cinayətdir. Doğrudur, bu cinayətlərin qarşısının alınmasında beynəlxalq birliyin, ayrı - ayrı dövlətlərin, beynəlxalq təşkilatların, məsələn, İslam Əməkdaşlıq Təşkilatının, qardaş Türkiyə Respublikasının önəmli rolu olsa da, lakin bir sıra beynəlxalq təşkilatlar, habelə bəzi nüfuzlu dövlətlər sözügedən problemin müsbət həllində ikilistandartlar mövqeyindən çıxış edirlər.
Professor Əmir Əliyevin bu fundamental tədqiqat əsərinin elmi - nəzəri və əməli əhəmiyyətini səciyyələndirən amillər içərisində xüsusilə belə bir çox uğurlu, önəmli məqamı da qeyd etmək zənnimizcə yerinə düşərdi. Bu, əsasən ondan ibarətdir ki, müəllif, sözügedən problemlə bilavasitə bağlı öz orjinal fikirlərini şərh edərkən Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qaldırılmasına xidmət baxımından özünün çox dəyərli, tövsiyə xarakterli təkliflərini də bildirir. Bu münasibətlə, müəllif kitabın nəticə hissəsində yazır:
"Birinci halda Ermənistanın məsuliyyəti məsələsi önə çəkilməlidir. İkincisi, Ermənistanın törətdiyi beynəlxalq miqyaslı cinayətlərlə bağlı məsuliyyətin digər yandan olan aspekti isə beynəlxalq cinayətlərin törədilməsinə fərdi məsuliyyət prinsipinin tətbiqi ilə bilavasitə bağlıdır.”
Əlbəttə, Əmir Əliyevin bu qəbildən olan tövsiyə xarakterli təkliflərinin sayını artırmaq da olardı.
Nəhayət, müəllif tədqiqat əsərinin sonunda belə bir çox qiymətli fikrini bildirməklə sözünü yekunlaşdırır.
"Ümudvarıq ki, qeyd olunan problemlərin həlli beynəlxalq ədalətin bərpasına, beynəlxalq hüququn normalarına olan ümidlərin artmasına, beynəlxalq səviyyədə cəzasızlıq mühitinin aradan qaldırılmasına, nəhayət cinayət qurbanlarının pozulmuş hüquqlarının bərpasına gətirib çıxaracaqdır.”
Kitab, yəni bu qiymətli fundamental tədqiqat əsəri əsasən mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Söz yox ki, ümumiyyətlə Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ problemi ilə maraqlanan kütləvi oxucular da bu əsərdən layiqincə bəhrələnə bilərlər.
Əsədulla Qurbanov,
Bakı Dövlət Universiteti İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor