Dünya yeni bir müharibəyə hamilədir: Silahlar işə düşəcək?


“Düşünmürəm ki, yaxın gələcəkdə Türkiyə-Yunanıstan hərbi eskalasiyası baş versin”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov deyib.

O, son günlər Türkiyə və Yunanıstan arasında münasibətlərin gərginləşməsi faktından söz açıb.

Xatırladaq ki, Türkiyənin etirazlarına baxmayaraq, Yunanıstan Egey dənizindəki bir çox adanın hərbiləşdirilməsinə start verib. O cümlədən ötən gün yunan ordusunun Qərbi Trakyada Türkiyə ilə Yunanıstan arasında sərhəd xəttini təşkil edən Meriç (Maritsa) çayının sahillərində tank əleyhinə səngərlər qazmağa başlayıb.

Öz növbəsində F. Məmmədov əlavə edib:

“Birincisi, ilk dəfə deyil ki, Yunanıstan belə addımlar atılır. Düşünmürəm ki, yaxın gələcəkdə bu hadisə hər hansı bir hərbi eskalasiyanın baş verməsinə gətirib çıxarsın. Lakin ehtimal var, amma Yunanıstan özü o gücdə deyil ki, qarşıdurmanı həyata keçirsin.

İkincisi, ABŞ və Aİ Yunanıstanı  Türkiyəni məhdudlaşdırmaq vasitəsi kimi istifadə edir. Elə görüntü yaranır ki, onlar Türkiyəni NATO-dan uzaqlaşdırmaq istəyir, çünki Türkiyə müstəqil xarici siyasət yürüdür. Eləcə də Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə qarşıdır və haqlı olaraq öz şərtlərini irəli sürür. Digər tərəfdən, Ukrayna müharibəsində Ankaranın sərgilədiyi qətiyyətli mövqe var.

Yunanıstanın silahlandırılması, Türkiyəyə strateji silahların verilməməsi, o cümlədən “F-16” və “F 35”lərlə bağlı olan məsələlər və s. amillər Qərbin Türkiyəyə qarşı məhdudlaşdırıcı addımlarıdır”. 

Politoloq düşünür ki, qarşıdurma mühitinin yaradılması 2023 seçkiləri ilə bağlıdır:

“Qərb Türkiyədəki müxalifət üçün seçkiqabağı kampaniyada təzyiqin olmasına görə bir kontent yaradır. Yəni müxalifətə Ərdoğanı tənqid etmək üçün faktiki materiallar verir”.



Oxşar Xəbərlər

Xəbər lenti