VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...


Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunur.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov “Əmək pensiyaları haqqında” qanunda 8-ci və “Sosial müavinətlər haqqında” qanunda 4-cü maddələrə yenidən baxılmasını vacib sayıb.

Milli Məclisin deputatı Fazil Mustafa Referans.Az-a açıqlamasında bu təklif haqqında danışıb.

“Bu məsələ prezident seçkiləri zamanı bizim tərəfimizdən də qaldırılmışdı. Olduqca aktual məsələdir. Hazırda uşaqların böyüdülməsi üçün sosial şərtlər olduqca əlverişsizdir. Buna görə də ailənin dəstəklənməsi baxımından bu vacibdir. Reallıqları nəzərə alıb bu məsələ ətrafında müzakirələrin aparılması, qərarın qəbul olunması vacibdir”.

Sosioloq Elçin Bayramlı isə qeyd edib ki, Azərbaycan artıq biruşaqlı ailə modelinə keçib.

“Bu təkliflə razıyam, mən də daim bu tərz təkliflərlə mətbuatda çıxış etmişəm. Üçuşaqlı ailə artıq faktiki olaraq çoxuşaqlı ailədir. Hətta Azərbaycanda 3 uşaqlı ailəyə belə çox nadir hallarda rast gəlinir. Bu həm statistikadan, həm də ətrafımızda müşahidələrimizdən də aydın görünür. Cəmiyyətimiz artıq biruşaqlı ailə modelinə keçib. Bu olduqca təhlükəli, hətta faciəvi bir tendensiyadır. Yəni bir ailədə üçdən az uşağın olması bu cəmiyyətin tədricən məhv olub sıradan çıxması deməkdir. Bir xalqın davam etməsi, yaşaması üçün hər ailədə minimum 3 uşağın olması şərtdir. Çünki bu uşaqların biri müxtəlif dövrlərdə dünyasını da dəyişə bilər. Belə olanda da balans yerində qalır”.

Sosioloq bildirib ki, dünyanın bütün ölkələri çoxuşaqlı ailələrn sayının çox olmasına çalışır. Xüsusilə də, Çində bu təcrübənin faciəvi sonluğunu görən digər ölkələr bu məsələ ilə bağlı addımlar atmağa başladılar.

“3 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunmağa başladıqda artıq dövlətin müəyyən imtiyazlar sistemi işə düşür. Sosial müavinətlər, yardımlar və s. bunlara daxildir. Bu sistem bizdə çox, təəssüf ki, zəifdir. Bir çox ölkələrdə uşaq pulu verilir lakin bizdə yox. Bu ölkələrə Rusiya, İran, qonşu Türkiyə kimi ölkələr da daxildir. Hətta bəzi ölkələrdə uşaq pulundan əlavə ailələrə ev, torpaq, avtomobil verilməsi qaydaları var. Bu dövlətin stimullaşdırıcı tədbirləridir. Məqsəd isə normal ailə modelinin bərqərar olmasıdır. Bəzən bildirilir ki, bütün uşaqlara uşaq pulu verməyə dövlətin imkanı çatmır. Ən azından müəyyən bir yaş qrupunda olan uşaqlara verilməsi mümkün ola bilər. Məbləğin az olması da müəyyən qədər qəbuledilən olardı, bu, yenə də ailəyə dəstək olacaq. Bir alternativ də ola bilər ki, yalnız üç uşağı olan ailələrə verilə bilərdi bu pul. Bu zaman da dövlətin ödəyəcəyi pul dəfələrlə az olacaqdı. Bütün bunlar sivil ölkələrdə proqram şəkilində tətbiq edilir. Bunların hər biri əhalinin demoqrafik balansını tənzimləmək üçündür". 

 

Fidan Vəlisoy



Oxşar Xəbərlər

Xəbər lenti