Azərbaycanda turizm bələdçilərinin sertifikasiyası prosesinə başlanılır - Fotolar

Dekabrın 7-də Azərbaycan Turizm Bürosuna Milli Akkreditasiya Mərkəzi tərəfindən bələdçilərin sertifikatlaşdırılması hüququnu verən akkreditasiya attestatının təqdimolunma mərasimi keçirilib.
Sozcu.info bildirir ki, tədbirdə  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək,  ölkədə peşəkar bələdçilərə ehtiyac olduğunu deyib. O, Azərbaycanda ilk dəfə olaraq turizm bələdçilərinin milli sertifikatlaşdırılması prosesinə start verildiyini diqqətə çatdırıb: "Turizm bələdçiliyi çox vacib peşədir və turizm zəncirinin əsas halqalarındandır. Ölkənin tarixi, irsi haqqında ilkin məlumat verən bələdçilərdir və bu sahədə peşəkar kadrlara ehtiyac var.  Turizm bələdçilərinin peşə hazırlığının daha yüksək aparmaq üçün turizm bələdçiləri sertifikatlaşdırma orqanı yaradılıb. Bu orqan bələdçilərin təlim və sertifikatlaşdırılmasını həyata keçirəcək. Proses akkreditasiya sisteminə uyğun aparılacaq".
Fuad Nağıyev Agentliyin dəstəyi ilə indiyədək bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif dilli bələdçilərin hazırlanması üçün təlimlərin keçirildiyini də vurğulayıb: "Turizm bələdçilərinin beynəlxalq standartlara uyğun hazırlanması ölkənin təbliği baxımından mühüm addım olacaq.
Məlumdur ki, yeni "Turizm haqqında qanun" layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub. Qanun layihəsində turizm bələdçilərinin sertifikatlaşdırılmasının hüquqi mexanizmləri də öz əksini tapıb və yeni qanuna əsasən yaradılacaq Turizm Reyestrində bələdçilərin də reyestri aparılacaq" .

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru, Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sədri Florian Zenqstşmid prosesin ATB tərəfindən yeni yaradılmış TBSO vasitəsilə təşkil olunacağını diqqətə çatdırıb.
Florian Zenqstşmid dünya standartları əsasında, nəzəri və praktiki biliklərlə hazırlanmış turizm bələdçilərinin Azərbaycanın təbliğatı istiqamətində faydalı olacağını qeyd edib.
Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktorunun müavini - baş direktor Emin Zeynalov öz növbəsində Azərbaycanda bələdçilik sahəsi üzrə belə bir təşəbbüsü turizm sahəsinin inkişafı istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib.
Çıxışlardan sonra Azərbaycan Turizm Bürosuna Milli Akkreditasiya Mərkəzi tərəfindən bələdçilərin sertifikatlaşdırılması hüququnu verən akkreditasiya attestatı təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl 2019-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Azərbaycan Turizm Bürosuna hotellərə ulduz verilməsi görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatı təqdim olunmuşdu.





Oxşar Xəbərlər

Xəbər lenti