Vasif Talıbov istefa ərizəsi yazıb?-Məclis sədrinin fərman məsələsi

Noyabrın ilk günündən Naxçıvanda başlayan yoxlamalar ciddi faktlar üzə  çıxarmaqdadır. Qeyri-rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində  üzə çıxan faktlarla bağlı bir neçə cinayət işi açılıb. Həmin cinayət işlərindən biri Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində baş verən korrupsiya və rüşvətxorluqla bağlıdır. Həmin qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs olunub. Səbail Rayon Məhkəməsi noyabrın 24-də Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Şöbə müdiri Cinayət Məcəlləsinin 179.4 maddəsi (Mənimsəmə və ya israf etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirli bilinir. Yenə qeyri-rəsmi məlumatlara görə, Mənsur Əsgərovdan başqa 17 nəfər gömrük işçisi istintaqa cəlb olunub. Onların bəzilərinin də haqqında həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir. Çünki Mənsur Əsgərov 132 milyon manat dövlət vəsaitini təkbaşına mənimsəyə bilməzdi. Adının açıqlanmasını istəməyən gömrük eksperti bildirir ki, Mənsur Əsgərov təkbaşına 132 milyon manat deyil, 132 min manat mənimsəyə bilməzdi. “Belə böyük həcmli korrupsiyanı korrupsioner şəbəkə olmadan həyata keçirmək mümkün deyil”.

 

Naxçıvan Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovdan sonra Naxçıvan Muxtar Respublikasının maliyyə naziri həbs edildi. Maliyyə naziri Rafael Əliyev 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Səbail rayon məhkəməsi hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Çox maraqlıdır ki, Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsinə cəmi iki il əvvəl, 19 avqust 2020-ci ildə təyin olunub.

Rafael Əliyevin iki ildən bir qədər artıq müddət ərzində 144 milyon manat dövlət vəsaitini mənimsəməsi Naxçıvandakı korrupsiyanın və rüşvətxorluğun dəhşətli səviyyədə olduğundan xəbər verir. Çox maraqlıdır ki, Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilməsi haqqındakı rəsmi sənəd Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanıdır. Prezident İlham Əliyev nazirləri təyin edərkən imzaladığı sənəd sərəncam adlandığı halda, Vasif Talıbov nazirləri fərmanla təyin edib. Bir dövlətdə fərman imzalamaq yalnız prezidentə məxsus hüquq olduğu halda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri də imzaladığı sənədləri fərman adlandırmaqdan çəkinməyib. Çox böyük ehtimalla bu məsələyə respublikanın aidiyyatı qurumları müfaviq qiymət verəcəklər.

Bir şöbə müdirinin 132 milyon manat dövlət vəsaitini mənimsədiyi Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli, onun birinci müavini isə Səbuhi Növruzovdur. Komitə sədri Səhət Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır. Səbuhi Novruzov Dövlət Gömrük Komitəsinin sədrinin müavini təyin edilməzdən əvvəl MR-da daxili işlər nazirinin müavini olub. Səbuhi Novruzov bir müddət daxili işlər naziri vəzifəsini də icra edib. Səbuhi Novruzov və Səhət Həbibbəylinin də həbs olunacağı gözlənilir.

Bu arada Vasif Talıbovun ailəsinin malik olduğu sərvətlərlə bağlı bəzi məlumatlar yayılıb. Məlum olub ki, Talıbovun ailə üzvülərinin Birləşmiş Ərəb Əmirliyində çoxsaylı mülkləri var. Belə ki, Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzilin sahibi Vasif Talıbovun kiçik oğlu Rza Talıbovdur. Mənzilin qiyməti 550 min dollardır. Rza Talıbov Dubayda yerləşən “Bulvar Central Tover” 2-də 3 otaqlı mənzili də var. Dünyada çox məşhur olan 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bu binanı dəyərli edən səbəblərdən biri də “Bulvar Central Tover”in məşhur “Bürc Xəlifə”nin yaxınlığında yerləşməsidir. Dubayda yerləşən “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzili də var. Mənzilin dəyəri 570 min dollardır. “Bürc Xəlifə”nin yaxınlığındakı 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində Rza Talıbovun 3 otaqlı mənzili var. Mənzilin dəyəri 2,3 milyon dollardır. Bundan başqa Rza Talıbovun qardaşı Seymur və bacısı Baharxanımla hər birinin 63 mərtəbəli “Burj Lake” oteldə 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Dubayda bu qədər bahalı daşınmaz əmlaka malik olan Rza Talıbov Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisidir. Bir idarə rəsinin bu qədər sərvəti necə əldə etməsinə də aidiyyatı dövlət qurumları aydınlıq gətirməlidir. Bu məqamla bağlı Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinin mövqeyini öyrənməyə çalışacağıq.

Vasif Talıbovun digər oğlu Seymur Talıbovun “Burj Lake”dən başqa “Marina Gatedə” 2 otaqlı iki mənzili var. Mənzillərin 42-ci və 48-ci mərtəbələrdə yerləşdiyi iddia olunur. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır. Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır. İddiya görə, Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun ailə üzvülərinin yalnız bir şəhərdə, Dubayda bu qədər sərvəti varsa, bu bütövlükdə Talıbovlar ailəsinin sərvəti haqqında müəyyən təsəvvürlər yaradır.

Son məlumatlara görə Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsindən və deputatlıqdan istefa verməsi ilə bağlı ərizə yazıb. Ərizə gələn həftə qanunvrici orqanda müzakirəyə çıxarılacaq. Qeyd edək ki, deputat Etibar Əliyev də Vasif Talıbov könüllü istefa verməyə çaağırmışdı. Deputat bununla bağlı qeyd edib ki, görünür ki, korrupsiyanın mərkəzi fiquru odur... İndi “süni avtoritet”lərə yer yoxdur...”.

Siyasi ekspertlər isə hesab edir ki, Vasif Talıbovun istefası Bakıda da bəzi məmurların karyerasına son qoyacaq. Milli Məclisdə, Nazirlər Kabinetində və ayrı-ayrı nazirliklərdə Vasif Talıbovun kadrları var. Onlar bu vəzifələrə “Naxçıvan xanı”nın himayəsi nəticəsində gəliblər. Vasif Talıbovun istefasından sonra onların vəzifə başında qalması dövlətçilik üçün təhlükəli ola bilər.

Azad Aydın?

"Yeni Sözçü" qəzet



Oxşar Xəbərlər

Xəbər lenti