“Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Azərbaycan xalqı ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir.Üzərində  aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən,  aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı ilnoyabrın 17-də keçirilən sessiyasında üçrəngli bayrağımız ikinci dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilməsi, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbulu ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olunmuşdur.
"Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin..."-deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.
Respublikamızın bütün bölgələrində, rayon mərkəzlərində yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və ehtiramın göstəricisidir.
Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur.Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Bir neçə ildir ki, müstəqil Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı və Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanırdısa, bu gün artıq Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçındavə düşmənlərdən azad edilmiş digər torpaqlarımızda da dalğalanır. Uca bayrağımız Qarabağın hər gün yeni bir ünvanında sancılır.
Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan, sentyabr ayının 27-dən başlayaraq  üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir.

Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.
Elçin Seyfullayev
Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti