İran niyə qəzəblənib?


Ramazan SİRACOĞLU

Son günlərdə İran ilə İsrailin onsuz da gərgin olan münasibəti yenidən dünya mediasının gündəmindən düşmür. Təəccüblü haldır ki, İran rəsmiləri İsraillə getdikcə gərginləşən münasibətə Azərbaycan Respublikasını da əlavə edir, onu sionizmə xidmətdə suçlayırlar.

Azərbaycan Respublikasının hərbi-siyasi uğurları, əzəli torpaqlarının əksər hissəsini mənfur düşmən işğalından geri alması, tarixi ərazimiz Zəngəzurdan dəhliz açıb Naxçıvanla Zəngilan arasında yol çəkmək istəyi İranı bərk qəzəbləndirib. Sirr deyildir ki, İran Ermənistan ərazisini Avropa ölkələri ilə ticarət üçün yeganə quru yolu olaraq görür və bu yolu əldən verməmək üçün istənilən hərbi müdaxiləyə əl ata bilər.

Xatırlayırsınızsa, 2022-ci ilin oktyabr ayında Ermənistanın Qafan şəhərində İranın konsulluğunun açılışında Xarici İşlər  naziri Əmir Abdullahyan demişdi ki, “İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi görür və konsulluğun açılmasını da İranla erməni xalqının minillik münasibətinin xoş təzahürü olaraq dəyərləndirir.”

İran rəsmilərinin Azərbaycan Respublikasına münasibətlərində fərqli baxış açıları sərgilənir. Məsələn, İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri bu ərəfədə İrəvanda keçirdiyi  mətbuat konfransında bildirmişdir ki, rəsmi Tehran bölgədə  möhkəm sülhün bərqərar olmasına, qonşu dövlətlərlə dinc yanaşı yaşamağa  çalışır. 21 mart 2023-cü ildə İslam İnqilabı Keşikçiləri Korpusuna  (SEPAH ) və Qüds qüvvələrinə (Niru-ye Qods )   aid rəsmi informasiya vasitələrində isə Azərbaycan Respublikasına ciddi təhdidlər edilmişdir: “Bütün dünya sizi  qardaş deyə çağırsa da, bütün atom silahlı ölkələr sizi qorusa da oxçuların attığı oxlar  bu torpağı vətənə birləşdirəcəkdir”. Bu cümlədəki “sizi” sözü ilə “Azərbaycan”,  “qardaş” kəlməsi ilə “Türkiyə”, “atom silahlı ölkələr” ifadəsi ilə “İsrail və Pakistan”, “oxçular” təbiri ilə ( orijinal mətndə “kəmandaran”)  “İran silahlı qüvvələri”, “bu torpağı” deyimi ilə “Azərbaycan Respublikası”, “vətən” termini ilə “İran” nəzərdə tutulduğu gün kimi aydındır. Qeyd olunan cümlənin sadə anlamı budur ki, “biz sizin əraziləri öz torpaqlarımıza birləşdirəcəyik, sizi nə qardaşınız, nə də atom silahı olan dostlarınız qoruya biləcəkdir.” Sual olunur: Azərbaycan Ordusunun öz əzəli torpaqlarını erməni işğalçılarından geri alması, bu işdə öz strateji müttəfiqlərindən yardım alması İranı niyə  bu qədər qəzəbləndirib? Yoxsa, Azərbaycan Respublikası hər hansı bir dövlətlə tərəfdaşlıq etmək üçün öncədən İrandan razılıq almalıdır?

Son otuz ildə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında bütün islami dəyərləri məhv etməsini, müsəlmanların məzarlarını şumlamasını, məscidlərini donuzxanaya çevirməsini “görməyən”, ermənilərə hər cür lojistik dəstək verən İran birdən-birə Azərbaycanı siyasi müttəfiqi İsraillə əməkdaşlıqda, sionizmə xidmətdə ittihama başlayıb. Adətən təmkinli davranan ali dini rəhbər  cənab Xameneyi də bizi nəzərdə tutaraq üstüötrtülü eyham da vurub: “Güvənlik üçün özgəyə söykənənlər tezliklə qapaz yeyərlər”.

Qardaş Türkiyənin, strateji tərəfdaş Pakistanın, dost İsrailin Azərbaycana dəstəyini qısqanclıqla qarşılayan İran unudur ki, müəyyən vaxtlarda o özü də açıq və gizli şəkildə  İsrail də daxil olmaqla, başqalarından yardım almış və almaqdadır. Lakin Azərbaycan dövləti bu işə görə İranı sionizmə xidmətdə heç  Məsələn, İraqla 8 illik muharibə zamanı Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya), Suriya Ərəb Cümhuriyyəti, Liviya vs dövlətlər ona böyük yardım göstərmişlər. Azərbaycanın dövlət sərhədlərində hərbi təlim keçirməyən qonşumuz son bir ildə  tez-tez müxtəlif kod adı altında çoxsaylı əsgəri birliyin qatılımıyla hərbi manevrlərə, başqa sözlə, bizə əzələ göstərisinə başlayıb. Oxucuları bezdirmədən müxtəlif vaxtlarda İrana edilən bəzi hərbi yardımdan qısaca söz açmaq istəyirik.

1980-1988-ci illərdə davam etmiş, çoxsaylı insan həyatına, böyük ölçüdə maddi-mənəvi itkilərə yol açmış müharibəyə iranlılar “istənilməyən savaş”, yaxud “kutsal döyüş” (“cəng-e təhmili” və ya “defa-ye muqəddəs”) deyirlər. O vaxtlar İranda şahlıq rejimi yenicə yıxılmışdı, yeni quruluş hələ tam bərqərar olmamışdı. Tehranda bir qrup iranlı tələbənin 04.11.1979-cu ildə ABŞ böyükelçiliyinin 52 diplomatını 444 gün girov saxlaması İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə nəticələnmişdi. Bunu fürsət bilən İraq ordusu 22.09.1980-ci ildə beynəlxalq aləmdən, az qala, təcrid olunmuş İrana hücum etmişdi. Savaşın başlanğıcında (1980-1982-ci illərdə) İraq ordusu hətta bəzi uğurlar qazanmış, İranın bir sıra ərazilərini ələ keçirmişdi. Təkbaşına uğurlu hərbi əməliyyatlar aparmağın mümkünsüzlüyü o zaman İran rəsmilərini bəzi dövlətlərlə sövdələşməyə getmişdi.

Mənbələrin məlumatına görə, İraqla muharibə zamanı  İranın indi düşmən olaraq təqdim etdiyi İsrail də ona gizli şəkildə yardım göstərmişdir. İran rəsmiləri isə birmənalı şəkildə adıçəkilən ölkə ilə hər hansı bir əməkdaşlığın olmadığını bildirmişdir. 16 iyul 1979-cu ildə İraqın dövlət başçısı olmuş Səddam Hüseyn (1937- 2006) İranın neftlə zəngin olan sərhədyanı Xuzistan əyalətini (lurların, ərəblərin, əfşarların, qaşqay türklərinin və farsların yaşadığı, 64 min kv. km ərazisi olan o yer etnik baxımdan çox qarışıqdır) ələ keçirmək istəyirdi və bu məqsədlə sürətlə silahlanırdı. İranın o zamankı baş naziri Mehdi Bazarqan (1907- 1995) hərbi yardım üçün ABŞ Prezidenti Cimmi Karterə (1924) müraciət etsə də, Karter bu istəyi yerinə yetirməmişdi. İddialara görə, Karter administrasiyasından umduqları hərbi yardımı ala bilməyən İran rəsmiləri dolayı yollarla israillilərlə hərbi dəstək üçün gizli sövdələşməyə nail olmuşdular (Bax: M. Jonathan. The Iran-Contra connection: secret teams and covert operations in the Reagan era. Boston, 1987).

Adının çəkilməsini istəməyən yüksək vəzifəli bir israilli yetkili 22.11.1986-cı ildə "Nyu York Tayms" qəzetinin müxbirinə etiraf etmişdi ki, əslində, İsrailin İrana hərbi dəstəyi ABŞ rəsmilərinin razılığı əsasında gerçəkləşmişdi...

Mənbələrin məlumatına görə, 1981-1989-cu illərdə ABŞ Prezidenti olmuş Ronald Reyqan (1911-2004) İrana silah satılmasına qarşı çıxsa da, Dövlət Departamentinin müşaviri Robert Makfarleyn bu işdə ABŞ dövlət katibi A. Heyq ilə İsrailin baş naziri M. Begin (1913- 1992) arasında koordinatorluq etmişdir. Əldə olunmuş gizli razılıq əsasında İsrail İrana əvvəlcə sadə, köhnə modelli hərbi avadanlıqlar satmağa başlamış, daha sonra isə sövdələşmənin şərtindən çıxaraq ona həm də müasir hərbi silahlar vermişdir. Bu işi gerçəkləşdirə bilmək üçün İsrail hərbi kəşfiyyatı Nyu Yorkda məxfi əməliyyat gerçəkləşdirmiş, Uoll Strit (Wall Street) bölgəsindəki Con Strit (John Street ) küçəsində 50 nəfər işçisi olan  saxta şirkət yaratmışdır. Uydurma şirkətin ofisi  alınan  amerikan silahlarının İrana satışını həyata keçirmişdir (Bax: Ari Ben Menashe. Profits of War: Inside the Secret U.S.-Israeli Arms Network, 2015). 1982-ci ilin mart ayında "Nyu York Tayms" qəzetinə İsrailin gizli olaraq İrana silah satması haqqında məlumat sızdırılmış və ifşa olunmamaq üçün yuxarıda qeyd olunan o uydurma şirkət təcili şəkildə Nyu Yorkdan Londona köçürülmüşdür. Yəhudi kökənli amerikalı araşdırmaçı-publisist Seymur Herş (1937- Seymour Hersh) 1991-ci ildə "Nyu York Tayms" qəzetində yazmışdır ki, Londona köçürülən şirkət 1983-cü ildən etibarən İrana bir neçə milyard dollarlıq amerikan istehsalı hərbi silah-sursat satmışdır...

Mətbuata sızan məlumata inansaq, Reyqan administrasiyası bütün müttəfiqlərini İrana silah satmamağa səsləyəndə və İrana silah ötürülməsinin qarşısını almaq üçün çılğın “Dəyanət əməliyyatı” (Operation Staunch) aparanda da İsrail tərəfindən İrana silah satışı davam etdirilmişdir. Təl-Əviv Universiteti nəzdindəki Yaffe Strateji Araştırmalar İnstitutunun bildirisinə əsasən, İran 1981-1983-cü illərdə İsraildən 500 milyon dollar dəyərində silah almışdır və ödənişin əsas hissəsini neftlə ödəmişdir (Bax: Trita Parsi. Treacherous alliance. The Secret Dealings of Israel, Iran and U.S., Yale University Press, 2007, p. 106-107).

Vaşinqtondakı Corctaun Universitetinin professoru, “Intelligence and National Security” (“Kəşfiyyat və Milli Təhlükəsizlik”) jurnalının baş redaktoru, prof. Mark Fitian (M. Phythian) bildirir ki, İraq ordusunun sürətli hücumunu ləngitmək və onun asan qələbəsinin qarşını almaq məqsədilə ABŞ-ın razılığı ilə İsrail Bağdada hava hücumu etmək üçün İrana şərait yaratmışdı (Bax: Mark Phythian. Arming Iraq: How the U.S. and Britain Secretly Built Saddam's War Machine. Northeastern University Press, 1997, p. 20).

Təl-Əvivdə nəşr olunan gündəlik “Yediot axaronot- Son xəbərlər” qəzetinin hərbi şərhçisi, publisist Ronen Berqman etiraf edir ki, başlanğıcda, yəni, 1981-ci ildə İsrail “Balıqqulağı” (“Operation Seashell”) kod adlı əməliyyat çərçivəsində Cənubi Kiprin Larnaka hava limanı vasitəsilə İrana 75 milyon dollarlıq hərbi ləvazimat satıb. Hərbi yükləri əvvəlcə Argentinadan kiralanmış “Transporte Aereo Rioplatense” hava şirkəti daşıyırmış, lakin təyyarə Ermənistanda qəzaya uğradıqdan sonra bu işi gəmiylə davam etdirmişlər (Bax: R. Bergman. The secret war with Iran. New York, Free Press, 2008, pp. 40-48).

1955-1979-cu illərdə İsrailin Tehranda hərbi attaşesi olmuş, İrandakı iş adamlarının hamısını yaxından tanıyan Yaakov Nimrodinin (1926) vasitəçiliyi ilə İsrail 1982-ci ildə İrana 136 milyon dollar həcmində silah satmışdır. Mossadın sabiq əməkdaşı Y. Nimrodi bu barədə 2004-cü ildə kitab da yazmışdır. İsrailin Müdafiə naziri Ariel Şaron 1982-ci ilin mayında ABŞ-da verdiyi mətbuat konfransında ABŞ-ın razılığı ilə İrana silah satdıqlarını açıqlamışdı. O, 28 sentyabr 1983-cü ildə Parisdə də İranı silahla təchiz etdiklərini bir daha bəyan etmişdir.  

Yeri gəlmişkən, İsrailin İrana silah satışına vasitəçilik edənlərdən biri türk əsilli biznesmen Adnan Kaşıkçı (1935-2017), digəri də iranlı yəhudi milyarder Mənuçohr Qurbanifər (1945 ) olmuşdur. 1984-cü ilin baharında o zamankı Qərbi Almaniyanın kansleri Helmut Kox ABŞ Prezidentinə İsrailin İrana 500 milyon dollarlıq silah satdığından şikayətlənmişdi. 1985-ci ildə Danimarka bayrağı altında üzən yük gəmiləri İsrailin Qırmızı dənizdəki Eilat limanından  İranın Fars körfəzindəki Bəndər Abbas limanına 600-dən çox səfər etmiş və hərbi təyinatlı yüklər daşımışdır (Bax: The New York Times, 12.08.1991).

1986-cı ilin noyabr ayında Beyrutda ( Livan ) çıxan “اƏşşir'ə-Yelkən" jurnalında ABŞ və İsrailin İrana silah satdığını bildirən bir yazı beynəlxalq qalmaqala səbəb olmuşdu. O zamankı Prezident R. Reyqan 06.11.1986-cı ildə televiziya ilə çıxış edib xəbərin əsassız olduğunu söyləsə də, bir həftə sonra, 13.11.1986-cı ildə o xəbəri doğrulamışdı. Bu olay İran-Kontra qalmaqalı (Iran–Contra affair ) və ya İranqeyt (Irangate) adı ilə məşhurdur.

1986-cı ilin noyabr ayının 3-də Ceyn Hanterin ( Jane Hunter) ABŞ-da nəşr olunan “Washington Report” jurnalındakı “İsrail silahının İrana satışı” başlıqlı məqaləsi geniş ictimai rəy doğurmuşdu. Yazıda iddia olunurdu ki, İrana 2,6 milyard dollar həcmində silah satmağa cəhd etdiyinə görə 5 nəfər şəxs Bermud adalarında həbs olunmuşdur...

Mənbələrdən məlum olur ki, iranlı bəzi vaizlər məscidlərdə cümə xütbələrində, moizələrində İsraili kəskin tənqid atəşinə tutanda israilli texniklər, mütəxəssislər, hərbi müşavirlər iranlılara cani-dildən kömək edir, onları yeni texnika ilə necə davranmağı öyrədir, əllərindən gələn köməyi əsirgəmirlərmiş. 1984-cü ildə idarə etdiyi F4 (Fhantom 4) reaktiv təyyarəsi ilə Səudiyyə Ərəbistanına qaçmış iranlı pilotun təyyarəsinə ekspert baxışı keçiriləndə məlum olmuşdu ki, təyyarənin çox hissəsi öncə İsrailə eksport olunmuş, daha sonra da İrana satılmış detallardan ibarətdir (Bax: Jonathan Marshall. The Iran-Contra connection, Boston, 1987, p. 174).

(Ardı var)



Oxşar Xəbərlər

Xəbər lenti