8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu görüşdə əsas məqsəd Kremlə Ağ Evin şərtlərini qəbul etdirməkdir
Elxan Şahinoğlu: "Görüşdə ciddi nəticə əldə olunmayacaq, çünki iki ölkə arasında dərin fikir ayrılıqları var"
"Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur"
"Putin Trampı ABŞ-ın Avropa qarşısında hərbi sahə üzrə öz öhdəliklərinin həcmini azaltmağa inandırsa, bu NATO ölkələrinin müdafiə imkanlarını zəiflədəcək"
Yaxın vaxtlarda ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında sayca üçüncü görüş baş tuta bilər. Qeyd edək ki, Putin və Tramp indiyədək 2 dəfə görüşüb. Bu görüşlərdən biri 2017-ci ilin iyul ayında Hamburqdakı G20 sammitində, digəri isə noyabrda Vyetnamda OPEC ölkələrinin sammitində baş tutub. Tərəflər arasında üçüncü görüşün isə tez bir zamanda keçirilməsi gözlənilir. Belə ki, Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, artıq rəsmi Moskva və Vaşinqton Rusiya və ABŞ prezidentlərinin növbəti görüşünün yeri və tarixi haqqında razılaşıb.
Bu məsələnin çoxdan müzakirə olunduğunu vurğulayan Yuri Uşakov bildirib ki, bununla bağlı razılaşma tezliklə elan olunacaq: "Deyə bilərəm ki, sammitin keçirilməsi haqqında razılıq, hətta onun vaxtı və yeri haqqında razılıq əldə olunub". Bununla yanaşı, Uşakov qeyd edib ki, görüş üçüncü ölkədə keçəcək. Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya üzrə baş direktoru Riçard Huker isə deyib ki, rəsmi Vaşinqton və Moskva ABŞ və Rusiya prezidentlərinin görüşünün təşkilini nəzərdən keçirir. Onun sözlərinə görə, Avstriya görüş üçün mümkün yerlərdən biridir: "Hər iki tərəf görüşün mümkünlüyünü nəzərdən keçirir. Düşünmürəm ki, hansısa qərarlar qəbul olunub və ya detallar işlənib, sadəcə, hər iki tərəf bunu etmək üçün çalışmaq imkanını öyrənir".
Sözügedən görüşlə bağlı mövqeyini bildirən ABŞ dövlət katibi Mayk Pompeonun fikrincə, Donald Tramp əmindir ki, Rusiya hətta Minsk razılaşmasının öhdəliklərini yerinə yetirməsə belə, yenidən G8 formatına qayıdacaq. O, eyni zamanda, Rusiya ilə bir sıra kompromis variantları da müzakirə etməyə hazır olduğunu vurğulayıb. Görünən odur ki, Kim Çen İnlə görüşdən sonra "Şimali Koreya tərəfindən gələn təhdidləri azaltdıq" deyən Pompeo məhz eyni üsulla Kremli də sakitləşdirməyə, ona Ağ Evin təklif və şərtlərini qəbul etdirməyi planlaşdırır.
Onu da nəzərinizə çatdıraq ki, artıq ABŞ prezidenti Donald Tramp da rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bəyan edib. Tramp görüşün Helsinkidə NATO-nun 11-12 iyul sammitindən sonra keçirilə biləcəyini bildirib. O, qeyd edib ki, Putinlə Ukrayna və Suriyadakı vəziyyət müzakirə ediləcək. ABŞ-ın vitse-prezidenti Maykl Pens isə "Bloomberg” agentliyinə müsahibəsində Donald Trampla Vladimir Putinin görüşü zamanı iqtisadi əlaqələr də daxil olmaqla Ukrayna və Suriyadakı vəziyyətin də əsas müzakirə mövzularından olacağını iddia edib. Qeyd edək ki, "Görüş zamanı Rusiyanın Böyük Yeddilik (G7) ölkələri qrupa qayıtması müzakirə olunacaqmı" sualına Pens "Fikrimcə, çox şey müzakirə ediləcək. Tramp əvvəllər də prezident Putinlə artıq bunu müzakirə edib. Ümidvarıq ki, bu məsələ yenidən müzakirə ediləcək".
Bu arada, Almaniyanın "Velt" qəzeti isə hesab edir ki, Rusiya və ABŞ-ın Avropanın iştirakı olmadan razılaşma imzalaması Avropa üçün kabusa səbəb olacaq və NATO-nu zəiflədəcək: "Vladimir Putinlə Donald Trampın görüşünün nəticəsi Vaşinqtonun NATO-nun şərqindəki hərbi təlimlərdən imtinası ilə nəticələnə bilər. Bunun qarşılığında Moskva Rusiyanın qərbindəki manevrlərdən imtina edər. Belə bir qərar NATO-nu zəiflədə və onun əsas prinsiplərini sual altında qoya bilər. Bunun nəticəsində Moskvanın hücum imkanları zəifləməyəcək. Avropa ölkələri arasında ABŞ-ın addımından narazı olanlar sırasına Polşa və Baltikyanı ölkələr rəhbərlik edəcək". Həmçinin, Böyük Britaniyanın nüfuzlu "The Times" qəzeti də bu qənaətdədir ki, rəsmi London Donald Trampla Vladimir Putinin mümkün razılaşmalarının NATO-da böhran yarada biləcəyindən ehtiyat edir. Qəzetin yazdığına görə, Britaniya hökumətinin üzvləri qorxularını ifadə edirlər ki, Putin Trampı ABŞ-ın Avropa qarşısında hərbi sahə üzrə öz öhdəliklərinin həcmini azaltmağa inandıra bilər. Qeyd olunur ki, bu da öz növbəsində, NATO ölkələrinin müdafiə imkanlarını zəiflədəcək. Qəzet bildirir ki, məmurlar həmçinin, onunla bağlı narahatlığını gizlətmirlər ki, ABŞ prezidenti danışıqların nəticəsinə görə ittifaq çərçivəsində planlaşdırılmış hərbi təlimləri dəyişdirə və ya ləğv edə bilər. Bunun isə NATO-da böhrana gətirib çıxaracağı deyilir.
"The Times" qəzetinin yazdığına görə, Böyük Britaniya hökuməti həmçinin narahatdır ki, ABŞ prezidenti Krımı Rusiyanın bir hissəsi kimi tanıya və sanksiyalarla bağlı siyasətini təkrar gözdən keçirə bilər. Moskvada bu günlərdə səfərdə olan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton ABŞ-ın sanksiyalarla bağlı mövqeyinin dəyişmədiyini bildirsə də, qəzetin hökumətdəki mənbələrindən biri sanksiyaların ləğvini istisna etməyib. Mənbə bildirib ki, Tramp Putinlə söhbətdə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşının Edvard Snoudenin vətəninə qayıdış məsələsini qaldıra bilər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Putin Trampla görüşündən divident qazanmağa ümid edir. Belə ki, "ABŞ prezidenti Donald Tramp qatı düşməni Şimali Koreya lideri Kim Çen İnlə görüşdən sonra həvəslənərək rusiyalı həmkarı Vladimir Putinlə də görüşməyə qərar verdi" deyən politoloqun sözlərinə görə, bu məqsədlə o, Moskvaya milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu Moskvaya göndərdi: "Bolton Rusiyanın ən qatı tənqidçilərindən sayılır. Buna baxmayaraq, şefinin tələbi ilə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Bu görüşdə prezidentlərin görüş yeri və tarixi müəyyənləşdi. Görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir. Çünki Rusiya Qərbin sərt sanksiyaları altındadır və Putinlə görüşmək istəyən Qərb liderləri azdır. Avropada tək-tük ölkə lideri var ki, Putini ölkəsinə səfərə dəvət edə bilərlər".
Elxan Şahinoğlunun fikrincə, Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir: "Əlbəttə, bu görüşdə ciddi nəticə əldə olunmayacaq. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki, (Ukrayna, Krımın işğalı, Suriya, kibermüharibə) hansısa sənədin imzalanması ehtimal edilmir. Ancaq Trampla əl sıxışmanın özü belə Putinə əlavə dividentlər gətirəcək. Putin bilir ki, buna görə Trampa qarşı Konqres daha da sərtləşəcək. Digər tərəfdən, Putinin o da xoşuna gəlir. Birincisi, Tramp Ukrayna məsələsində israrçı deyil, tam əksinə Ukraynanı korrupsiyalaşmış dövlət hesab edir, ikincisi, Rusiyanı "böyük yeddilərə" qaytarmaq istəyir. Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur".