Yunanıstanın baş naziri Türkiyəni hərbi güc tətbiq etməklə hədələdi

Türkiyə ilə Liviya arasında karbohidrogenlər sahəsində anlaşma memorandumunun imzalanması Yunanıstanda birmənalı qarşılanmayıb. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis parlamentdəki çıxışında lazım gələrsə, hərbi gücə əl atmağa hazır olduqlarını bildirib.
 "Sözcü"  xəbər verir ki, Yunanıstanın yüksək səviyyəli rəsmilərinin razılaşmanı ləğv etmək üçün Yaxın Şərq ölkələrinə səfər etmələri gözlənilir.
Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Liviya ilə karbohidrogenlər sahəsində anlaşma memorandumu imzalandığını açıqlayıb, Yunanıstan və digər Avropa Birliyinə üzv ölkələrin bu razılaşmaya müdaxilə edə bilməyəcəyini bildirib.
Avropa Komissiyasının Xarici Əlaqələr üzrə sözçüsü Peter Spano Türkiyə ilə Liviya arasındakı razılaşmanın qanuniliyinin qəbul edilmədiyini bildirib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis isə dünən parlamentdəki çıxışında Liviya ilə imzalanan razılaşmanı sərt şəkildə tənqid edib. Türkiyənin Yunan torpaqlarında haqq iddia etdiyini müdafiə edən Mitsotakis, lazım gələrsə, ordu gücü ilə də torpaqları müdafiə etməyə hazır olduqlarını, müttəfiq ölkələrlə diplomatik əməkdaşlıq üçün müraciət edəcəklərini bildirib. Yunanıstanın baş nazirinin çıxışı parlamentdə dəqiqələrlə alqışlanıb.
Mitsotakis dünən Afinada ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə Türkiyə ilə artan gərginliyi də müzakirə edib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger də Türkiyə-Liviya razılaşmasına qarşı çıxıb və "Yunanıstana qarşı bu razılaşmanın heç bir hüquqi əsası yoxdur" deyib.
Qeyd olunur ki, Türkiyə ilə imzalanan karbohidrogen sazişi Liviya daxilində də mübahisələrə səbəb olub. Liviya Nümayəndələr Palatasının sədri Akile Salih BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək, Türkiyə ilə imzalanan müqavilənin etibarlı olmadığını müdafiə edib.
Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe isə, "Bəzi ölkələrin Türkiyə ilə imzalanan anlaşma memorandumuna qarşı çıxması məni maraqlandırmır" deyərək, enerji sahəsində yeni anlaşmalar edəcəklərini bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti