8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu halda ABŞ və Avropa Birliyi ölkələri Ankaranın qarşısında ciddi əngəl yaradacaqlar
Bildiyiniz kimi, srağagün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyədə 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan, 20 milyard dollara başa gələcək Akkuyu Nüvə Stansiyasının təməli atılıb. Qeyd edək ki, bu, qardaş ölkənin nüvə sahəsində atdığı ilk addımdır. Onu da nəzərinizə çatdıraq ki, nüvə stansiyasının tikintisi üçün bütün maliyyə resursları Rusiya tərəfindən təmin ediləcək və 60 il istismarda olacaq.
Məhz bu faktın özü onu deməyə əsas verir ki, Türkiyə artıq nüvə dövləti olmaq yolunda ilk addımını atıb. Odur ki, qardaş ölkə tezliklə nüvə dövlətləri sırasına qoşula bilər. Ümumiyyətlə, İranın nüvə silahı əldə etməyə çalışdığını və İsrailin nüvə silahına malik olmasını nəzərə alsaq, o zaman Türkiyə üçün təhlükəsizlik baxımından nüvə dövlətinə çevrilməyin nə qədər önəmli olduğunu görə bilərik.
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Türkiyə hələlik nüvə dövləti olmağı planlaşdırmır: "Atom elektrik stansiyası ilə nüvə silahı arasında böyük fərq var. Rusiya Türkiyədə sadəcə atom elektrik stansiyası tikir. Ümumiyyətlə, Türkiyə üçün atom elektrik stansiyasının tikilməsi çox vacib idi. 1955-ci ildən bu yana bu haqda düşünürdülər. Qeyd edim ki, atom elektrik stansiyasının tikilməsi Türkiyənin elektrik təchizatında mühüm rol oynayacaq. Çünki tikiləcək atom elektrik stansiyası İstanbul kimi böyük bir şəhəri elektrik enerjisi ilə təmin edə biləcək. Hesab edirəm ki, hazırda Türkiyənin nüvə dövlətinə çevrilmək kimi bər dərdi-səri yoxdur".
Hələlik Türkiyənin enerji asılılığından qurtulmaq, bunu ən azından minimuma endirmək üçün atom elektrik stansiyasının inşasına qərar verdiyini vurğulayan politoloq Natiq Mirinin fikrincə, qardaş ölkə gələcəkdə nüvə ölkəsi olmağı hədəfləyə bilər: "Hazırda ilk hədəf Türkiyənin digər ölkələrdən enerji asılılığını aradan qaldırmaqdır. Ancaq gələcəkdə Türkiyə nüvə ölkəsi olmağı hədəfləyə bilər. Fikir verirsinizsə, artıq regionda İran, hətta Yaxın Şərqdə Səudiyyə Ərəbistanı kimi ölkələr də nüvə texnologiyasını əldə etmək və gələcəkdə nüvə ölkəsi olmağı planlaşdırırlar. Belə olduğu təqdirdə, Türkiyə kimi strateji bir ölkə nüvə silahına sahib olmağı təbii ki, istəyəcək. Bu baxımdan düşünürəm ki, tikiləcək atom elektrik stansiyasının inşası hələlik ilkin mərhələdir. Lakin Türkiyə gələcəkdə yalnız regional deyil, həm də qlobal güc olmaq istəyirsə, o zaman mütləq mənada nüvə ölkəsi olmasına ehtiyac yaranacaq. Hesab edirəm ki, zamanı gəldikdə Ankara bu yöndə zəruri addımlar atacaq, müvafiq qərarlar qəbul edəcək".
Türkiyənin nüvə silahına sahib olmasını istəməyən bir çox dövlətlərin olduğunu deyən politoloqun sözlərinə görə, onların başında Qərb, yəni Türkiyənin "müttəfiqi" olan ABŞ və Avropa Birliyi ölkələri dayanır: "Həmçinin, bu sırada İsrail də yer tutur. Bildiyiniz kimi, Türkiyə Suriyanın şimalında terror əleyhinə uğurlu hərbi əməliyyat keçirdikdən sonra artıq Qərb dünyası, xristian aləmi demək olar ki, Türkiyəyə qarşı düşmənçilik ortaya qoyub. ABŞ-dan sonra artıq Fransa da PKK terrorçularının Suriya qolu olan YPG terrorçularına birmənalı dəstək verəcəyinə söz verib. Və bunun ardınca artıq bu gün bəlli olub ki, Avropanın ən güclü ölkələrindən olan İngiltərə də YPG terrorçularına dəstək verəcəyi ilə bağlı vəd verib. Yəni bu, zəncirvari reaksiya olaraq Qərb dünyasındakı digər xristian ölkələrinə sıçraya bilər. Məhz bütün bunları nəzərə aldıqda, qəti şəkildə demək olar ki, əgər Türkiyə nüvə ölkəsi olmaq istəsə, o zaman sadaladığım dövlətlər və onların müttəfiqləri Türkiyənin qarşısında ciddi əngəl yaradacaqlar".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org