Vəzifəli şəxs barədə cinayət işi başlanılıb

Karantin rejiminin pozulması barədə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. 
Sozcu.info xəbər verir ki, bu haqda Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Araşdırma zamanı müəyyən edilib ki, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sərbəst hərəkət etməyə məhdudiyyət qoyulduğu dövrdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçən Bayramov Şahid Şahin oğlu vəzifəli şəxs kimi öz səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində Bakı şəhəri və onun ətraf rayonları ərazisində sərbəst hərəkət etmələrini təmin etmək məqsədilə 90 nəfərdən artıq şəxsin şəxsi məlumatlarını Dövlət Əmək Müfəttişliyinin “Əmək Müqaviləsi Bildirişi” altsisteminə daxil edib, bununla da karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaradıb, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub. 
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanmış, istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib. 
Hazırda iş üzrə ibtidai istintaq aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti