8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu qısa ifadə özündə dərindən dərin bir mənanı əxz etməklə tarixlərin təcrübəsini bir cümləyə sığdırır. Xalqın iradəsini təcəssüm etdirən onun qurduğu dövlətdirsə dövlətin də varlığının zəmanəti onu qorumaq iqtidarında olan ordudur. 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər bir azərbaycanlının qürur və iftixarla qeyd etdiyi xüsusi bir gün olmaqla yanaşı həm də tarixin səhifələrinə nəzər salmaq üçün bir fürsətdir. Milli ordunun 1918-ci ilin 26 iyunundan başlayan yolu bu günümüzə qədər keçdiyi keşməkeşli xronologiya ilə bizə böyük güclərin və çirkin siyasətlərin məngənəsindən sıyrılaraq var olmağın çətinliklərini aşılayır. Dövlətçiliyimizin yaşı ilə həmyaş olan milli ordumuzun bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra ləğv olunması, rəhbərlərinin məhv edilməsi nə qədər acı bir səhifə olsa da, SSRİ dövründə mərkəzi hakimiyyətin hərbi siyasətində yurddaşlarımızın peşəkar hərbi döyüş sahəsindən uzaq tutulmasına məqsədli bir təhrik həyata keçirilsə də tarixin hər dövründə qəhrəmanlar yetirən vətənimizin bu istiqamətdəki genetik varisliyini yox etmək mümkün olmamışdır. Sovetlər Birliyinin ən “qatı” zamanlarında 1969-cu ildə rəhbərliyə gələn Ümummilli Lider Heydər Əliyev uzaqgörən və müdrik baxışı sayəsində hərbi sahənin inkişafına təkan verəcək addımların atılmasına nail oldu.
1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və vətəndə hərbi kadrların yetişdirilməsi istiqamətində işlərin başlanması ulu öndərin misilsiz xidmətlərindən biri kimi yaddaşlara həkk olundu. Bu xidmət Azərbaycanın yenidən müstəqillik qazanmasından sonra öz töhfələrini verərək yeni ordu quruculuğu yolunda böyük rol oynadı. Lakin müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi orduda da mövcud olan dağınıqlıq, səriştəsiz idarəetmə cəsur Azərbaycan əsgərinin öz bacarığını və qabiliyyətini istənilən səviyyədə nümayiş etdirməsinə mane oldu. Bu qeyri-nizamiliyin və naşılığın aradan qaldırılması isə 1994-cü ildə Ermənistanla atəşkəs razılaşmasının əldə olunmasından sonraya təsadüf edir. Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı olan ölkə başçısı Prezident İlham Əliyevin hərbi sahədə apardığı islahatlar, milli ordunun yenidən qurulmasını və qüdrətli iradənin nümayişçisinə çevrilməsini təmin etdi.
NATO ilə1990-cı ildən başlayan əməkdaşlıq ardıcıl proqramlarda iştirak nəticəsində Azərbaycan ordusunun modernləşməsinə və yüksək inkişafına səbəb oldu. Hərbi sahəyə diqqətin artırılması həm də orduda vacib cəhətlərdən birini təşkil edən psixoloji amilin müsbət mənada dəyişməsini şərtləndirdi. Ali Baş Komandana böyük inam, xalq-ordu birliyi məntiqi nəticəsini 2016-cı ilin aprelində, 2018-ci ilin mayında və ən nəhayət 2020-ci ilin noyabrında göstərdi. 30 illik işğala son qoymağı bacaran Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün öz peşə bayramını alnıaçıq, üzüağ qeyd edir. 44 günlük müharibə zamanı ordumuzun göstərdiyi rəşadət bir tərəfdən psixoloji hazırlığın, ruh yüksəkliyinin nəticəsi idisə digər tərəfdən də keçən vaxt ərzində qazanılmış hərbi biliklərin müharibə meydanında təzahürü idi.
Dünyanın aparıcı hərbi məktəblərində Qarabağda həyata keçirilən hərbi əməliyyatlarda Azərbaycan əsgərinin çətin şəraitdə döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməsi dərs kimi tədris olunur. Bu gərgin əməyin və fədakarlığın ən gözəl nümunəsidir. Həmin çətin və məsuliyyətli müharibənin qalib tərəfinin məhz Azərbaycan əsgəri olması qürurverici olduğu qədər də istiqamətləndiricidir. Bugünkü Azərbaycan gənci gördüklərindən çıxardığı nəticə ilə daha çox özünə güvənən, təhsilə və inkişafa yönələn, başlanan və uğurla aparılan işlərin davamçısı kimi yetişməyə meyllənən müstəqil dövlətin vətəndaşı olmağı ilə fəxr edir.
Qədim tarixə malik böyük bir xalqın tarixinə yeni bir “Zəfər Günü” bəxş edən ordumuzun növbəti dövr ərzində də vətənimizin sərhədlərini ləyaqətlə qoruyacağına şübhə yoxdur. Dövlətimizin müdafiə sənayesinə və ordu inkişafına göstərdiyi diqqət bu gün də ən yüksək səviyyədə davam etdirilir. Azərbaycanın milli maraqlarına xidmət edən beynəlxalq hərbi əməkdaşlıq proqramları həyata keçirilir. Dost, qardaş Türkiyə ilə birgə təşkil olunan təlim toplanışları yüksək zabit hazırlığı sahəsində müsbət nəticələr verir. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını qəbul edən, etibarlı müttəfiq kimi tanığımız və ordusunun yüksək peşəkarlığı ilə seçilən İsrail, Pakistan kimi dövlətlərlə bu sahədə davam etdirilən işlər də Azərbaycan ordusunun qüdrətinin daha da sarsılmaz olacağına şübhə yeri qoymur.
Vətən sərhəddən başlayır! Sərhədlərimiz isə sənə əmanətdir, Azərbaycan ordusu! Bu çətin və şərəfli işində sənə ayıq-sayıqlıq, əzm və ruh yüksəkliyi arzulayırıq! Bayramın mübarək!
Səadət Məmmədova
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info