Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Biz müsəlman və türk olduğumuza görə yeni dünya düzənində türk, eyni zamanda müsəlman xalqlarla bir cəbhədə, sıx ittifaqda olmalıyıq"
"Hesab edirəm ki, Türkiyə çox asanlıqla "Dünya beşdən böyükdür" ideyasına uyğun olaraq altıncı böyük gücə çevrilə bilər"
"Belarusla Rusiya arasındakı ittifaq konfederativ əlaqələr deyil, burda məqsəd Belarusu Rusiyanın təsirində saxlamaqdır"
Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə türk dünyasının bir araya gəlmə perspektivləri, Türk Konfederasiyasının reallaşdırılma yolları, Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməməsinin səbəbləri, o cümlədən "Türk NATO-su"nun formalaşdırılması üçün zəruri olan tədbirlər və digər mühüm məsələlərlə bağlı söhbətləşdik.
- Sərdar bəy, Türk Konfederasiyası ideyası ilə Azərbaycan-Türkiyə ittifaq dövləti təklifi arasında hansı fərqli və oxşar cəhətlər var?
- Əvvəla onu deyim ki, hər hansı bir ideya irəli sürərkən həmin ideyanın zəruri səbəblərini də demək lazımdır. Əks halda, bu, boş-boş danışmaq olar. Bildiyiniz kimi, beynəlxalq hüquq bir qayda olaraq ümümdünya qlobal proseslərdən sonra meydana çıxır. Yəni, bir kriz baş verir və bundan sonra meydana çıxır. İndiki halda İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya nizamı özünün böhranlı anlarını yaşayır. Həmin müharibədən sonra yaranan qlobal ictimai-siyasi düzən artıq iflasa uğrayıb. Çünki İkinci Dünya Müharibəsindən sonra ikiqütblü dünya yaranmışdı. Bu gün isə ikiqütblü dünya yoxdur. Yəni bütün ölkələr kapitalist ölkəsidir, artıq iqtisadi münasibətlərə görə dövlətlər bir-biri ilə qarşı-qarşıya durmur. Təbii ki, bu da yeni bir düzənin yaranmasını tələb edir. Çünki ikiqütblü dünyanın dağılması və yeni başlanmış qlobal iqtisadi böhran, bunun arxasından gələn qlobal siyasi böhrandan xilas olmaq üçün mütləq dünya yenidən fərqli bir nizama keçməlidir. Sözsüz ki, sosial-iqtisadi şərtləri bir kənara qoyarıqsa, yəni bütün dünyanın eyni sosial-iqtisadi formasiyada olduğunu nəzərə alarıqsa, o zaman burada din və milli kimliyə görə qruplaşmaq, ittifaqlaşmaq məsələsi önə çıxır. Biz müsəlman və türk olduğumuza görə yeni dünya düzənində türk, eyni zamanda müsəlman xalqlarla bir cəbhədə, sıx ittifaqda olmalıyıq. Odur ki, dünya düzənində öz yerimizi yalnız bu cərgədə tutmalıyıq. Burada diqqətimizi cəlb edən ilk amil kimi Türkiyə gəlir. Nəzərinizə çatdırım ki, məşhur amerikalı sosioloq və politoloq Samuel Hantinqton "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsərində müasir dünyada gedən ictimai-siyasi proseslərin əsas leymotivinin dini fərqliliklər olduğunu göstərir. İstər separatizm hərəkətləri, istər terror hərəkətləri, istərsə də qlobal ticarətdə baş verən hərəkətlər hamısı göstərir ki, İkinci Dünya Müharibəsinin nəticələri aradan çıxdıqdan sonra dünya mədəniyyətlərarası yeni cəbhələşməyə gedir. Və bu zaman hər bir mədəniyyətin bir aparıcı dövlətinin olması çox vacibdir. Əks halda, elə bil ki, bir ordu var, lakin başçısı yoxdur.
"Görünən odur ki, Türkiyə yeni dünya düzənində İslam dünyasının aparıcı gücü və təmsilçisi olacaq"
Son 20-30 il idi ki, İslam dünyasının lideri olmaq uğrunda gizli savaş gedir. Bu savaşı ilk öncə ərəblər başlatdılar. Səddam Hüseyn, Hafiz Əsəd, Camal Əbdül Nasir, eləcə də bu və başqa şəkildə Ənvər Sədat ərəb dünyasının birləşib müsəlmanların aparıcı dövləti olması kimi ideyalar ortalığa atdılar. Onların aqibəti hamıya məlumdur. Əslində, "Yaxın Şərq projesi"nin meydana çıxmasının əsas səbəblərindən biri, görünən tərəfi İsrailin bu bölgədə regional gücə çevrilməsi üçün ətrafda kiçik dövlətlərin yaradılması ideyasıdırsa, ikinci əsas səbəb bu bölgədə inkişaf etməkdə olan ərəb birliyi ideyasının məhv edilməsidir. Yəni bütöv bir ərəb dövlətinin meydana çıxması və onun bütün müsəlman dünyasının aparıcı dövləti olmasına imkan verməməkdir. Biz bunun acı nəticələrini gördük. Səddam Hüseyn heç bir əsas olmadan məhv edildi, Ənvər Sədat və Camal Əbdül Nasir öldürüldü.
Qeyd edim ki, ikinci belə bir iddianı ortaya qoyan İrandır. Belə ki, İran Yaxın Şərqdə və digər müsəlman ölkələrində "Hizbullah" təşkilatları yaratmaqla faktiki olaraq İslam dünyasında öz mövqelərini möhkəmləndirməyə və İslam dünyasının təmsilçisi kimi çıxış etməyə cəhd edir. Bu zaman çox ciddi iki obyektiv və subyektiv problem ortaya çıxır. Obyektiv problem ondan ibarətdir ki, İranda şiə təriqəti olduğuna, müsəlmanların çoxu isə sünni olduğuna görə heç bir halda İran bütün müsəlmanların təmsilçisinə çevrilə bilmir. O, yalnız şiə dövlətlərin təmsilçisinə çevrilir ki, bunun özü də ciddi problemdir. Bu səbəbdən də İranın zəiflədilməsi və sıradan çıxarılması projesi işə salındı. Bu gün İrana qarşı aparılan cəhdlərin bir məqsədi var ki, o da onun regional güc iddiasında olmamasıdır. Yəni məqsəd İranın Suriya, İraq, Yəmən, Səudiyyə Ərəbistanı və digər İslam ölkələrində baş verən hadisələrlə maraqlanmamasıdır.
Belə bir iddia ilə çıxış edən üçüncü dövlət isə Türkiyədir. Bildiyiniz kimi, türk xilafəti (Osmanlı imperiyası-red.) keçən əsrin əvvəllərinə qədər mövcud olub. 400 il xilafətin təmsilçisi türk dövləti olub. Sonradan Türkiyənin mövqelərinin kifayət qədər zəifləməsi və çoxsaylı düşmən qüvvələrin Türkiyə ilə müxtəlif problemlərinin olması qardaş ölkənin belə bir iddia ilə çıxış etməsinə imkan verməyib. Yəni Mustafa Kamaldan bu yana Türkiyə yalnız mövcudluq uğrunda mübarizə aparıb. Lakin əsası Nəcməddin Ərbakan tərəfindən qoyulmuş, Rəcəb Tayyib Ərdoğan tərəfindən isə daha ciddi şəkildə dövlət siyasətinə çevrilmiş Türkiyənin regional güc olmaq iddiası artıq qardaş ölkənin bütün İslam ölkələrinin bir stejni dövləti iddiasının olduğunu göstərir. Və digər dövlətlərdən fərqli olaraq, hələ ki, Türkiyəyə qarşı bu iddiasına görə əvvəlki dövlətlərin başına gətirilən oyunların heç biri effekt vermir. Yəni nə Türkiyəni parçalaya bilirlər, nə iqtisadiyyatını çökdürə bilirlər, nə də hansısa bir terrorla liderini aradan götürə bilirlər. Beləliklə, görünən odur ki, Türkiyə yeni dünya düzənində İslam dünyasının aparıcı gücü və təmsilçisi olacaq. Bu baxımdan, ayrı-ayrı ərəb ölkələrinin Türkiyə ətrafında birləşməyə çalışması da bununla bağlıdır. Odur ki, Türkiyə həm də bu baxımdan bizim üçün önəmlidir. O cümlədən, Türkiyə ilə Azərbaycan arasında "Bir millət, iki dövlət" anlayışı əslində bizim bir millət olduğumuzu təsdiqləyir. Yəni Anadolu türkləri Azərbaycandan köçmüş türklərdir. Səfəvi vaxtında geri qayıdıb Azərbaycan Səfəvi dövlətinin əsasını qoyublar. Faktiki olaraq istər Anadoluda, istərsə də Qafqazda yaşayan türklər bir və eyni xalqdır. Bu baxımdan, həm geopolitik coğrafiyamıza, həm tarixi əlaqələrimizə, həm də mövcud durumda Türkiyənin dünyada oynadığı roluna görə biz qardaş ölkənin güclənməsində maraqlı olmalıyıq. Biz bütün iqtisadi layihələrimizi Türkiyədən keçirmişik. Yəni artıq biz Türkiyə ilə iqtisadi birliyi yaratmışıq. Bilirsiniz ki, hər bir iqtisadi münasibətlər öz üzərində bir sosial, siyasi münasibətlərin yaranmasını tələb edir. Odur ki, bunun üzərində bir siyasi münasibət qurulmalıdır. Çünki uzun müddət bu cür davam edə bilməz. Biz hesab edirik ki, ittifaq modeli indiki dünya düzəninə uyğun deyil. Ona görə ki, Türkiyə ilə Azərbaycanın SSRİ və ya digər formada bir ittifaqda olması bölgə dövlətlərini qıcıqlandıra, müəyyən problemlər yarada bilər. Lakin Türkiyə ilə Azərbaycanın konfederativ əlaqəyə girməsi, vahid ordusunun olması və ortaq xarici siyasət aparması üçün heç bir maneə yoxdur. Heç kəs də buna qarşı çıxa bilməz.
"Türk Konfederasiyasının həm Aralıq, həm Qara, həm də Xəzər dənizinə nəzarət etmək imkanı olacaq"
- Sizcə, Türk Konfederasiyası Azərbaycana və Türkiyəyə nə verəcək? Bundan nə kimi üstünlüklər əldə edə bilərik?
- İlk öncə, iki ölkənin potensialı birləşdiyinə görə, Türk Konfederasiyası Türkiyə və Azərbaycanın hər birindən ayrılıqda böyük olacaq. İkincisi, bu konfederasiyanın həm Aralıq, həm Qara, həm də Xəzər dənizinə nəzarət etmək imkanı olacaq. Üçüncüsü, bu gün Türkiyə hərbi gücünə görə dünyada dördüncü yerdədirsə, bu konfederasiyadan sonra üçüncü hərbi gücə çevriləcək. Bundan başqa, Türk Konfederasiyası sayəsində həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi imkanları qeyri-adi dərəcədə yüksələcək. Nəhayət, uzun illərdir ki, ayrı qalmağımıza baxmayaraq, yenidən eyni xalqa, millətə çevrilə biləcəyik. Eyni zamanda, bu konfederasiya yarandıqdan sonra bizim dünyada iki səsimiz olacaq. Hansıki indi ayrı-ayrı dövlətlərik, amma onda bir dövlətin iki səsi kimi olacaq ki, bu da bizim siyasi çəkimizi xeyli artıracaq. Bu baxımdan, hesab edirəm ki, yeni dünya düzənində dövlətlər mütləq yenidən qruplaşacaqlar. Baxın, ABŞ açıq şəkildə İsraillə bir ittifaq halındadır, Avropa isə artıq tamamilə ABŞ və İsraildən imtina edərək, ortalığa yeni bir model qoyur. Odur ki, Azərbaycan da özünün xoşbəxt olacağı bir modeli seçməlidir. Bizə görə bu model Türkiyə ilə konfederativ əlaqələrdən keçir.
"Əgər Türkiyə regional güc olmaq, bütün türk və İslam dünyasının maraqlarını ifadə edən dövlət kimi çıxış etmək istəyirsə, o zaman Türk Konfederasiyası bunun üçün ən gözəl vasitədir"
- Sərdar bəy, niyə ittifaq və ya federasiya deyil, məhz konfederativ əlaqələri təklif edirsiniz?
- Çünki bizim həm də bir tariximiz var. 1918-ci il 31 mart qırğınından bizi xilas edən türk ordusu olub. Tarixə baxdıqda görürük ki, Azərbaycanla Türkiyə əlaqələri iqtisadi və digər sahələrdən daha çox hərbi dəstəkdən ibarət olub. Məhz bu, hər iki ölkə üçün daha önəmli olub. Buna görə də biz hərbi gücün birləşdirilməsi və vahid gücün formalaşdırılmasını istəyirik ki, bu da ancaq konfederativ əlaqələrdə mümkün ola bilər. Əvvəla, bu ideya mənim ideyam deyil. Belə ki, bu ideya əsrin əvvəllərində də meydana çıxıb, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev tərəfindən irəli sürülüb. Sonra bizim digər liderlərimizdən Əbülfəz Elçibəy də bu ideyanın tərəfdarı olub. Ümumiyyətlə, həm Azərbaycanda, həm də Türkiyədə türk birliyinin müxtəlif variantları müzakirə olunub və bu gün də bu cür müzakirələr davam edir. Odur ki, mən bir siyasi partiya lideri kimi çağdaş dövrün əsas tələblərindən çıxış edərək, qarşıdan gələcək yeni dünya düzənini doğru qarşılamaq üçün Türk Konfederasiyası ideyasını yenidən səsləndirmişəm. Hesab edirəm ki, bunun alternativi yoxdur. Əgər Türkiyə regional güc olmaq, bütün türk və İslam dünyasının maraqlarını ifadə edən dövlət kimi çıxış etmək istəyirsə, o zaman Türk Konfederasiyası bunun üçün ən gözəl vasitədir. Türkiyənin İslam dünyasının özək dövləti olması üçün başqa yolu yoxdur. Bunun üçün də Türkiyə İslam dövlətlərinin hamısının maraqlarını ifadə edən bir güc olmalıdır. Necə ki, ABŞ BMT-də və digər beynəlxalq təşkilatlarda İsrailin, xristian dünyasının maraqlarını müdafiə edir, eynilə də Türkiyə İslam dünyasının maraqlarını müdafiə edən bir dövlət olmalıdır. Çünki ikinci bir İslam dövləti nə buna iddia edə bilər, nə potensialı var, nə də bunu istəyir. Türkiyə isə həm bunu istəyir, həm potensialı var, həm də buna iddialıdır. Bu baxımdan, biz Türk Konfederasiyasının yaradılmasının vacibliyini vurğulamaqla, Türkiyənin bu iddiasına dəstək veririk. Hesab edirəm ki, Türkiyə çox asanlıqla "Dünya beşdən böyükdür" ideyasına uyğun olaraq altıncı böyük gücə çevrilə bilər. Bizim istəyimiz budur.
"Biz Azərbaycanın Türkiyə ilə birlikdə yeni bir təsir dairəsi yaratmasını istəyirik"
- Necə düşünürsünüz, Rusiya ilə Belarus arasındakı ittifaqı, ümumiyyətlə bu ölkələr arasındakı münasibəti Azərbaycanla Türkiyə arasındakı əlaqələrlə eyniləşdirmək mümkündürmü?
- Qətiyyən mümkün deyil. Çünki Rusiya ilə Belarusun münasibətləri rusların müstəmləkəçiliyindən sonra meydana çıxan bir münasibətdir. Yəni əvvəlcə Belarus Rusiyanın müstəmləkəsi olub, bu gün də onunla nə qədər yaxın dost olsa da, rusların belarusların başına açdığı oyunu heç vaxt unutmazlar. Belə bir deyim var: Qocadan bala dağı, ilandan quyruq dağı getməz. Necə ki, Rusiya imperiyasının, keçmiş SSRİ-nin tərkibinə daxil olmuş xalqlar rusların onların başına açdığı oyunları unutmayıb, eynilə belaruslar da unuda bilməz. Azərbaycanın isə Türkiyə ilə bu cür tarixi uyuşmazlığı yoxdur. Yəni bizim keçmişimizdə hansısa kələki bir məqam yoxdur. Çox qısa bir müddətdə Azərbaycanın bir hissəsi Osmanlının tərkibinə daxil olub. O vaxtı da osmanlılar İstanbula, Ankaraya necə münasibət bəsləyirdilərsə, burdakı ərazilərə də eyni münasibət bəsləyiblər. Yəni rusların digər xalqları rus şovinizminin təsiri altında saxlamaq kimi bir olaylar yaşanmayıb. Ümumiyyətlə, Belarusla Rusiya arasındakı ittifaq konfederativ əlaqələr deyil. Burda məqsəd Belarusu Rusiyanın təsirində saxlamaqdır. Türk Konfederasiyası isə Azərbaycanı Türkiyənin təsirinə salmaq məqsədi daşımır və bizim də belə bir niyyətimiz yoxdur. Biz Azərbaycanın Türkiyə ilə birlikdə yeni bir təsir dairəsi yaratmasını istəyirik. Bir dövlətin digərini təsirinə salması başqa, iki dövlətin birləşib yeni bir təsir dairəsi yaratması tamam başqa mətləblərdir. Bir sözlə, Türkiyə ilə müştərək şəkildə güc formalaşdırmağı təklif edirik. Çünki bu, hər iki ölkənin maraqlarına tam şəkildə cavab verir.
Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istərdim ki, bəzən bir ideya verdikdə dərhal bunun analoqunu axtarmağa çalışırlar. Bu, yanlış yanaşmadır. Vacib deyil ki, mütləq dünyada nəsə olanı təkrar edəsən. Tutaq ki, heç bunun anloqu yoxdur. Biz nə üçün bunu yaratmamalıyıq?! Buna nə mane ola bilər? Olmazmı ki, bu cür əlaqələrin yaradılmasında birinci biz olaq, ilkə imza ataq. Rəcəb Tayyib Ərdoğanın həm BMT-dəki, həm də digər çıxışlarında bir qırmızı xəttlə belə bir şey gedir ki, Türkiyə heç bir xalqla ağa-nökər formasında münasibət qurmur. Məsələn, Afrikadakı çıxışlarında da gördük ki, o, "Biz bura əvvəlkilər kimi sizə işğal etməyə, istismar etməyə gəlməmişik" deyib. Bu baxımdan, Türkiyə tamamilə yeni bir ittifaq prinsipi, yəni ittifaqa daxil olan qrupların maraqları əsasında ittıfaq müəyyən edib. Bu səbəbdən də bu cür humanist bir ideyanı Rusiya ilə Belarus əlaqələrinə bənzətmək doğru deyil. Əgər bunun bənzəri yoxdursa, o zaman biz yaradacağıq və prisident olacaq, başqa ittifaqlar da buna uyğun yaradılacaq.
(ardı var)
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org