TÜRK KONFEDERASİYASI İDEYASI RUSPƏRƏSTLƏRİN YUXUSUNU ƏRŞƏ ÇƏKİB - TƏHLİL

TÜRK KONFEDERASİYASI İDEYASI RUSPƏRƏSTLƏRİN YUXUSUNU ƏRŞƏ ÇƏKİB - TƏHLİL

 

Sərdar Cəlaloğlunu təhqir edənlər, əslində özlərinin xislətlərini sərgiləməklə yanaşı, ölkə daxilində söyüş kampaniyasının əsasını qoymuş oldular

Savadsız ADP sədridir, yoxsa konfederasiyanın nə anlama gəldiyini bilmədən onu tənqid və təhqir edənlər?

Son prezident seçkilərində namizədliyini irəli sürmüş ADP sədri Sərdar Cəlaloğlunun türk konfederasiyası ideyası deyəsən, bəzi qüvvələrin, daha dəqiq desək, Rusiyanın maraqlarına zidd ola biləcək hər hansı bir ifadəni işlətməkdən ehtiyat edən, türk dünyasının birliyinə qarşı çıxan və hər fürsətdə bununla bağlı sərt mövqe sərgiləyən şəxslərin yuxusunu ərşə çəkib. Məhz elə bu səbəbdən də ADP sədri prezident seçkiləri ərəfəsində səsləndirdiyi ideyaya görə, bu gün ayrı-ayrı şəxslər tərəfindən tənqid olunur, bəzi hallarda isə qarşı tərəf Sərdar Cəlaloğlunu təhqir etməkdən belə, çəkinmir. Bu isə əsla yolverilməzdir. Çünki hər bir şəxsin, ələlxüsus da siyasətlə məşğul olan, o cümlədən prezidentliyə namizədliyini irəli sürmüş partiya sədrinin bu və ya digər məsələ ilə bağlı düşüncələrini ifadə etməsi, müxtəlif mövzularla bağlı təklif verməsi normal haldır.

Bəli, ola bilər ki, kimlərsə irəli sürülən ideyanı bəyənməsin və hansısa səbəbdən onu doğru hesab etməsin. O zaman həmin şəxs mütləq mövqeyini tutarlı arqumentlərlə əsaslandırmalı, faktları varsa onları təqdim etməli və yalnız bu halda ideya müəllifini tənqid etməyə mənəvi haqqı olmalıdır. Əks halda onun tənqidləri boş, mənasız, heç bir əsası olmayan cəfəng söz yığınından başqa bir şey olmayacaq. Təhqirə gəlincə isə bu, ümumiyyətlə, doğru qəbul edilmir. Çünki normal siyasi mühitdə söyüşə yer yoxdur və olmamalıdır. Əgər hər hansı siyasətçi, deputat, partiya sədri və ya digər tanınmış şəxs kiminsə fikirləri ilə razı deyilsə, bunu açıq şəkildə bəyan etməkdə sərbəstdir. Ancaq bu zaman heç kimə qarşı tərəfi təhqir etməyə ixtiyar verilmir. Ümumiyyətlə, söyüş və təhqir ritorikası, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılması heç kimə başucalığı gətirmir. Əksinə, ilk əvvəl təhqirə yol verən şəxsin kimliyini, insani keyfiyyətlərini, bir sözlə səviyyəsini və aldığı tərbiyəni ortaya qoymuş olur. Yəni Sərdar Cəlaloğlunu irəli sürdüyü türk konfederasiyası ideyasına görə təhqir edənlər, əslində özlərinin xislətlərini sərgiləməklə yanaşı, ölkə daxilində söyüş kampaniyasının əsasını qoymuş olurlar. Belə ki, məsələyə Nyutonun mexanikanın əsas qanunlarından biri sayılan "təsir əks-təsirə bərabərdir" prinsipindən yanaşsaq, o zaman Sərdar bəyi söyənlər qarşı tərəfdən məhz eyni tərzdə cavab alacaqlar. Atalar boş yerə deməyib ki, döymə taxta qapımı, döyməyim dəmir qapını. Əgər bu gün birini söyürsənsə, deməli sabah eyni formalı, bəlkə bir qədər də ağır təhqirə məruz qalacağını bilir və bunu adi hal kimi qəbul edirsən. Əks halda, özünə hörmət qoyan və hörmət tələb edən heç kim tənqiddən təhqirə keçməz!

Bu arada, təhqirdən söz düşmüşkən, nəzərinizə çatdıraq ki, parlamentin İntizam Komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifi ilə bağlı mövqeyini bildirərkən, ADP sədrinin ünvanına heç də xoş olmayan ifadələr işlədib. Belə ki, o, Sərdar bəyi səviyyəsiz və savadsız adlandırmaqla yanaşı, ölkənin ən sayılıb-seçilən partiyalarından birinin sədrinə "axmaq" və "heyvan" deyib. Təbii ki, bu, Ağacan Abıyevin yaşına, onun təmsil olunduğu Yeni Azərbaycan Partiyasına, eyni zamanda millət vəkili statusuna yaraşan hərəkət deyil. Söz yox ki, bu hərəkətiylə o, hazırda xaricdə Azərbaycana qarşı söyüş kampaniyası aparan şəxslərdən elə də ciddi şəkildə fərqlənməyib. Yəni əgər bir qrup mühacir xaricdə Azərbaycandakı bəzi məmurları söyürlərsə, Ağacan Abıyev də Bakıda oturub Sərdar bəyi təklif etdiyi ideyasına görə təhqir edir. Mahiyyət etibarı ilə ortada elə də ciddi fərq yoxdur. Çünki hər iki halda bu gün söyüş söyən, sabah özü söyülməyə məhkumdur. Odur ki, istər daxildə, istərsə də xaricdəki söyüş kampaniyasına son verilməli, bu və digər səbəbdən üz-üzə duran tərəflər tənqidlə təhqiri qarışdırmamalıdır.

Konfederasiya məsələsinə gəlincə, Ağacan Abıyevin diqqətinə çatdırmaq istərdik ki, Sərdar Cəlaloğlu bugünlərdə "Hürriyyət" qəzetinə verdiyi geniş müsahibəsində irəli sürdüyü ideya ilə bağlı ətraflı məlumat verib və konfederasiyanın nə demək olduğunu açıqlayıb. Belə ki, təklif etdiyi türk konfederasiyasının türklərin Avrasiya İttifaqı tipli bir birlik olduğunu vurğulayan ADP sədrinin sözlərinə görə, ondan öncə də bu ideya müxtəlif şəxslər tərəfindən bir neçə dəfə səsləndirilib: "Əslində bu ideya mənə məxsus deyil. Azərbaycan tarixi sübut edir ki, Azərbaycanın parçalanması, işğal və ilhaq edilməsinin yeganə səbəbi qardaş Türkiyə ilə münasibətlərin düzgün qurulmaması ilə bağlı olub. Əsrin əvvəllərində Azərbaycanda hətta Türkiyəyə birləşməyi məqsəd seçmiş partiyalar fəaliyyətdə olub. Rəsulzadə Azərbaycanın müstəqilliyinin itirilməsi seçimi qarşısında qaldıqda, yəni Rusiyanın işğalı zamanı Azərbaycanın Türkiyə ilə birləşməsi ideyasını müdafiə edib. Eləcə də 1946-cı ildə Pişəvəri və başqaları Cənubi Azərbaycanın işğaldan azad edilməsinin yolunu Türkiyə ilə birləşməkdə görüb. Azərbaycan xalqının böyük liderləri - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əbülfəz Elçibəy nəinki türk konfederasiyası, hətta Turan ideyasını milli xilasımız üçün tək bir ideya kimi müdafiə ediblər. Əslində Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı Türkiyə ilə Azərbaycanın strateji maraqlarının eyni olduğunu dünyaya bəyan etməkdir. Bu gün "İki və daha çox millət, bir dövlət" mövcuddursa, onda "Bir millət, bir dövlət" ideyası nəyə görə bu insanları qıcıqlandırır? Əslində onlar "Çox millət, bir dövlət" ideyasının - xalqlar həbsxanası olan Rusiyanın tərəfdarlarıdır. Bu adamlar hətta, konfederasiyanın nə olduğundan belə, xəbərsizdirlər. Az qala konfederativ əlaqələri müstəqilliyin və suverenliyin əksinə olan bir əlaqə kimi təqdim edirlər. Görürük ki, müasir dövrdə millətlər, dövlətlər ümumi maraqlarına görə müəyyən birliklər yaradırlar. Misal kimi, Avropa Birliyini, Şanxay Əməkdaşlıq Təşkilatı və sairə birliklər mövcuddur. Azərbaycanın da müəyyən siyasi və iqtisadi birliklərə qoşulması qaçılmazdır. Burada əsas iki variant var. Məsələn, hakimiyyət daxilindəki Rusiyapərəst qüvvələr təklif edirlər ki, gəlin Avrasiya İttifaqına, Gömrük Birliyinə, Kollektiv Təhlükəsizliyə, bir sözlə rus boyunduruğuna qoşulaq. Hamı bilir ki, bizim Rusiya ilə hər hansı sıx birliyimiz Azərbaycanın müstəqilliyinin aradan qalxması, suverenliyinin məhdudlaşdırılması deməkdir. Mənsə təklif edirəm ki, əgər doğrudan da belə bir ittifaqa ehtiyacımız varsa, o zaman qanı qanımızdan, dini dinimizdən, dili dilimizdən, canı canımızdan olan millətlə bir yerdə olaq. Dəfələrlə qeyd etmişəm ki, təklif etdiyim Türk Konfederasiyası türklərin Avrasiya İttifaqıdır. Özü də bu ideya məndən öncə Macarıstanda və Türkiyədə səsləndirilib. Orta Asiya liderləri də bir neçə dəfə bununla bağlı fikir səsləndiriblər. Mən də Azərbaycan siyasətinin təmsilçisi kimi bunun müsbət ideya olduğunu deyirəm". Bu gün Avropa Birliyinin özünün bir konfederasiya olduğunu deyən Sərdar Cəlaloğlu qeyd edib ki, konfederasiya hər bir ölkənin özünün bütün dövlət atributlarının saxlama, lakin müəyyən məsələlərdə ortaq mövqedən çıxış etməkdir: "Məsələn, bu gün Türkiyə Azərbaycan üçün viza rejimini ləğv edib. Eləcə də sabah aramızda gömrüksüz gediş-gəliş tətbiq etsək, o zaman bundan hər iki ölkə xeyir əldə edəcək və daha ciddi iqtisadi əlaqələr qura biləcəyik. Konfederasiya o demək deyil ki, Azərbaycan dövləti, bayrağı olmasın, müstəqilliyimiz əldən getsin. Konfederasiya heç federasiya da deyil. Bu, müstəqil dövlətlərin qurduğu bir birlikdir. İndi isə vaxtilə Rusiyanın Azərbaycandakı maraqlarını müdafiə edən və bu gün də eyni ampluada olan adamlar bu cür ciddi bir ideyanı tənqid edir, mənə qarşı əsassız ittihamlar səsləndirirlər".

Xülasə, Sərdar Cəlaloğlunun müsahibəsindən də göründüyü kimi, konfederasiya heç də hər hansı dövlətin müstəqilliyin itirilməsi anlamına gəlmir. Əgər bununla bağlı internetdə qısa araşdırma aparsanız, o zaman görərsiniz ki, konfederasiya müstəqil qurumlar və təşkilatlar tərəfindən, suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən müqavilə ilə qurulan birliklərdir. Yəni bu gün öz müstəqilliyini saxlayaraq təhlükəsizlik, xarici siyasət, ekologiya və s. məsələlər üzrə fəaliyyətlərini uzlaşdırmaq məqsədi ilə birləşən dövlətlər var ki, bu dövlətlərin yaratdığı ittifaq konfederasiya adlanır. Bir sözlə, konfederasiyaya daxil konfederasiyon təşkilat və quruluşlar istər xarici, istərsə də daxili baxımdan tam mənasıyla öz hakimiyyətlərinə sahibdir. Odur ki, ADP sədri məhz bu format daxilində, yəni Avropa Birliyi modeli əsasında türk konfederasiyasının yaradılmasını təklif edib. Qarşı tərəf isə konfederasiyanın mahiyyətini anlamadan, onun nə demək olduğunu bilmədən əsassız yerə Sərdar bəyi ittiham edib, hətta onun ünvanına təhqir belə, səsləndirib. İndi özünüz qərar verin, savadsız Sərdar bəydir, yoxsa konfederasiyanın nə anlama gəldiyini bilmədən ADP sədrini tənqid və təhqir edənlər?..



Oxşar Xəbərlər

Xəbər lenti