8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hesablama Palatası Milli Məclisə yalan məlumat verməsinə görə kim məsuliyyət daşıyır?
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, memarlıq doktoru, əməkdar memar Gülçöhrə Məmmədova ölkənin ali dövlət qurumlarından olan Hesablama Palatasını yerdən-yerə vurması haqqında redaksiyamıza məlumat daxil olub. Məlumata görə, 2013-cü ildə Hesablama Palatası Azərbaycan Memarlıq və İnşaat Universitetinə və onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasının auditini aparıb.
Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi 2012-ci ilə dair hesabatında deyilirdi ki, "Auditin əhatə etdiyi illərdə xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə tələbat düzgün müəyyənləşdirilməmişdir.Bundan əlavə,İnşaat Kollecinin pedaqoji işçilərinin əmək haqlarının düzgün hesablanmaması, normativdən artıq ştatların və kafedraların saxlanılması nəticəsində əmək haqqı ödənilib.Bəzi hallarda malların (işlərin və xidmətlərin) satın alınması zamanı iddiaçı kimi iştirak etmiş malgöndərənlərin ixtisas göstəriciləri, maliyyə vəziyyətləri, vergi borcları və digər icbari ödənişlərə dair öhdəliklərinin olub-olmaması barədə məlumatların alınması təmin edilməmiş, ehtimal olunan qiymət düzgün müəyyənləşdirilməmiş, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduğu halda satınalmalar açıq tender üsulu ilə aparılmamış, büdcə ili ərzində bir xərc paraqrafı üzrə nəzərdə tutulmuş vəsait hesabına malların satınalınması ayrı-ayrı müqavilələrə bölünərək hər bir müqavilə üzrə müxtəlif satınalma metodundan istifadə olunmuş, tenderdə iştirak haqqından toplanmış vəsaitlər büdcədənkənar hesaba mədaxil edilərək sair xərclərə yönəldilmiş, tender və kotirovkada nəzərdə tutulmayan mallar alınmış, malların müqavilə qiymətindən baha alınması nəticəsində artıq büdcə vəsaiti ödənilmiş, satınalma proseduru olmadan büdcə vəsaiti xərc edilmişdir”.
Hesablama Palatasının Milli Məclisə təqdim, deputatların səs verərək qəbul etdiyi hesabatda qeyd edilirdi ki, "Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində dövlət büdcəsinə nağd şəkildə 20963,0 manat, köçürmə yolu ilə 1592,0 manat vəsait bərpa olunub, 12307,0 manat dəyərində əlavə iş və xidmətlər görülüb, 57702,0 manat dəyərində inventar və avadanlıqlar təhvil verilib, 1893246,3 manat dəyərində mal və materiallar uçota götürülüb, normadan artıq saxlanılan 147,0 ştat vahidi ixtisar edilib, vergi orqanları tərəfindən 31306,1 manat əlavə dəyər vergisi hesablanıb, habelə nöqsanlara yol vermiş 7 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən İnşaat Kollecinin direktoru və baş mühasibinə xəbərdarlıq edilib, universitetin baş mühasibi tutduğu vəzifədən azad edilmişdir”.
Ancaq redaksiyamıza daxil olan məlumatda deyilir ki, Hesablama Palatasının universitetin baş mühasibi tutduğu vəzifədən azad edilməsi haqqında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorluğunun qarşısında qaldırdığı tələbi rektor Gülçöhrə Məmmədova icra etməyib. Qeyd edək ki, Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetininə 2000-ci ildə rektor təyin edilib. Yəni, Hesablama Palatasının Azərbaycan Memarlıq və İnşaat Universitetində üzə çıxardığı maliyyə mənimsənilməsi Gülçöhrə Məmmədovanın rektor olduğu dövrdə baş verib. Görünür məhz bu məqama görə, rektor Gülçöhrə Məmmədova Hesablama Palatasının Universitetin baş mühasibini işdən çıxarmaq haqqında qərarını icra etməkdən imtina edib. Çox maraqlıdır ki, Hesablama Palatası Milli Məclisə Memarlıq və İnşaat Universiteti ilə bağlı hesabatını təqdim edəndə parlamentin iclas zalında oturub hesabatı dinləyənlərdən biri də Gülçöhrə xanım Məmmədova olub. Bu zaman isə belə təəssürat yaranır ki, Memarlıq və İnşaat Universitetinin rektoru yalnız Hesablama Palatasınının qərarına saymamazlıq etməyib, eyni zamanda deputatı olduğu parlamentə qarşı da sayğısızlıq edib. Hesablama Palatasının baş mühasibin işdən çıxarılması ilə bağlı qərarının hansı səbəbdən icra edilməməsi ilə bağlı Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın mövqeyini dinləmək maraqlı olardı. Digər tərəfdən aidiyyatı orqanların, xüsusilə də Hesablama Palatasının bu məsələyə münasibətinin nədən ibarət olması da ictimaiyyət üçün də maraqlı olacaq. Hesablama Palatasının qərarı ilə, yəni Əmək Məcəlləsinin müfaviq maddələrinə uyğun vəzifəsindən kənarlaşdırılan baş mühasibin bu günə kimi eyni vəzifəni daşımasının qanunvericiliyinə nə qədər uyğun olduğuna isə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir.
Sozcu.info