8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gülçöhrə Məmmədova: "Çox istərdim ki, Azərbaycanın öz təhsil modeli olsun”
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova AzEdu.az-ın "Danışır rektor” layihəsinin qonağı olub. Sozcu.info saytı Gülçöhrə Məmmədova ilə müsahibəni təqdim edir:
- Son aylarda təhsil cameəsində yaşanan prosesləri necə qiymətləndirə bilərik? Sizcə, baş verən dəyişikliklər – əsasən də yeni nazir təyinatı - Azərbaycan təhsilinə nələr bəxş edə biləcək?
- Yeni təyin edilən nazir əslində, təhsil sistemimizdə təzə deyil; o, uzun müddət təhsil nazirinin müavini vəzifəsində çalışıb və biz onu çox gözəl tanıyırıq. Bu illər ərzində iş üslubu ilə tanış olmuşuq. Nazirin özü də ali məktəblərlə, ali təhsil sistemimizlə çox yaxşı tanışdır; dəfələrlə tədbirlərimizdə iştirak edib. İntellektual səviyyəsi yüksək, çox ziyalı, ağıllı, təmkinli şəxs, iş görən insandır. Ona görə də düşünürəm ki, belə bir nazirin təyinatı yalnız və yalnız təhsilimizin inkişafına öz müsbət təsirini göstərəcək.
- Bizdə təhsil haqqında çərçivə qanunu 2016-cı ildə qəbul edilib. Bundan sonra da bir neçə törəmə sənədlər - məktəbəqədər təhsil və peşə texniki təhsil ilə bağlı qanunlar - qəbul edildi. Bu gün sırf ali təhsil müəssisələri ilə bağlı qanunun qəbuluna sizcə nə dərəcədə ehtiyac var?
- "Təhsil haqqında” Qanun çox böyük müzakirələrdən sonra qəbul edildi. Yadımdadır, bu qanun layihəsi o zaman ümumxalq müzakirəsinə verilmişdi. Bununla bağlı ictimaiyyət nümayəndələri, təhsil işçiləri ilə görüşlər oldu, müzakirələr aparıldı, çoxsaylı fikirlər söylənildi. Nəhayət, bu qanun qəbul edildi. Artıq o vaxtdan uzun müddət keçib, bugün həm dünya, həm Azərbaycan çox böyük sürətlə inkişaf edir. Heç nə donmuş vəziyyətdə qalmır; həyat inkişaf edir və inkişaf etdikcə, yeniləşdikcə qanunlara da müəyyən yeniliklərin əlavə olunma zərurəti ortaya çıxır.
Bu yaxınlarda Milli Məclis Təhsil Nazirliyinin "Təhsil haqqında” Qanuna müəyyən dəyişiklər və əlavələrlə bağlı göndərdiyi təklifləri müzakirə edib. Artıq "Təhsil haqqında” Qanuna müəyyən dəyişiklər barədə Milli Məclis qərar qəbul etdi və Azərbaycan Prezidenti bununla bağlı Fərman imzaladı. Dəyişikliklər çox proqressivdir və təhsilin yenilənməsi, inkişafı üçün yaxşı əsas yaradır.
O ki qaldı ali məktəblərə, bilirsiz, əsas məsələ o deyil ki, bu gün hansı təhsil növü daha vacibdir və ona aid qanun layihəsini daha tez hazırlamaq lazımdır. Bu işlər müəyyən ardıcıllıqla görülür. Digər tərəfdən də ali təhsil o qədər mürəkkəb, o qədər sürətlə dəyişən, dünyanın müasir tələblərinə uyğunlaşan bir sistemdir ki, onunla bağlı qanunu hazırlamaq daha çətindir. Hər halda, düşünürəm ki, Milli Məclisin planında bu da var və ümid edirəm ki, belə bir qanun da hazırlanacaq. Həmçinin, hesab edirəm ki, hər bir universitet rektoru, ali məktəblərin professor -müəllim heyəti də bu qanunun yazılmasında, formalaşmasında canla-başla iştirak etməyə hazırdır.
-Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə olunan məsələlərdən biri də yeni nazir Ceyhun Bayramovun beynəlxalq fənn olimpiada qaliblərinin imtahansız və xüsusi güzəştlərlə ali məktəblərə qəbul olunması təklifidir. Siz bir professor və rektor kimi bu təklifi necə qiymətləndirirsiz?
- Müsbət qiymətləndirirəm! Doğrudan da, şagirdlərimiz, gənclərimiz nüfuzlu beynəlxalq olimpiyadalarda böyük mükafatlar əldə edib, yüksək yerlər tuturlarsa, onların uyğun ixtisaslar üzrə universitetlərə qəbul olunması çox arzuolunandır.
Şəxsən mən buna çox şad olaram. Əgər bizim universitetə beynəlxalq olimpiyadaların qalibləri olan şagirdlərdən 10-15 nəfəri qəbul olunsa, bu, universitetimiz üçün gözəl hadisə olardı.
- "Təhsil haqqında" Qanuna təklif edilən bu əlavə Milli Məclisdə müzakirəyə çıxarılanda deputat Asim Mollazadə və bir başqa millət vəkilləri onun əleyhinə çıxmışdı. Onların fikrincə, bu zaman imkanı olan şəxslərin uşaqları olimpiadalara göndəriləcək və irəli getmələrinə şərait yaradılacaq. Eyni zamanda, maddi baxımdan aşağı təbəqənin övladları belə olan halda, heç cür yer tuta bilməyəcəklər...
Başqa məsələ də var: olimpiada qalibi yalnız bir fəndən yaxşı nəticə göstərib uğur qazanır, amma hər qəbul qrupunda 5 fənn var. Həmin şagird bəlkə yerdə qalan fənləri zəif bilir...
- ... Əlbəttə, hər məsələdə fikir ayrılığı ola bilər və hər kəsin şəxsi fikrini söyləmək ixtiyarı var. Mənimsə fikrim belədir ki, bu, çox müsbət addımdır.
İkinci məsələ isə deyirsiniz ki, şagirdlər imtahan verdikdə, bilikləri bir neçə fənn üzrə sınanılır, olimpiada da isə yalnız bircəsindən əla nəticələri var...
Düşünmürəm ki, məsələn, kimyadan beynəlxalq olimpiadada - Azərbaycan sərhədlərindən kənarda - yüksək yer qazanan şagird riyaziyyatı heç olmasa, orta səviyyədə bilməsin. Adətən, yaxşı oxuyan tələbələr, şagirdlər bütün fənlərdən eyni, yaxud, yaxın nəticələr göstərirlər. Zəif oxuyan şagirdin hansısa beynəlxalq olimpiyadada yer tutması məncə, mümkün deyil.
Yüksək mükafatları alacaq şagirdlərin yalnız müəyyən yüksək təbəqəyə aid olacağı ilə razı deyiləm. Bir baxın, abituriyentlərimiz içərisində 700 bal qazananların neçə faizi yüksək təbəqədəndir? Şəkinin kəndindən də, hansısa ucqar rayonumuzdan da, məcburi köçkün məktəbindən də yüksək nəticə göstərənlər var.
Hesab etmirəm ki, bu əlavə kiminsə hüquqlarının pozulmasına səbəb olacaq, əksinə, yalnız yaxşı oxuyan şagirdlərimizi daha da yaxşı oxumağa, həvəsləndirməyə gətirib çıxaracaq. Mən belə düşünürəm.
Bir də hansısa fənn üzrə bir qrup şagirdimiz harasa göndəriləndə düşünmürəm ki, onların hamısı öz atasının verdiyi yolxərci ilə xarici ölkələrə yollanırlar. Yəqin ki, bunu təşkil edən təşkilatlar var, Təhsil Nazirliyi tərəfindən yəqin, bu işlərə sponsorlar dəvət olunur, yaxud dövlət qurumları da bunlara müəyyən dəstək verir. Yəni fikrimcə, şagirdlərin beynəlxalq uğur qazanmasında o problem olmayacaq.
- Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Təhsil Nazirliyi arasında kollegial əlaqələr genişlənib, inkişaf edib. Əvvəllər etiraf edək ki, bu iki qurum arasında müəyyən bir mübahisələr yaranır, müəyyən konfliktlər yaşanırdı. Amma Mikayıl Cabbarovun gəlişindən sonra bu aradan qalxdı, əməkdaşlıq sürətləndi və hazırda getdikcə artmaqdadır. Sizcə, bu gələcəkdə Azərbaycan təhsilinə hansı istiqamətdə müsbət fayda verəcək?
- DİM-lə nazirlik arasında əvvəllər müəyyən məsələlərə görə fikir ayrılığı var idisə, bu, yalnız elə "fikir ayrılığı” idi və ümumi fəaliyyətə təsir etmirdi. Müzakirə olunan və ümumi qərar çıxarılana qədər hər bir adamın, qurumun öz fikrini, mövqeyini söyləməyə haqqı var. Hər hansı fikir ayrılığı müzakirə platformasında idi. Sonda isə bir ümumi qərar qəbul edilir və hər iki qurum bu ümumi qərarı yerinə yetirirdi.
Hər iki qurum Azərbaycanın ümumi strategiyası, ümumi siyasətinə qulluq edir, onların çərçivəsində hərəkət edir. Hər ikisinin məqsədi Azərbaycanda gözəl təhsil qurmaq və ölkəmizə gözəl mütəxəssislər yetişdirməkdir. Əsas məqsəd budur və ona çatmaq üçün əgər hansısa taktiki məsələlərdə fikir ayrılğı varsa, düşünürəm ki, onlar da müzakirə zamanı həll olunmalı və ümumi strategiyaya əsasında həyata keçməlidir.
- Bəs AMEA ilə universitetlərin, başqa cür desək, bu gün elm və təhsilin inteqrasiyası, yaxınlaşması qarşılıqlı əlaqəsi sizi nə dərəcədə qane edir?
- Bu istiqamətdə həm Azərbaycan Milli Elmlər Akademiyası, həm universitetlər tərəfindən işlər aparılır. O işlərin bir neçə istiqamətini sadalaya bilərəm. Məsələn, bilirsiniz ki, bütün elmi təqdiqat işlərini AMEA koordinasiya edir. Orada müxtəlif elm sahələri üzrə koordinasiya şuraları formalaşıb. Şuralara həm Milli Elmlər Akademiyasının, həm də universitetlərin əməkdaşları daxildir. Beləliklə, Azərbaycanda elmi tədqiqat istiqamətləri bir mərkəzdə koordinasiya edilir. Sonra universitet müəllimləri, universitetin tədqiqatçıları akademiyanın müxtəlif institutlarında fəaliyyət göstərən alimlərlə birgə elmi layihələr hazırlayıb, birgə elmi mövzular ətrafında işləyirlər.
Üçüncü faktor isə AMEA-nın elmi təqdiqat institutlarında universitetlərin baza kafedralarının açılmasıdır. Biz bu səviyyədə də əməkdaşlıq edirik. Həmin o filiallarda da birgə elmi təqdiqat işləri eyni zamanda təhsil prosesi həyata keçiriləcək. Bizim magistratura pilləsində təhsil alan tələbələr bu baza kafedralarının imkanlarından istifadə edəcəklər.
Biz əvvəllər də, elə indi də AMEA-nın aparıcı əməkdaşlarını, alimlərini universitetimizə tədrisə - mühazirə oxumağa, dərs deməyə dəvət edirik. Bizim Memarlıq fakültəmizdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun iki elmlər doktoru, professoru uzun müddətdir dərs deyirlər və onlar ən hörmətli müəllimlərimizdən hesab olunurlar. Birgə işin bir neçə fəaliyyət istiqamətini sadaladım. Deyim ki, bu gün həm AMEA, həm də universitetlər daha yaxşı inteqrasiya üçün yeni yollar arayırlar.
- Məktəbəqədər təhsil müəssisələri - bağçalar bu gün yerli icra hakimiyyətlərinin tabeliyindədirlər. Bu gün həmin bağçaların oradan alınıb Təhsil Nazirliyinin tərkibinə verilməsi ordakı tədris metodologiyasının inkişafı üçün sizcə nə dərəcədə faydalı ola bilər?
-Bu suala cavab vermək üçün gərək məktəbəqədər təhsil ocaqlarının işi ilə yaxşı tanış olasan, oradakı prosesləri yaxşı biləsən ki, dediyin söz hansısa faktlara əsaslansın. Məndə bu faktlar yoxdur, çünki fəaliyyət sahəm tamamilə başqadır - ali təhsildir, universitetlərdir, elmdir... Amma sadəcə, bir şeyi bilirəm ki, son illərdə bizdə məktəbəqədər təhsil çox inkişaf edib. Çoxsayılı yeni uşaq bağçaları, bu səviyyədə fəaliyyət göstərən başqa təhsil mərkəzləri yaradılıb. Eşitdiyim iki rəqəmi nəzərinizə çatdırmaq istəyirəm: əgər əvvəllər məktəbəqədər yaşda olan uşaqlar yalnız 30% bağçalarla təmin edilirdisə, indi təminetmə faizi 60-a yaxındır.
Qısa müddət ərzində faiz göstəricisi iki dəfə çoxalıb. Son 5-6-ildə və bu sahədəki durum xeyli yaxşılaşıb. Lakin sizin sualınıza – idarəetmə cəhətdən bağçaların hara tabe olunması yaxşı olar? - cavab verməyə çətinlik çəkirəm.
- Gülçöhrə xanım, bu gün dünyada inkişaf mexanizminə görə seçilən məşhur təhsil modelleri var: Finlandiya, ABŞ, Koreya, Yaponiya, Sinqapur və s. Hansı xarici ölkənin təhsil modelinin Azərbaycanda tətbiq olunmasını istərdiniz?
- Mən istəyərdim ki, Azərbaycanda elə Azərbaycan təhsil modeli formalaşsın. Çünki Azərbaycan bu gün çox böyük sürətlə inkişaf edir, bir çox sahələrdə öz sözünü deməyi bacarır. Bu gün Azərbaycanın iqtisadi inkişaf modeli var və bir sıra ölkələr tərəfindən bu model öyrənilir, başqaları onun necə tətbiq edilməsi barəsində düşünürlər. Buna görə də istərdim ki, Azərbaycanın özünün təhsil modeli olsun!
Bu modeldə də əlbəttə ki, bizim XX əsrdə formalaşmış təhsil ənənələrimizin müsbət məqamları da saxlanılsın. Eyni zamanda, çağdaş dünyanın və müasir təhsil sisteminin tələbələri də orada öz əksini tapsın.
- Gülçöhrə xanım, Memarlıq və İnşaat Universitetinin apardığı əməkdaşlıq layihələri, müxtəlif elmə yönəlik fəaliyyəti haqqında da danışaq...
- Universitetimizin beynəlxalq əlaqələri çox genişdir. Burada söhbət həm müxtəlif beynəlxalq təşkilatlarda üzvlükdən, həm müxtəlif dünya universitetləri ilə ikitərəfli müqavilələr əsasında əməkdaşlıqdan gedir. Söhbətin bu yerində universitetimizdə oxuyan xarici tələbənin də sayını qeyd etmək lazımdır. Çünki bu, çox vacib faktordur: universitetdə bakalavratura, magistratura pilləsində təhsil alanların 10% xarici vətəndaşlardır. Bu da Azərbaycan üçün yüksək göstəricidir.
O ki qaldı konkret layihələrə, mən bir neçəsinin adını çəkmək istəyirəm. Bilirsiniz ki, Avropa Birliyinin həyata keçirdiyi Erasmus+ lahiyələrində bütün Azərbaycan universitetləri iştirak etmək üçün çalışır. Biz də belə layihələrin bir neçəsində iştirak edirik. Tərəfdaşlarımız Portuqaliya, İspaniya, Fransa, İtaliya və Baltikyanı ölkələrindəndir. Bizim distant təhsilə həsr olunmuş bir layihəmiz var. Onu bu ildən reallaşdırmağa başlayacağıq.
Həmçinin, Fransa, İspaniya, İtaliya universitetləri ilə apardığımız çoxsayılı layihələr nəticəsində, tələbələrimiz həmin ölkələrin universitetlərində müəyyən vaxt təhsil alıb universitetimizə qayıdırlar. Bunun çox böyük əhəmiyyəti var. Çünki tələbəmiz xarici təcrübə ilə tanış olur, Avropa universitetləri mühitində formalaşır və təhsil motivasiyası artır. Tələbələrimiz xaricdən qayıdıb gələndən sonra ətrafdakı kütləyə də təsiri çox böyük olur.
Erasmus layihələri çərçivəsində tək tələbələrimiz yox, eyni zamanda, müəllimlərimiz də, əməkdaşlarımız da ixtisasını artırır, müəyyən təqdiqat işləri aparırlar.
- Bu gün Azərbaycanın, xüsusən də Bakının həm regional planlarında, həm də yerli icra hakimiyyətlərində memarlıq şöbələrində Memarlıq və İnşaat Universitetinin tələbələrindən sizcə nə dərəcədə istifadə olunur?
- Memarlıq və İnşaat Universitetinin məzunlarına ölkəmizin şəhərsalma, memarlıq və inşaat fəaliyyətini həyata keçirən bütün qurumlarında ehtiyac var. Məzunlarımızın 60%-dən çoxunun öz ixtisası üzrə işləməsi düşünürəm ki, yaxşı göstəricidir. Hazırladığımız tələbələr dövlət qurumlarında, layihə institutlarında, özəl şirkət və firmalarda çalışırlar. Qeyd etməliyəm ki, universitetimizin məzunu olmuş əcnəbi vətəndaşlarla yanaşı, azərbaycanlı məzunlarımızın bir hissəsi xarici ölkələrdə işləyirlər.
Bizim universitetin məzunlarına tələbat var. Bir çox iri şirkətlər və müəssisələr universitetlə əməkdaşlıq edərək, hələ təhsil zamanı gələcək işçilərini tələbələr arasından seçirlər. İstehsalat təcrübələri zaman özünü müsbət tərəfdən göstərən tələbələrimizdə sonda müəssisə tərəfindən işə dəvət alırlar.
Mütəxəssislərimiz ölkəmizdə aparılan tikinti quruculuq işlərinin həyata keçirilməsində aparıcı yer tuturlar. Şəhərlərimizin abadlaşması, yeni yolların salınması, körpülərin tikilməsi, yaşayış və ictimai binaların, ucaldılması, mühəndis sistemlərinin quraşdırılması bizim məzunlarımızın – inşaatçıların, memarların, nəqliyyat və hidro-texniki qurğular üzrə mühəndislərin əməyinin nəticəsidir.
Eyni zamanda, yerli icra hakimiyyəti orqanlarında memarların olmaması, yaxud az olması, rayonlarımızın, orta və kiçik şəhərlərimizin və kəndlərimizin planlaşdırma və şəhərsalma işlərində müəyyən problemlər yaradır. Bütün rayonlarda memarlıq-şəhərsalma səbəblərinin və baş memarlar vəzifəsinin olması vacibdir.
- Gülçöhrə xanım, Memarlıq və İnşaat Universitetində imtahan prosesi ənənəvi olaraq əvvəlki kimi keçirilir, yoxsa, sessiya imtahanlarında hər hansı yeniliklər olubmu?
-Biz mərkəzləşdirilmiş imtahanlara çoxdan keçmişik. Bir neçə fənn istisna olmaqla bütün fənlər mərkəzləşdirilmiş qaydada keçirilir. Bax bizim universitetimizin əsas korpusunda bir mərtəbə yalnız imtahan zallarından ibarətdir və bütün universitetin imtahanları o zallarda keçirilir. Bizdə imtahanlar test və yazılı şəkildə keçirilir. Test imtahanları üçün 200-dən artıq kompüterlə təchiz edilmiş iki böyük zalımız var. Tələbə kompüter vasitəsilə sistemə müraciət edib, imtahan biletini alır, sualları cavablandırır və təsdiq edərək nəticəsini görür.
İmtahanlar yazılı formadada keçirilir. Zallara bir dəfəyə imtahan vermək üçün 250-300 tələbə daxil olur, onların hər birinə ənənəvi qaydada bilet verilir və tələbə yazılı surətdə cavab verir.
Biz çalışırıq imtahan sessiyası mükəmməl təşkil olunsun, obyektiv və şəffaf qiymətləndirmə aparılsın və hər bir tələbə yalnız öz biliyinə arxalansın. Obyektivlik və təmizlik Universitetimizin fəaliyyətinin əsas prinsiplərindən biridir.