Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri fevralın 24-dək qüvvəyə minəcək 13-cü anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Sozcu.info xəbər verir ki, bu barədə Avropa İttifaqı ölkələrinin səfirlərindən bəziləri “X” sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıblar.
“Aİ səfirləri indicə 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəldilər. İndi paket Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-dək rəsmi şəkildə təsdiqlənəcək”, - məlumatda bildirilib.
Məlumatda həmçinin sanksiyaların Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla əlaqədar tətbiq edildiyi qeyd edilib. Bildirilib ki, bu, Aİ tərəfindən təsdiqlənmiş ən geniş paketlərdən biridir.
Paket təkcə Rusiyadan deyil, həm də Rusiyaya bir sıra tərəfdaş dövlətlərdən, o cümlədən, Çin, İran və Şimali Koreyadan olan 200-ə yaxın fiziki və hüquqi şəxsin qara siyahıya salınmasını nəzərdə tutur.
Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqləndikdən sonra sanksiyalar Aİ-nin Rəsmi Jurnalında dərc ediləcək və bundan sonra rəsmi olaraq qüvvəyə minəcək.
Qeyd edək ki, 12-ci sanksiyalar paketi nəticəsində Rusiya ilə bağlı ümumi qara siyahı rekord həddə qədər genişlənmiş, bununla da sanksiyalar 1800 fiziki və hüquqi şəxsi əhatə etmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti