8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
28 noyabr 2016-cı ildə "Borçalı” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstanın azərbaycandilli məktəblərindəyaranmış təhsil problemlərinə həsr olunan dəyirmi masa keçirmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Nəsimi adına Dilçilik İnstitutunun rəhbər vəzifəliləri, tanınmış elm və təhsil işçiləri, politoloqlar,qəzet-jurnal redaktorları və təhsil ekspertləri iştirak etmişlər. İclasa sədrlik edən,"Borçalı” İctimai Birliyinin həmtəsisçisi və sədr müavini yazıçı-publisist Şərif Kərimlinin çıxışını təqdim edirik.
Bu gün çox vacib bir məsələnin müzakirəsinə yığışmışıq. Mən buna ümummilli bir məsələ deyərdim -Gürcüstanda soydaşlarımızın təhsili, Azərbaycan dilinin tədrisi acınacaqlı bir durumdadır.Bu problem təkcə Borçalı və borçalıların problemi deyil, bu, bütöv Azərbaycan problemidir. Aqillərin belə bir sözü var: yoxsulluq içərisində boğulan komanın yanında saraylar təhlükəsiz ola bilməz.
Gürcüstandakı soydaşlarımızın sosial-iqtisadi, milli-mənəvi problemlərini Azərbaycan dövləti daim diqqət mərkəzində saxlasa da bir sıra ictimai cəmiyyətlər, o cümlədən "Borçalı” İctimai Birliyi də mütəmadi olaraq bu problemlərin müxtəlif səviyyələrdə qaldırılmasına və onların müsbət həllinə yardımçı olmağa çalışır.
Bugünkü dəyirmi masanın mövzusu ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi, Nazirlər Kabineti, Təhsil Nazirliyi, ali məktəb rəhbərləri, tanınmış elm və təhsil işçiləri və digər aidiyyəti qurumlar məlumatlandırılmış və tədbirə dəvət olunmuşlar.
"Borçalı” İctimai Birliyi gürcü dilinin cəngində boğulan zəngin koloritli Borçalı ləhcəsinin, demək olar ki, türk dilinin bütün lüğət tərkibini özündə ehtiva edən, Dədəm Qorqudun şirin dastan dilini ellərimizdə, obalarımızda, ən azı ailələrimizdə qoruyub yaşadan dialektlərimizi, şivələrimizi yad təsirlərdən müdafiə etməklə milli kimliyimizin, milli birliyimizin varlığına çalışır. Lakin böyük dühalardan olmuş Uinston Çörçillin belə bir fikri ilə də razılaşmamaq mümkün deyil: "Pulsuz sülh olmaz.”Bütün bu təşəbbüsləri dövlətimizin, onun aidiyyəti strukturlarının yaxından iştirakı olmadan həyata keçirmək mümkün deyil.
Hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan və Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllimlərin yaşı 65-70 arasındadır. Bu müəllimlərin savadına bizim şübhəmiz yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar! Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir - insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir. Yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır.
Bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövləti vəzifələrə irəli çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdi. Bu gün həmin problem aradan qaldırılıb. Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın buraxılmır. İndi isə başqa bir problem yaranıb – dilimizin assimilyasiyası!
Cürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq! Bu isə təkcə borçalıların problemi olmamalıdır. Bu, birinci növbədə Azərbaycan dövlətinin, sonra isə Gürcüstan dövlətinin konstitusion vəzifəsidir! Gürcüstandan olan soydaşlarımız güzəştli şərtlərlə Azərbaycanın dövlət universitetlərinə qəbul edilməli, hətta onların Gürcüstanda işlə təmin olunma və əmək haqqı məsələləri barədə düşünülməlidir. Unudulmamalıdır ki, biz Gürcüstanda beş-on şəxsə kömək etmirik, biz böyük Azərbaycan dünyasının arteriyalarını genetik qanımızla təchiz edirik!
Borçalıda və ona bitişik ərazilərdə kompakt yaşayan soydaşlarımızın bu qəbildən olan problemləri ilə bağlı ölkəmizin görkəmli ziyalıları bu gün həyəcan təbili çalmasalar, 5-10 ildən sonra borçalıların ana dilini unutmaları təhlükəsi ilə üz-üzə qalacağıq.
Hörmətli xanımlar və bəylər, əziz qonaqlar!
Sizə zəhmət verib bu gün bura dəvət etməkdə əsas məqsədimiz yuxarıda sadaladığım problemin həlli ilə bağlı dəyərli fikirlərinizi eşitmək və əməli təkliflərinizi müzakirə etməkdir. İndi kimin işi bir az düz gətirmirsə, deyir "problemim var”. Ancaq xırda məişət çatışmazlıqları problem ola bilməz. Problem - bizdən asılı olmayan səbəblərdən həlli müşkülə çevrilən məsələlərdir. Biz istəməzdik ki, Cənubi Azərbaycan, Qərbi Azərbaycan, Şimalı Azərbaycan (Dərbənd), Qarabağ problemlərini borçalılar da yaşasın.Əgər küləyin istiqamətini dəyişdirə bilmiriksə, bəlkə yelkənlərimizi dəyişməliyik? Budur əsas məsələ!