22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
İxdiyar Nəcəfov: "Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmışdı"
Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində Ulu Öndər, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin rəhbəri, Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. O qeyd edib ki, Heydər Əliyev Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox mühüm işlər görüb: "Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə
müsəlmanların deportasiyası üç mərhələdə birinci mərhələ: 1905-1920-ci illər; ikinci mərhələ: 1948-1953-ci illər; üçüncü mərhələ: 1988-1992-ci illərdə aparılıb. Deportasiya etnik təmizləmənin digər formaları, xüsusilə genosidlə birlikdə tətbiq edilmişdir. Erməni qaynaqları əsasında aparılan hesablamalara görə,
Birinci Dünya müharibəsinin sonlarında Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 565 mini öldürülmüş və ya buradan çıxarılmışdı. Erməni müəllifi Z.Korkadyanın yazdığına görə, 1920-ci ildə sovet hökuməti dövründə daşnakların hakimiyyətindən sonra cəmi 10.000 nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali salamat qalmışdır. 1922-ci ildə 60.000 qaçqın qayıtdıqdan sonra azərbaycanlılar burada 72.596 nəfər təşkil etmişdir. Digər bir erməni müəllifi A.Lalayan yazırdı ki, Ermənistanın daşnak hökuməti "özünün 30 aylıq hakimiyyəti dövründə (1918, may-1920, noyabr) azərbaycanlı əhalisinin 60 faizini
qırmışdır". İngilis hərbi müxbiri Skotland - Liddelin məlumatı da deyilən fikirləri təsdiq edir. O yazırdı ki, mən yanvarda Şuşada olarkən, bir ingilis zabitinə dedim ki, hamısı ermənilərdən zərər çəkən 40.000
müsəlmanın hansı vəziyyətdə olduğuna əmin olmaq üçün Zəngəzur dairəsinə getməyə hazırlaşıram.
Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və
Ermənistan monoetnik dövlətə çevrilmişdir. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba
torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları,
məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur".
İ.Nəcəfov bildirib ki, bu gün Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdən biridir: "Ermənistan hakimiyyəti, xaricdəki erməni diasporu etnik ermənilərin Qarabağa qayıdışını tələb edən bəyanatlar yayanda, məsələni əllərində siyasi bayrağa çevirəndə heç Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarını yada salmırlar. Yəni onlar bütün bu
"təşəbbüsləri" birtərəfli qaydada aparırlar. Amma beynəlxalq hüquq bu təməl haqlara milli, dini, etnik
yanaşmanı tanımır. Qərbi Azərbaycana qayıdış məsələsi hələ Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin
hakimiyyəti illərində aktuallaşmış və Ulu öndər Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmışdı. Yaxın keçmişə nəzər salsaq görərik ki, 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ilə bağlı iclaslarda Qərbi Azərbaycan məsələsinə toxunan Heydər Əliyev həmin ərazilərin tarixi Azərbaycan torpaqları olmasını vurğulamaqla həm dünyaya önəmli mesajlar verirdi, həm də yetişməkdə olan gənc nəslin tarixi yaddaşını oyadırdı. Əziz gənclər, bu gün yük sizlərin çiyinlərindədir. Siz yüksək təhsil alıb savadlı olmaqla Azərbaycanı daha da güclü edəcəksiniz. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə qazandıq. Biz bu qələbəmizi qoruyub saxlamalıyıq. Uca Allah şəhidlərimizə rəhmət etsin. Bu gün Azərbaycan suveren və bütövdür. İndi əsas hədəf dinc yolla, maşınlarla Qərbi Azərbaycana qayıtmaqdır. Tezliklə buna da nail olacağıq".
Daha sonra Milli Məclisin deputatı Səyyad Aranın köməkçisi, 44 günlük Vətən müharibəsinin iştirakçısı, QAİ-nin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi üzrə nümayəndəsi Pərvin Mahmudov çıxış edib. Onun sözlərinə görə, 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqlarının birləşdiyi ərazidə erməni vilayəti yaradılıb: "Bu vilayətin ərazisindəki 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı ki, onlardan da yalnız 14-nün adı erməni mənşəli idi. 1828-1830-cu illərdə əraziyə İrandan 40 min, Türkiyədən 90 min erməni köçürülüb. Ümumilikdə buraya müxtəlif dövrlərdə rəsmi və qeyri-rəsmi 200 min erməni yerləşdirilib. Bu da etnik balansı məqsədli şəkildə ermənilərin xeyrinə dəyişib. Erməni müəllif Zaven Qorqodyanın "1831-1931 illərdə sovet Ermənistanının əhalisi" kitabında 2310 yaşayış məntəqəsi qeydə alınıb ki, onlardan 2000-nin adı türkmənşəlidir. XIX əsrin 90-cı illərində Türkiyədə baş verən erməni üsyanlarının yatırılması nəticəsində 300 min erməni buraya köç edib. 1905-1906-cı illərdə onlar azərbaycanlıların yaşadığı ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməyə başlayıblar. Həmin illərdə indiki Ermənistan ərazisində dağıntılara məruz qoyulan yaşayış məntəqələrimizin bir qismi xarabalığa çevrilib. Sırf ermənilərdən ibarət anklavlar da məhz o zaman yaranıb.
Kitabın müəllifləri Qərbi Azərbaycanda coğrafi adların dəyişdirilməsinin bir neçə istiqamət üzrə həyata keçirildiyi göstərirlər. İlk növbədə türklərin soy-kökü ilə bağlı adlar dəyişdirilərək erməni adları ilə əvəz olunub: Aşağı Türkmənli-Lisaqyuğ, Qorçulu-Mrqaşad, Sərdarabad-Hoktember, Bayandur-Vağadur, Şirvancıq-Lernakert.
Bir çox yaşayış məskəninin adı kalka yolu ilə hərfi tərcümə edilib: Armudlu-Tandzut, Daşqala-Karaberd, Dərəçiçək-Tsaxkadzor.
Bəzilərini beynəlmiləlçilik pərdəsi altında dəyişiblər: Qaraqışlaq-Dostluq, Sultanabad-Şurabad, Cücəkənd-Qızılşəfəq, Çanaxçı-Sovetakert.
Bir qismi cüzi dəyişdirilərək oxşar ermənicə sözlərlə əvəz olunub: Dərəbaş-Darbas, Ələyəz-Araqats, Gabud-Kapuyt, Çırpılı-Crapi.
Bəzilərinin tərkibindəki aşağı, yuxarı, böyük, kiçik sözlərini ermənicə müvafiq olaraq verin, nerkin, mets, pokr adlandıraraq sanki erməni sözüymüş kimi göstəriblər: Verin Zağalı, Nerkin Zeyvə, Mets Kəpənəkçi, Pokr Şiştəpə". P.Mahmudov onu da qeyd edib ki, ümumiyyətlə, 1920-1980-ci illərdə Ermənistanda 517 türkmənşəli yaşayış məntəqəsinin adı dəyişdirilib: "1991-ci ildə deportasiyadan sonra isə əvvəl 91, sonra 16 yaşayış məntəqəsinin də adı dəyişdirildi. Bu siyahıya sonralar da əlavələr olunaraq ümumilikdə 704 Azərbaycan mənşəli inzibati-ərazi vahidinin adı dəyişdirilib. Bir çox kənd isə ləğv edilərək adları da siyahıdan silinib. Ermənilər saxta tarix yaratmaqda "usta"dırlar. Dəyərli gənclik, hər zaman tarixi araşdırın. Ermənilərin bizə qarşı törətdikləri vəhşilikləri heç zaman unutmayın".
Tədbirdə həmçinin Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın psixoloqu Nigar Orucova və tarix müəllimi Afaq Seyidova iştirak və çıxış edərək bu kimi maarifləndirici tədbirlərin çox vacib olduğunu qeyd ediblər.
Sozcu.info